21 May 2021 19:51
2 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda 44 günlük müharibə başa çatdıqdan sonra İran bölgədə uduzmuş dövlət oldu. İran müharibə başlayan gündən yalnız diplomatik bəyanatlar verib Azərbaycanı diplomatik bəyanatlarla dəstəklədiyini bildirərək öz işini bitmiş saydı. Lakin həmin dövrdə Rusiyanın İran üzərindən silah və hərbi texnika tədarükü davam etdi. Bu barədə videokadrlar, sübutlar var. Amma İran “Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxsın” kimi bəyanatlar vermədi”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Bir qrup iranlı hərbçinin İrəvana gəldiyi və Ermənistana hərbi yardım təklifi verdiyi iddia olunur. İranın bu addımını necə şərh etmək olar, nədən xoflanır?

- İran və Ermənistan arasındakı hərbi əməkdaşlıq yeni deyil. 1999-cu ilin ortalarından bəri Tehran və İrəvan arasında qapalı hərbi əlaqələr var. Bu əlaqələr də birbaşa silah satışı və ya tədarükü ilə bağlı olmayıb. Sadəcə olaraq, Ermənistanı müəyyən hərbi məlumatlarla təmin edib, ondan Cənubi Qafqazda Azərbaycan və Gürcüstana qarşı təsir və bəzi hallarda təzyiq vasitəsi kimi istifadə edib. İran diplomatiyasının son 500 illik tarixini və bu diplomatiyanın eyni adla bütün istiqamətlərdə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu, o qədər də təəccüblü deyil. Eyni zamanda, İran Ermənistanla əlaqələrin aktivlik və intensivliyində həmişə maraqlı olub. Bunun da bir neçə səbəbi var.

Birinci, İranda yaşayan erməni icması Tehran üçün Qərb qarşısında “sivil dövlət” imici əldə etməyə yönəlmiş bir vasitədir. Həmin amildən geosiyasi təbliğat vasitəsi kimi istifadə edən İran həmişə və hər yerdə bildirib ki, ölkədə yaşayan xristianların həyat və sosial fəaliyyətlərində heç bir məhdudiyyət yoxdur. Məhz bu səbəbdən – etnik mənsubiyyət amilini nəzərə alaraq, İran öz parlamentində erməni deputatın mandat almasını təmin edir. Bu, hər parlament seçkilərində olur.

İkinci, İran Ermənistanı onu Rusiya ilə birləşdirən bir körpü vasitəsi kimi qiymətləndirir. 2001-ci ildən bəri Ermənistan və İran arasında müxtəlif sahələrdə 18 saziş imzalanıb. Bu sazişlərdən də ikisi reallaşdırılıb. Bu anlaşmalar arasında ikisi önəmlidir. Bunlardan biri İran təbii qazının Ermənistana satışı; ikincisi isə İrandan Ermənistana nəqliyyat dəhlizinin çəkilməsi ilə bağlıdır. Lakin bu layihələrdən heç biri həyata keçmədi. Çünki İran qazının Ermənistana satışı bu ölkədə qazpaylama və tədarük, yaxud çatdırılması sisteminə tam nəzarət edən Rusiyanın “Qazprom” şirkətinin maraqlarına ziddir. Digər yandan, “Qazprom” İranın Ermənistana qaz satışına imkan yaratmadı. Nəticədə bu layihə reallaşmadı. Nəqliyyat dəhlizi layihəsi də baş tutmadı. Bu layihə İran sərmayəsi hesabına həyata keçirilməli idi. Amma beynəlxalq sanksiyalar altında olan İran ciddi maliyyə böhranı ilə üzləşdi. İndi də İranın azad sərmayəsi yoxdur ki, bunu reallaşdırsın.

Digər yandan da, Qarabağda 44 günlük müharibə başa çatdıqdan sonra İran bölgədə uduzmuş dövlət oldu. İran müharibə başlayan gündən yalnız diplomatik bəyanatlar verib Azərbaycanı diplomatik bəyanatlarla dəstəklədiyini bildirərək öz işini bitmiş saydı. Lakin həmin dövrdə Rusiyanın İran üzərindən silah və hərbi texnika tədarükü davam etdi. Bu barədə videokadrlar, sübutlar var. Amma İrandan “Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxsın” kimi bəyanatlar verilmədi. Sadəcə olaraq, İran həmişə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin tezliklə dinc yolla həllində və başa çatmasında maraqlıdır və s. Amma Ermənistanı işğalçı dövlət kimi tanıdığını bildirdiyi bəyanat və ya açıqlamasını görmədik.

İkinci Qarabağ Müharibəsinin uzun müddət davam edəcəyini düşünən İran öz təxminlərində yanıldı. 44 gün davam edən müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çatdı. Bundan sonra müharibədə məğlub olduğunu anlayan İran Azərbaycanla münasibətlərini intensivləşdirmək üçün lazımi addımlar atmaq istədiyini bildirdi.

- İndi situasiya nə yerdədir?

- Azərbaycan İranla yaxın tərəfdaşdır və mehriban qonşudur. Azərbaycan İranla həmişə, bu gün də inkişafa meylli və normal münasibətlərin qurulmasında maraqlıdır. Azərbaycan həmişə beynəlxalq təşkilatlarda İranın ərazi bütövlüyü və təhlükəsizliyinin lehinə səs verib. Biz hər hansı formada İranla münasibətlərin sərinləşməsində maraqlı deyilik.

- Amma son günlərdə İranın Qarabağdakı separatçılar üçün yük maşınları göndərdiyinə dair videogörüntülər yayılıb, biz bunu Qarabağdakı son savaşda da görmüşdük. Eyni zamanda, aşkar formada Ermənistana – düşmənimizə öz hərbi yardımını təklif edir. Bəs İranın bu mənfur davranışları qarşısında necə davranmalıyıq?

- İranı narahat edən bir neçə amil var. Əvvəlcə onu diqqətə çatdırım ki, İran dövlət nişanlı, ağır tonajlı yük maşınları indi Qarabağ ərazisinə keçmir, onillərdir bu proses davam edir. İşğaldan azad edilmiş ərazilərimizdəki evlərin, yaşayış binalarının, inzibati obyektlərin və digər tikililərin erməni tərəfindən dağıdılaraq bunların tikinti materialı qismində daşınması prosesində İran vətəndaşları da iştirak ediblər. Tikinti materialı qismində olan taxta-şalban, daş və s. resursların böyük əksəriyyəti İrana daşınıb, bu da faktdır. Lakin bunu qabartmırıq, çünki İranla münasibətlərin gərginləşməsində maraqlı deyilik. İndi də İranla münasibətlərin pisləşməsi lazım deyil.

Biz həmişə İranla əməkdaşlığa hazır olmuşuq. İqtisadi, siyasi, mədəni və digər sahələrdə həmişə əməkdaşlığın genişləndirilməsində maraqlı tərəf kimi çıxış etmişik. Bu yönlərdə də çoxsaylı təkliflərimizi vermişik. Bununla yanaşı, son günlərdə İran həbçilərinin İrəvana gəlməsi, eləcə də İran dövlət nişanlı yük maşınlarının Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə keçidi ilə bağlı videokadrlar və məlumatların yayılması təsadüfi deyil. Bunu həm Ermənistan edir, həm də İrandakı bəlli qüvvələr. Dəfələrlə demişik ki, İran siyasəti homogen deyil. İranın daxili siyasətində bir-birinə qarşı çox ciddi qarşıdurmaya gedən düşərgələr və tərəflər var.

- Bu baxımdan düşünsək, qarşıdan gələn prezident seçkiləri İrana nə vəd edir, hansı süprizlər görə bilərik?

- İyulun 18-də keçiriləcək bu seçkilərdə indiki Prezident Həsən Ruhani öz postunu tərk edəcək. Çox böyük əminliklə proqnozlaşdırıram ki, Ruhaninin yerini qatı mühafizəkar şəxs tutacaq. Bundan sonra İran Ermənistanla münasibətlərini daha da intensivləşdirməkdə maraqlı olacaq. Ən azı ona görə ki, artıq Azərbaycanın İranla sərhədlərinin bir qismi artıq işğal edilmiş ərazilərdən keçmir. Ermənistana qədər olan Azərbaycan-İran sərhədləri ordumuzun nəzarətindədir, yəni tam bərpa olunub. Bu da İrandakı bəzi qüvvələrin maraqlarını təmin etmir. İran hakimiyyətində, parlamentində kifayət qədər şəxslər var ki, onlar Ermənistanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdırlar. Lakin bununla yanaşı, həmin münasibətləri İran üçün zərərli hesab edən, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bəyan edən qüvvələr də var. Biz bu qüvvələri də nəzərə alırıq. Biz əlaqələrimizi də bu və digər qüvvələrlə yox, rəsmi Tehranla qurmuşuq, onunla da bu əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər