Cənab Prezident çıxışlarında vurğulayır ki, münaqişənin hərbi fazası bitib. İndi həllini gözləyən siyasi tənzimləmə məsələləri var. Bunların həlli istiqamətində Azərbyacan ardıcıl addımlar atır. İlk növbədə nəqliyyat, kommunikasiya əlaqələrinin bərpası nəzərdə tutulur. Bu məsələnin həllində Azərbaycan israrlıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, cənab Prezident Azərbaycanın mövqeyini Naxçıvanda və Rusiya XİN rəhbəri ilə görüşdə bir daha vurğulayıb:
“Dövlət daşçısı Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoyub. Bu dəhlizin açılışının reallaşması regionda əməkdaşlıq mühiti formalaşdıracaq. Çünki bu prosesin reallaşması fonunda uduzan tərəf olmayacaq”.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi ilə Naxçıvana və Türkiyəyə Azərbaycanın birbaşa çıxışı yaranır:
“Bu dəhlizin açılmasını uzaq Çində belə gözləyirlər. Düşdüyü iqtisadi böhrandan xilas üçün Ermənistana da Zəngəzur dəhlizinin açılması faydalıdır. Bu ölkə dəhlizin açılması ilə blokada vəziyyətindən çıxmaq şansı qazanır. Ermənistanın Rusiya və İranla dəmir və avtomobil yolu əlaqəsi yaranır. Ona görə də bu dəhlizin açılması Ermənistan üçün hava və su kimi əhəmiyyətlidir. Amma sözsüz ki, bu prosesə də mane olmaq istəyən tərəflər var. Ortaya atılan məsələ isə “erməni hərbi əsirlər”dir. Dövlət başçısı da bununla bağlı konkret mövqeyini bildirdi ki, Ermənistanda iqtidarla müxalifəti birləşdirən yeganə bu məsələdir. Amma bir daha vurğulandı ki, Azərbaycanda hərbi əsir yoxdur. Diversiya hərəkətləri törədən şəxslər saxlanılıb. Onlar isə hərbi əsir sayıla bilməz”.
Elman Nəsirov bu konteskdə bir sıra ölkələrin davranışlarına da diqqət çəkib:
“Kanada və Fransa kimi dövlətlərin addımları regionda sülhə və təhlükəsizliyə təhdid yaradır. Fransa senatının rəhbərinin İrəvanda absurd bəyanatlara çıxış etməsi heç bir məntiqə əsaslanmır. Azərbaycanın atacağı addımlar isə regionda sülhə və əməkdaşlığa xidmət edir. Təzyiq ritorikasından danışanlar isə lazımi cavablarını alacaqlar. Güc amilindən söhbət düşəcəyi halda isə Dəmir yumruq öz yerindədir”.