Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Həmin seçkilərin qəliz və mürəkkəb bir şəraitdə keçəcəyi gözlənilir. Hətta seçki sonrası Ermənistanda daxili situasiyanın gərginləşəcəyi proqnozlaşdırılır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Ermənistanda seçkidən sonra məğlubun qalibi qəbul etməyəcəyi belə mümkün olacaq:
“İndiki halda seçkidə qalib gəlmək naminə istənilən populizm və qeyri-odekvat, diversant davranış gözləniləndir. Son günlər baş verən hadisələr də bunu təsdiqləyir”.
Deputat bildirib ki, 24 nəfər erməni diversantın Azərbaycan sərhədlərinə iki məntəqədən müdaxilə cəhdi, Naxçıvan istiqamətindəki bugünkü təxribat bu niyyətin tərkib hissəsidir:
“Ermənistan isə buna başqa ad verməyə çalışır. Onlar iddia edirlər ki, guya Azərbaycan mühəndis işləri görən erməni hərbçiləri saxlayıb. Bütün bunlar isə Ermənistanda seçki öncəsi siyasi qüvvələrin özlərini göstərmək cəhdidir. Onlar bu istiqamətdə istənilən təxribata əl atmağa hazırdır. Bunun bütün görüntüləri də göz önündədir”.
Elman Nəsirov qeyd edib ki, Nikol Paşinyanın təhlükəsizlik şurasının iclasında sərhədə Rusiya ilə yanaşı digər həmsədrlərin müşahidəçilərinin gətirilməsindən danışıb:
“Paşinyan ABŞ və Fransadan olan müşahidəçilərin sərhədə gəlməsini gündəmə gətirir. Bunlar isə seçki öncəsi bir davranışdır. Diqqəti özünə cəlb etməkdir. Elektoratın səsini qazanmaq hiyləsidir. Amma Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq revanşizmin reallaşma əmsalı sıfıra bərabərdir. Erməni ordusu dağılıb, 10 minlərə fərari var. Hansı ordu ilə Azərbaycanın qarşısına çıxacaqlar?”.