Qarabağ, ümumiyyətlə, işğaldan azad edilmiş bütün ərazilərimiz bizim üçün doğmadır, əzizdir. Bizim cəsur əsgər və zabitlərimizin şücaəti nəticəsində bu torpaqlarda erməni faşizminə son qoyuldu. Lakin Şuşanın yeri başqadır. Hər qarışı şəhid, qazi qanı ilə daha da müqəddəsləşən, qəhrəman, qorxmaz oğullarımızın nəfəsi ilə daha da canlanan bu gözəl diyarın hər birimiz üçün xüsusi yeri var. Şuşanın işğaldan azad edilməsi nəinki hər bir azərbaycanlı, eləcə də bütün türk dünyası üçün tarixi, siyasi, mənəvi əhəmiyyətə malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi Şuşanın statusunu və təhlükəsizliyini daha da gücləndirəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Deputat qeyd edib ki, qanun layihəsinə görə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır: “Sənəddə həmçinin, Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləmə, abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi, təbliği məsələləri öz əksini tapıb. Eyni zamanda ətraf mühitin mühafizəsi, Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyəti xüsusi olaraq qeyd olunur. Sosial infrastrukturun təşkili və idarə edilməsi, sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri, eləcə də Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi öz əksini qanun layihəsində təsbit olunub. Bütövlükdə, qanun layihəsi yüksək səviyyədə hazırlanıb və konseptual baxımdan mükəmməl bir sənəddir”.
Professor hesab edir ki, bu sənədin həmçinin strateji, siyasi əhəmiyyəti var: “Bu qanunla Şuşa gələcəkdə yalnız Cənubi Qafqazın deyil, ümumiyyətlə, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. 30 illik fasilədən sonra Qarabağa qovuşmuşuq. Hər birimiz maksimum çalışmalıyıq, dünyaya sübut etməliyik ki, Qarabağ Azərbaycandır! Bir daha torpaqlarımızı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və bu istiqamətdə siyasi iradə və qətiyyət göstərən Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq. Və bu münasibətlə xalqımızı təbrik edirik”.