11 İyun 2021 20:28
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 iyun Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin artıq iki həftəlik təbliğat dövrü başlayıb. Bir neçə siyasi qüvvənin bu seçkiyə qatılmasına baxmayaraq, əsas mübarizə Nikol Paşinyan və sabiq prezident Robert Köçəryan arasında gedir. Artıq proqnozlaşdırıldığı kimi seçki marafonu heç də dinc müstəvidə baş vermir. Tərəflər açıq şəkildə bir-birini xəyanətdə, satqınçılıqda, cinayətdə ittiham edir. Keçmiş “Qarabağ klanı” Xocalı soyqırımının əsas təşkilatçıları ilə Qərbin təmsilçiləri arasında ciddi qarşıdurma yaşanır. Ötən günlərdə tərəflar arasında İrəvan küçələrində qeydə alınan ciddi qarşıdurmalar buna misaldır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, erməni cəmiyyəti 44 günlük müharibənin ağır məğlubiyyətinin təsirindən qurtula bilmir:

“Müəyyən qruplar isə öz maraqları müstəvisində revanşist fikirləri tirajlamağa çalışır. Bir çoxları isə Ermənistanı hansısa bir qüvvənin yardımı ilə yenidən əvvəlki duruma gətirmək haqqında düşünür. Amma proseslərin gedişində başqa məsələlərin də ortaya çıxması mümkündür”.

Deputat hesab edir ki, qalib Azərbaycan qarşısında Ermənistanda keçiriləcək seçkinin nəticəsi heç bir əhəmiyyət kəsb etmir:

“Erməni cəmiyyəti hazırda düşdüyü çətin durumun səbəbləri haqqında düşünməlidir. Xəstə təfəkkürlə və başqalarının torpaqlarına göz tikməklə gələcək qurmaq mümkün deyil. Bu regionda ancaq konpromis bir mövqe tutaraq, inkişaf yolu seçməklə erməni cəmiyyətini düşdüyü ağır durumdan çıxarmaq mümkündür”.

Cavid Osmanova görə, Ermənistan və erməni cəmiyyəti yüz illiklər törətdikləri cinayətlərin, azərbaycanlılara qarşı soyqırımı siyasətinin acı nəticələrini yaşayır:

“Xəstə xəyallarla, başqasının torpağı, mədəniyyəti, tarixi üzərində gələcək qurmaq ideyaları erməni cəmiyyətini məhz bugünkü rəzil duruma salıb. Bundan sonra da bu xəstə ideologiya davam edəcəksə, erməni cəmiyyətinin gələcəyi sual altına düşəcək. Çünki 10 illiklər onlar bu yanlış istiqaməti seçdikləri üçün regional məsələlərdən uzaq qalıblar. Bölgəni əhatə edən inkişaf konsepsiyasında iştirakları mümkün olmayıb. Bunun acı nəticələrini isə ermənilər öz həyatlarında hiss edirlər. Ona görə də erməni cəmiyyəti 20 iyun və ondan sonrakı dövrdə Azərbaycanın yaratmış olduğu yeni reallıqla barışmaq müstəvisində yol seçməlidir. Bu gün bölgənin inkişafında başlıca faktor olan Azərbaycan, Türkiyə, Rusiya tandemi məhz xalqların gələcəyinə inkişafına və inteqrasiyasına xidmət edir. Buna mane olmaq isə mümkün olmayacaq. Çünki yeni dövrün çağırışları məhz bunu tələb edir. Bundan kənarda qalmaq isə fəlakəti, xaosu seçmək deməkdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər