Pandemiyaları yaradan viruslar çox tez-tez mutasiyaya uğrayır. Mutasiyaya uğramış viruslar müxtəlif klinik təzahürlərlə törətdiyi xəstəliyi ağırlaşdıra və ya tamamilə yox olmaya gətirib çıxara bilər. Çox təəssüflər olsun ki, COVİD-19 virusu artıq bir il ərzində bir neçə dəfə mutasiyaya uğrayıb. Virusun xüsusəndə Britaniya, Afrika ştammı geniş yayılıb. İndi isə Hindistan ştammı mutasiya şəklində üzə çıxıb.
Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, istər Avropa, istərsə də Asiyada mutasiyaya uğramış virusun çox güclü yayılma tempı var: “Mutasiyaya uğramış elə viruslar var ki, çox yayılmaqla az öldürücü qabiliyyətinə malik olur. Elə viruslar da var ki, öldürücülüyü çox olsa da az yayılır. Çox təəssüf ki, bunu hələ də tədqiq etmək mümkün deyil”.
Komitə üzvü hesab edir ki, virusa qarşı mübarizənin yeganə yolu vaksinasiyadır: “Yanvarın 18-dən ölkəmizdə başlamış vaksinasiya prosesi davam edir. Baxmayaraq ki, vaksinasiya ilə bağlı mənfi informasiyalar tirajlayanlar da tapılır. Amma heç bir mənfi informasiyaya baxmayaraq, vaksinasiya öz müsbət effektini verir. Məhz vaksinasiyaya görə ölkəmizdə ölüm və yoluxma sayı faizlə götürdükdə müsbətə doğru dəyişir. Ölkədəki klinik-epidemiloji vəziyyətin nəzarətdə saxlanılması da bu tendensiyaya köməklik göstərir”.
İlham Məmmədovun fikrincə, insanlar bu prosesə və həyati təhlükə yaradan hala qarşı laqeyd yanaşmamalıdır: “Mutasiyaya uğramış ştammın yay mövsümündə yayılma sürətinin necə olacağını müəyyənləşdirmək çətindir. Bir həftədən, bir aydan sonra virusun yayılma sürətinin necə olacağı, hansı klinik əlamətlərlə üzə çıxacağı hələ məlum deyil. Ona görə də, vaksinləşmə prosesi daha da sürətlənməlidir. İnsanlar könüllü şəkildə buna qoşulmalıdır. Hətta bəzi ölkələrdə artıq mobil qruplar şəklində vaksinasiya həyata keçirilir. Çünki təhlükə var.
Azərbaycanda da bununla məşğul olan qrum mövcuddur. Operativ Qərargahın verdiyi qərarlara anlayışla yanaşmaq lazımdır. Havanın istiləşməsi, insanların daha çox açıq havada zaman keçirmələri sözsüz ki, yoluxma faizini artıra bilər.
İnsanların daha çox sıx olduğu yerlərdən müəyyən müddətdə uzaq qalmaq tövsiyə edilir. Mövsümün dəyişdiyi bir vaxtda insan orqanizmi həssaslaşır. Qış fəslindən çıxmış orqanizmdə immunitet zəif olur. Bütün bunları nəzərə alaraq diqqətli olmaq lazımdır. Ola biləcək bütün halları kompleks şəkildə nəzərə alaraq insanlarımız daha məhsuliyyətli olmalıdır.
Elə yanaşmalıyıq ki, sanki virus əvvəlkindən də şiddətli şəkildə yayılıb. Artıq bəzi ölkələrdə, o cümlədən qardaş Türkiyədə qapanmalar tətbiq edilir. Bütün bunlara görə, insanlarımıza bir daha çağırış edirik ki, diqqətli olsunlar və vaksinləşmə prosesinə qoşulsunlar. Çünki öz həyatımızı, cəmiyyəti qorumağın yeganə yolu məhz bu qaydalardan keçir”.