İstənilən beynəlxalq səviyyəli tədbir həmin ölkənin bir sıra istiqamətlərdə dünyada tanınmasına xidmət edir. İstər idman yarışları, istərsə də iqtisadi, siyasi və humanitar tədbirlər ölkə haqqında geniş informasiya almaq imkanları yaradır. İdman yarışları da bu məsələdə xüsusi çəkiyə malikdir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirib.
Onun fikrincə, "Formula 1" yarışlarının keçirilməsi Azərbaycanın mədəni, turizm, tolerant və sabit bir ölkə kimi təbliğində mühüm rola malikdir:
“Bu yarışlarla bağlı gələn qonaqlar ölkəmiz haqqında da mühüm informasiyalar əldə edəcək. Turistlərdə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi, milli yeməkləri ilə bağlı geniş təsəvvür yaranacaq. Ölkəyə hər gələn turist özü ilə bərabər potensial biznes layihəsi də gətirmiş olur”.
Komitə sədri hesab edir ki, bu cür tədbirlərin keçirilməsini xalq olaraq alqışlayırıq:
“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanı bütün beynəlxalq arenada tərənnümü istiqamətində gördüyü bütün işlər təqdirəlayiqdir. Azərbaycanda beynəlxalq hümanitar tədbirlərin keçirilməsi məhz bu məqsədlərə xidmət edir. İlk Avropa Oyunları, İslam Oyunları, Avroviziya yarışması, beynəlxalq hümanitar forumlar ölkəyə turist axınının genişlənməsini təmin edir. Eyni zamanda biznes və iqtisadi əlaqələrin genişlənməsinə imkan yaranır”.
Musa Quliyevə görə, Azərbaycan bu cür yarışlardan təbliğat və iqtisadi dividentlər üçün yararlanmaq imkanı qazanır:
“Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı məsələlərin gündəmdə olduğu bu dövrdə belə yarışların əhəmiyyəti olduqca böyükdür”.