29 Mart 2021 19:57
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının yuxarı palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Robert Menendez təkcə erməni lobbisinin fəallarından biri deyil, həmçinin həyatını ermənilərə bağlamış adamdır. Onun ətrafı, həyat yoldaşı ermənilərlə bağlıdır. Burada sadəcə hansısa yeni bir nəzəriyyəni gündəmə gətirib Menendezin indi daha aktiv olduğunu demək bir o qədər də düzgün olmaz. Çünki bu adam həmişə ermənipərəst olub və ermənilərin tərəfini saxlayıb.

Bu fikirləri Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

“Azərbaycanın yaratmış olduğu yeni reallıqla bağlı o əl-ayağa düşüb. Ölkəmiz bu gün siyasi xəritəni dəyişib. Yeni təşəbbüslər, gündəm yaranıb. Məhz bu reallığı təhlil edəndən sonra mövcud siyasətin yəni menendezlərin ciddi təhlükəsi gündəmə gəlir. Bunlar sadəcə Azərbaycana qarşı deyil. Ölkəmizin mövqeyini özlərinin siyasətinə qarşı təhlükə kimi qiymətləndirirlər. Hər zaman vurğulamışıq ki, Amerikada iki siyasi xətt mövcuddur. Bunlardan biri ABŞ-ın bu yaxınlarda Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayan prezidenti və onun ətrafıdır. Bu yanaşma ABŞ-ın milli maraqlarına uyğun, onların prinsiplərinə tam cavab verən bir istiqamətdədir. Bu addımı atan da demokratların təmsilçisi olan ABŞ prezidentidir. Bu həmin Demokrat partiyasıdır ki, Azərbaycana, ölkəmizin haqq işinə erməni lobbisini içərisində onu ehtiva edərək çıxış edib”, - deyə S Seyidov vurğulayıb.

O, digər ABŞ təmsilçiləri içərisində Amerikanın milli maraqlarına zidd fəaliyyət göstərənlərin olduğunu da açıqlayıb: “Bu gün ABŞ-ın böyük krizis içərisində olması digərləri üçün də hansısa bir səviyyədə aydındır. Siyasi, iqtisadi, beynəlxalq münasibətlər çərçivəsində ABŞ-ın düşdüyü durum ortadadır. Ona görə də, menendezlər ikinci kateqoriyadan olan Amerikanın təmsilçisidir. Azərbaycanın mövcudluğu, ölkəmizin apardığı işlər, yaranmış yeni reallıq isə onlar üçün böyük təhlükə hesab olunur”.

Səməd Seyidovun fikrincə, ABŞ-ın bu gün əsas hədəfi odur ki, öz milli maraqları üçün Avropanı qoruyub saxlasın: “Çünki Avropa bu gün gözümüzün qarşısında parçalanır. Başqa bir super gücə malik dövlətin Rusiya Federasiyasının təsiri ciddi şəkildə hiss olunur. ABŞ da sözsüz ki, bununla razılaşa bilmir. Xüsusilə, Almaniya bu sırada özünü aktiv göstərir. Ona görə də, çəkilən neft-qaz xətləri, Şimal dəhlizi 2 və Rusiyanın Avropada fəaliyyəti ilə bağlı ciddi təhdidlər gündəmdədir. ABŞ ciddi şəkildə bunun qarşısını almağa çalışır. Bununla yanaşı ABŞ-ın Azərbaycanın bu regionda apardığı siyasətə toxunmaq fikri də yoxdur. Təbrik məktubunda əməkdaşlıq, Cənub Qaz Dəhlizinin genişlənməsi, Türkmənistanın Azərbaycanla birgə əmədaşlığı konkret göstərilib”.

Millət vəkili bu yanaşmalardakı ziddiyətlərin açıq şəkildə hiss olunduğuna toxunub: “ABŞ-da Menendez başda olmaqla, aşağı palatada olan ermənipərəstlər tək Azərbaycana qarşı deyil, real Amerikanın yaratdığı dəyərlərə qarşı çıxır. Onlar bununla öz ölkələrinə qarşı fəaliyyətə başlayıblar. Ona görə də Azərbaycanın yaratdığı reallıq Amerikada olan qüvvələri öz ölkəsinə qarşı işə salıb. Təəssüflər olsun ki, birbaşa ABŞ əleyhinə fəaliyyət göstərən insan senatın xarici əlaqələr komitəsinin sədridir. Bu da çox düşündürücü bir haldır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər