Tarixə nəzər saldıqda da ermənilərin əsl xislətini görmək olur. Elə son günlər sərhəddə olanlar da erməni məkrini bir daha təsdiqləyir. Erməni tərəfi 44 günlük müharibədəki acı məğlubiyyəti həzm edə bilmir. Ona görə də, sərhəd boyu təxribat, diversiya hərəkətlərinə yol verir.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, hazırda Ermənistanda seçki öncəsi gərgin bir vəziyyət olduğu üçün proseslər arzuolunmaz səviyyədədir: “İşğalçı ölkədə demək olar ki, tam hakimiyyətsizlik hökm sürür. Heç kim heç kimin kitabını oxumur. Ayrı-ayrı qruplar müəyyən klanlara işləyir. İndiki halda həm Paşinyana və digər namizədlərə dəstək olanlar var. Bu qruplaşmalar isə bir-birinə qarşı açıq düşmən mövqeyindən çıxış edir”.
Komitə sədri son günlər sərhəddə baş verənlərin də məhz Ermənistandakı siyasi və ictimai təlatümlərdən yarandığını bildirib: “Sözsüz ki, sərhəddə dayanan cəsur Azərbaycan əsgəri təmkinlə, səbrlə qarşı tərəfin təxribatlarına və digər addımlarına cavab verir. Sərhədlə bağlı delimitasiya və demarkasiya məsələləri həll olunandan sonra bütün bu məsələlərə son qoyulacaq. Bu proseslər sona çatana qədər belə təxribatların olması da qaçılmazdır. Amma hər bir təxribatın da qarşısı ciddi şəkildə alınır və bundan sonra da alınacaq”.
Ziyafət Əsgərov xatırladıb ki, Azərbaycan 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli bəyanatlara tam riayət edir: “Dövlətimiz imza atdığı bütün sənədlərdən irəli gələn məsələlərə hər zaman sadiqdir. Amma ermənilərin sərhəd xətti boyu törətdiyi təxribatlar davam edəcəyi təqdirdə sözsüz ki, cavab veriləcək. Bu onların xislətidir. Müharibədə uduzublar. Ermənistanın bu gün xarici işlər idarəsi demək olar ki, yoxdur. Çünki nazir və müavinləri istefa verib. Belə olan halda onlar diplomatiya dili ilə danışa bilmir. Terroru dövlət siyasəti kimi qəbul edən Ermənistan mümkün qədər azərbaycanlılara qarşı təxribatlar etməyə çalışır. Kəlbəcərdə günahsız vətəndaşlarımızın minaya düşərək şəhid olması da Ermənistanın terror siyasətinin mahiyyəti idi. Orada iki azərbaycanlı jurnalist öz peşə fəaliyyətini icra edərkən erməni terrorunun qurbanı oldu. Bu isə beynəlxalq hüquqa, insan haqlarına, sivil dəyərlərə ziddir. Terrorla mübarizənin yolu isə məlumdur. Azərbaycan öz hərbi gücü ilə ərazilərini işğaldan azad etdiyi kimi bu cür təxribatların da qarşısını layiqli formada alır”.