“Ayna-Zerkolo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müshibəni təqdim edirik:
- Elçin müəllim, Gürcüstan Rusiyadan Ermənistana gedən içi silah dolu iki yük maşınının sərhəddən keçməsinə icazə verməyib. Hazırda Ermənistanda bu məsələ müzakirə edilir və buna görə, Gürcüstan tərəfi tənqidlərə də məruz qoyulur. Sizcə, hazırda regionda nə baş verir?
- Əslində, qeyri-adi bir şey baş vermir. Gürcüstanın Rusiya ilə münasibətləri ortadadır. Rəsmən elan olunan budur ki, güllə keçirməz içliklərlə dolu olan iki avtomobil geri qaytarılıb. Belə düşünürlər ki, Rusiyanın Ermənistanda öz bazasını gücləndirməsi Gürcüstana da təhdid ola bilər. Yəni gürcülərin bizi düşünüb belə addım atması məsələsi yoxdur, həm də öz maraqlarını qoruyurlar. Bu da yaxşı haldır. Əlbəttə, indi regionda müəyyən proseslər gedir. Rusiya tərəfi burada mövcud olan münasibətlər və əməkdaşlıq formatlarına diqqət edərək vəziyyətin kəskinləşməsində maraqlı olmamalıdır. Çünki bu, Rusiyanın da maraqlarına uyğun olmazdı. Hesab edirəm ki, qarşıda ciddi görüş və müzakirələr olacaq və bundan sonra istiqamət müəyyən qədər bəlli olacaq.
- Hansı görüşləri nəzərdə tutursunuz?
- Son günlərdə nüfuzlu ölkə başçıları və diplomatlar arasında müzakirələr diqqət çəkir. İlk olaraq Ərdoğan və Bayden arasında aprelin 23-də telefon danışığı olub, tərəflər NATO sammitində bir araya gəlmək haqda razılıq əldə edib. Eyni zamanda Zelenski-Putin görüşməsi ehtimalları yaranıb. Rusiya tərəfi bir qədər fərqli mövqe nümayiş etdirsə də, belə bir görüşün baş tutması mümkün görünür. Həmçinin Bayden-Putin görüşü məsələsi var. Güman edirəm ki, bu da baş tutAcaq.
Son olaraq diqqət cəkən görüş ABŞ dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığıdır. Blinken zəng edərək enerji təhlükəsizliyi və Azərbaycan-Amerika münasibətlərinin genişlənməsində maraqlı olduqlarını açıqlayıb. Əslində, bir neçə gün əvvəl bizim Prezident qeyd etmişdi ki, ABŞ-ın yeni administrasiyası səviyyəsində ona heç bir zəng gəlməyib. Bu açıqlamadan dərhal sonra Blinken Bakıya zəng edib mövqeyini bildirib. Bununla paralel olaraq indi ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirmək niyyətindədir. Yəni həm fəal diplomatiyanın şahidi oluruq, həm də gərginliklərin.
Mən Zəngəzur dəhlizinin açılması məsələsinə də beynəlxalq konteksdən yanaşmağın tərəfdarıyam. Bu dəhlizin açılmasında həm Rusiyanın, həm Azərbaycanın, həm Türkiyənin, həm də Çinin maraqları var. Çin hətta bura maliyyə yatırımı etməyə də hazırdır. Çünki bu dəmiryolu açılsa, Çindən gələn malların daşınması daha tez müddətdə olacaq.
- Azərbaycanın dövlət başçısı dəfələrlə elan edir ki, bu dəhlizin açılmasına heç kim mane ola bilməz, açılacaq. Sizcə, mane nədən ibarətdir?
- Prezident Azərbaycanın mövqeyini və qətiyyətini ortaya qoyur. Ermənistan tərəfindən problem var. Bəli, ermənilər buna mane olmağa çalışırlar. Qeyd edim ki, əslində ermənilər SSRİ zamanında bu dəhlizin açılmasına mane olmağa cəhd ediblər. İndi mane olmaqlarına əsas səbəblərdən biri bu ölkədə iyunda keçiriləcək parlament seçkiləridir. Həmin seçkiləri Nikol Paşinyan udmaq istəyir. Hətta buna görə, növbədənkənar seçkilərə getdi, vəzifəsindən istefa verdi. Amma seçkini udmaq üçün erməni əhalisinin könlünü almalıdır. Əgər indi dəhlizin açılmasına açıq-aşkar icazə versə, hesab edin ki, seçkini udmayacaq. Ən azından udmamaq riski yaranacaq. Bu səbəbdən də indi dəhlizin açılmasına meneçilik yaradır.
İkincisi, Rusiyanın bu dəhlizin açılmasında marağı ola bilər. Məncə, strateji baxımdan yanaşsaq, uzaq perspektivdə bu, Rusiyanın maraqlarına uyğun gəlməyə də bilər. Çünki yol açıldıqda Azərbaycanın Türkiyə ilə birbaşa əlaqələri olacaq. Bundan sonra Orta Asiyadakı türk respublikalarına gediş-gəliş daha da asanlaşacaq. Burada qəribə bir məqam var, biz buna diqqət etmirik. Bu yaxınlarda Rizvan Hüseynovun yazısında qeyd edilirdi ki, ermənilər 1917-1920-ci illərdə Özbəkistanda da böyük qırğınlar törədiblər. Bolşevik adı altında daşnaklar Türküstanda xeyli dağıntılar, qətillər həyata keçiriblər. Özbəkistanın Ermənistanla ciddi əlaqələri də yoxdur. Zənnimcə, bu kimi amillərin hamısı nəzərə alınmalıdır. Burada proseslər əslində Türk dünyasının özünü gücləndirməsi, əvvəlki rolunu özünə qaytarması istiqamətində gedir. Bu mənada prosesin özü maraqlıdır. Hesab edirəm ki, bunu da dayandırmaq mümkün olmayacaq.
- ABŞ prezidentinin erməni "soyqırımı" ifadəsini işlətməsi siyasi oyundur, yoxsa Türkiyəni zəiflətmək məqsədilə yeni planın tərkib hissəsidir?
- “Soyqırımı” ifadəsini zamanında ABŞ prezidenti Reyqan da işlətmişdi. Əlbəttə, bu hal qıcıq yaradıb bizi əsəbləşdirsə də, ancaq ortalıqda elə bir şey yoxdur. Yəni hüquqi qüvvəsi mövcud deyil. ABŞ bunu tanıdı, neyləyəcək? Türkiyəyə müharibə elan edəsi deyil. Unutmayaq ki, Bayden bu ifadəni işlətməzdən əvvəl Ərdoğana zəng etdi, müzakirələr apardı. Nədən danışdıqlarını da bilmirik.
- Ehtimalınız nədir?
- Ehtimal odur ki, Bayden deyib ki, sabah belə bir ifadə işlədəcəyəm, amma siz buna fikir verməyin. Bizim sizinlə işlərimiz qabaqdadır. Türkiyənin sərt reaksiya verməməsi, bəlkə də, bununla bağlı ola bilər. Mənasız bir şeydir və arxasında hüquqi əsaslar dayanmır.
- Ukrayna-Rusiya gərginliyi səngidi, müharibə baş vermədi. Bəs problem həll edildimi?
- Yox, problem qaldı. Əslində, Rusiya geriyə çəkildi. Unutmayaq ki, Çexiya ilə diplomatik münaqişə var. Slovakiya, Polşa, Macarıstan buna dəstək verdi. Bircə Avropanın böyük dövlətlərinin səsi çıxmır. Almaniya Kansleri Angela Merkel və hökuməti indi “topal ördək” vəziyyətindədir. Artıq hakimiyyətdən gedir. Böyük ehtimalla onlardan sonra Yaşıllar Partiyasının liderliyində Xristian Demokrat Partiyası ilə koalisiya hökuməti qurulacaq. Yaşıllar da Rusiyanı sevmir, bəyənmir və sərt mövqedə dururlar.
Fransa prezidenti Makronun da səsi çıxmadı. Mən ona qiymət vermək istəməzdim, amma bu məsələdə özünü qəribə aparır.
Əsas odur ki, Moskvada gördülər ki, onların güc nümayiş etdirməsi əks reaksiya doğurdu. Buna görə də hələlik səsini çıxarmır. Elan etdilər ki, qoşunlarını geri çəkirlər. Amma yüz əsgər gətirmişdisə, onun yetmişi yerində qaldı. Başqa sözlə, təhdid və təhlükələr yenə də var.
İndi daha çox taktiki çəkişmələr gedir. Zamanla niyyətlər də ortaya çıxacaq.