22 Aprel 2021 23:09
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı "soyqırımı" ifadəsi işlədəcəyi ehtimalı yenidən gündəmə gəlib. Analitiqlər isə bunun ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə vura biləcəyi ehtimalından bəhs edir. Ermənilərin “soyqırımı” iddiasının tarixi əsaslarının olmamasını dünyanın tanınmış araşdırmaçıları təsdiqləyirlər. Ona görə də ermənilərin saxta iddialarla beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdləri əbəsdir. Bu yanaşma müxtəlif maraqlara xidmət edən qüvvələrin ermənilərin yalançı iddialarına əsaslanaraq Türkiyə və Azərbaycana qarşı kampaniya aparmaq cəhdidir.

Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, ermənilərin ortaya atdığı, iddia etdiyi saxta bir yanaşmadır:

“1915-cildə heç bir erməni “soyqırımı” baş verməyib. Tarixi faktlar birmənalı şəkildə sübut edir ki, bu amil I Dünya müharibəsinin ən çətin anlarında Osmanlı imperiyasına qarşı xristian dövlətlərinin koalisiyasının geniş mahiyyətli hücumlarının içərisində yer alan bir məsələdir. Sadəcə erməni separatçılarının Osmanlı dövlətinin xüsusi bir mühafizəsi ilə yerdəyişməsi həyata keçirilib. Əslində, ermənilərin bir növ xilası üçün belə bir addım atılıb. Bu, hansısa bir soyqırımı deyil. Osmanlı dövləti olduqca doğru və düzgün bir yanaşma edib. Lakin bu proseslərdə köçürmə halında ölən və xəsarət alanların olması da mümkündür. Sonradan isə bu məsələlər, xüsusən də 60-ci illərdə qardaş Türkiyəyə qarşı sovet ittifaqı kommunist partiyası tərəfindən gündəmə gətirilib. Məhz ermənilərin vasitəsi ilə bu məsələni “soyqırımı” kimi bütün dünyada yaymağa başladılar. Bu günə qədər də qardaş Türkiyə və Azərbaycana, bütövlükdə türk dünyasına qarşı ermənilər vasitəsi ilə bu saxta tarixdən təzyiq və təhdid kimi istifadə olunur”.

Partiya sədrinə görə, ən müxtəlif vaxtlarda, tarixi proseslərdə və ölkələrdə bu və buna bənzər hadisələr baş verib:

“Amma onların heç biri tarixdə soyqırımı kimi təsbit edilməyib. Vaxtilə “soyqırımı” məsələsi aktuallaşanda və bu məsələdə Türkiyəyə qarşı təzyiqlər artan zaman tarixi faktların ortaya qoyulması ilə bağlı təklif edildi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, birgə komissiya yaradılsın. Eyni zamanda Türkiyə dövləti bütün arxivlərini yaradılacaq komissiya üçün açıq elan etdi. Bununla bağlı tarixçilər, tədqiqatçılar öz araşdırmalarını ortaya qoyub. Belə bir faktın olmadığı təsdiqlənib. Onların içərisində alman, ingilis və digər xalqların dünyaca məşhur araşdırmaçıları var. Ermənistanda bu saxta soyqırımına bir abidə qoyaraq, onu rəsmi pratokol qaydasına da salıblar. Ermənilər 24 apreli özləri üçün bir faciə günü kimi qeyd edirlər. Bu yalan soyqırımı və “böyük ermənistan” dünya erməniliyinin ideologiyasıdır. Mifik, həqiqəti özündə əks etdirməyən və türk millətinə qarşı olan bir plandır”.

Millət vəkili qeyd edib ki, uzun illərdir ermənilər ABŞ-dan saxta soyqırımı ilə bağlı konkret mövqe gözləyir:

“Lakin mənsub olduğu dövlətin maraqları naminə ABŞ-ın bu günə qədər olan bütün prezidentləri ermənilərin gözlədikləri o ifadəni işlətməyib. Ola bilsin hansısa bir seçki ərəfəsində belə vədlər verilə bilər. Ancaq rəsmi olaraq ABŞ prezidenti kimi bu ifadəni işlətmək Türkiyə ilə bütün körpülərin yandırılması deməkdir. Ağlı başında olan ABŞ dövlət başçısı buna getməyib. Güman olunmur ki, hazırkı ABŞ prezidenti Co Bayden də buna getsin. Baxmayaraq ki, C.Bayden hər zaman erməni lobbisinin təsiri altında olub. O hətta Azərbayacana qarşı 907-ci düzəlişin müəlliflərindən olub. Amma artıq ABŞ prezidentidir. Onun üzərində çox böyük məsuliyyət yükü var. İndiki bir şəraitdə Türkiyəni və onunla qardaş olan Azərbaycanı incik salmaq üçün belə bir addım atılmayacaq. Ermənilərin C.Baydendən belə gözləntiləri olsa da, o, belə bir ifadəni işlətməyəcək və işlətməli də deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər