Sovet dövründə də belə hallar olurdu, qırıcılar, bombardmançılar uçurdu. Bu, həm də təlim məqsədi güdür. Müəyyən istiqamətlərdə uçaraq rəqiblərinin hava hücumundan müdafiə imkanlarını öyrənir, zəif tərəfləri müəyyən edirlər. Elə Qərb dövlətləri də öz təyyarələrini Rusiya sərhədlərinə yaxın yerlərə göndərir, rus qırıcıları da havaya qalxaraq onları izləyir, şərti olaraq tutur, vurur. Yəni bu şeylər belə hadisələr zamanı şərti olsa da yoxlanılır.
Bu fikirləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə Rusiyaya məxsus bombardmançı hərbi təyyarələrin Sakit okean, Qara dəniz, Baltik və Şimal dənizlərində NATO-un hava sahəsinə yaxın ərazilərdə uçması və havada gərginlik yaratmasının səbəblərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, bütün bunlar göstərir ki, əslində havada şahin oyunları zamanı təyyarələr bir-birini tuta, vura və yerə sala bilərlər: “Lakin bunu etmirlər. Əlbəttə, elektron şəkildə bunu edir, yəni sınaqdan keçirirlər. Sözsüz ki, bu addımlar həm də qarşı tərəfi gərginlikdə saxlamağa, onun gücünü yoxlamaq məqsədi daşıyır”.
Zərdüşt Əlizadə hesab edir ki, sovet ittifaqı ilə müqayisədə müasir Rusiyanın aviasiya qüvvələri dəfələrlə azalıb. Onun fikrincə, rus aviasiyasının imkanı və parkı əvvəlki kimi deyil, xeyli zəifləyib: “Qərb bu istiqamətdə Rusiyadan qat-qat üstündür. Amma bir amil var. Söhbət nüvə-raket silahından gedir. Bu, tərəflərin hərbi qüdrətini bərabərləşdirir.
Üstəlik Qərbi Rusiyaya qarşı hər hansı bir qəti əməldən çəkindirir. Çalışırlar ki, Rusiyaya toxunmasınlar. Səbəb nüvə silahıdır. Bilirlər ki, Rusiya ABŞ başda olmaqla bəşəriyyəti məhv etmək qüdrətinə malikdir. Nəticədə Qərb də başqa xətt seçir. Çalışır ki, Rusiya ətrafında olan dövlətlər ruslarla düşmən olsun, bir-birini qırsınlar. Həmin dövlətlərdə də siyasi qüvvələr var ki, hakimiyyətə gəlmək üçün Rusiyaya düşmənçilik etməyi əsas vasitə sayırlar. Məsələn, zamanında bizdə Xalq Cəbhəsi. Vaxtı ilə Moldovadakı anti-rus hakimiyyətdə vəzifəsini itirdi. Eləcə də Gürcüstanda anti-rus Kamusaxurdiya və Sakaaşvili yola salındı. Bu coğrafiyanı dəyişmək mümkün deyil. Fikrimcə, Rusiya ilə dost münasibətlər saxlamaq lazımdır. Demirəm ki, gedib onun əlinin altına girmək lazımdır. Qərb də çalışır ki, Rusiya ətrafında olanı bu ölkə ilə düşmən etsinlər”.