Rusiya Prezidenti Vladimir Putinin əvvəl Köçəryanı, sonra da Paşinyanı Moskvaya dəvət etməsində məqsədi 20 iyunda keçiriləcək seçkilərdə kimə dəstək verəcəyini müəyyənləşdirmək idi. Yəni, test aparıldığını düşünürəm. Köçəryanı ORT kanalında Vladimir Poznerin verilişində sual-cavab etdirərək, baş nazir seçilərsə, hansı yolu tutacağının öyrənilməsi xarakterikdir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın fikrincə, müsahibədən məlum olur ki, Köçəryanın məqsədi düşmənçilik meyllərdən əl çəkməməkdir:
“Yüksək səviyyədə imzalanmış üçtərəfli bəyanatın icrasına mane olmaq və Türkiyə ilə sərhədlərin açılmasına yol verməməkdir. Buradan bir nəticəyə gəlmək olur ki, Köçəryan testdən keçə bilmədi. Çünki onun bu planları Rusiyanın regiondakı siyasətinə ziddir. Ona görə də prezident Putin Paşinyanı qəbul edərək, onun xahişlərini dinlədi. Gəlinən nəticə odur ki, qarşıdan gələn parlament seçkilərində Rusiya Paşinyanın yenidən seçilməsinə dəstək verəcək”.
Azər Badamov bildirib ki, dövlət başçıları tərəfindən imzalanmış üçtərfli bəyanat Paşinyanın hakimiyyətdə olmasıyla icra olunacaq:
“Rusiya bu bəyanatın bütün maddələrinin həyata keçirilməsinə zəmanətdir. Ona görə də seçki qabağı kompaniyanın effektiv aparılması üçün görüşdə Paşinyanın xahiş etdiyi bəzi məsələlərin həllinə də Rusiya dəstək verəcək. Görüşdə Ermənistandakı əsas kapitalın 40%-dən çoxunun Rusiyanın olduğu bir daha xatırlanıb. Bu da gələcəkdə Paşinyanın regionda əməkdaşlıq mühitinin yaradılmasına töhfə verməli olduğunu göstərir. Ermənistan Rusiyadan tam asıllı ölkədir. Bu ölkənin müstəqil siyasəti yoxdur. Ona görə də Putin seçki qabağı Paşinyanı dəvət etməklə yenidən seçiləcəyi təqdirdə siyasi kursunun istiqamətlərinin Rusiyanın istəyi ilə olacağının təsdiqini alıb”.