“Ermənistanda revanşistlər hakmiyyətə gələcəyi təqdirdə, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hərbi əməliyyatlar keçirmək məcburiyyətində qala bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu dəhlizin açılması regionda yeni siyasi-iqtisadi nizam formalaşdıracaq:
“Qənaətimə görə, bu baxımdan Paşinyanın seçkilərdə qalib gəlməsi Azərbaycanın maraqlarına uyğun olmalıdır. Paşinyan qalib gəlsə, Mehri dəhlizinin açılması istiqamətində addımlar atacaq. Amma Azərbaycan bütün hallarda bu dəhlizin açılması üçün bütün təzyiq rıçaqları işə salmalıdır.
Prezident İlham Əliyevin Zəngəzurla bağlı verdiyi bəyanat Ermənistanda ciddi gərginlik yaradıb. Bu bəyanatın ertəsi günü Ermənistan tərəfindən Zəngilan və Qubadlı istiqamətində atəş açıldı. Bu təxribatın tərəflərindən birinin də Rusiya olduğunu güman edirəm. Rusiya Azərbaycana təzyiq etməklə bölgədə öz maraqlarını həyata keçirməyə cəhdlər edir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan Zəngəzurla bağlı strategiyasını həyata keçirə və Naxçıvanla birbaşa əlaqəni təmin edə biləcək:
“Türkiyə də bu prosesin içindədir və dəhlizin tez bir zamanda işə salınmasında maraqlıdır. Türkiyə həm Ermənistan, həm də Rusiya üçün çəkindirici amildir. Qənaətimə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra növbəti hədəf Xankəndindəki separatçı rejimin ləğv edilməsi və silahlı birləşmələrin Qarabağdan çıxarılması yönündə addımlar atılacaq. Zəngəzur dəhlizin açılması ilə Azərbaycan növbəti hərbi-siyasi qələbəsini rəsmiləşdirəcək”.