21 İyun 2021 20:44
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü günü-gündən artır. Artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik olan ölkələrdən biridir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Ermənistanın işğalçı siyasətinin nəticəsinə uyğun olaraq dövlətimizin həyata keçirdiyi təcrid siyasəti bu ölkəni regionun siyasi və iqtisadi həyatından kənarda qoydu:

“Ermənistanın iqtisadiyyatı çökdü və əhalisinin sosial durumu ağırlaşdı. Bununla da işğalçı ölkə xarici yardımdan asılı vəziyyətə düşdü. Paralel olaraq Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa, erməni yalanlarını ifşa etməyə imkan verdi. İşğalçı ölkədəki ciddi sosial-iqtisadi problemlər cəmiyyəti ayağa qaldırdı. Nəticədə, Köçəryan-Sərkisyan tarixin arxivinə göndərildi”.

Deputat hesab edir ki, Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu:

“Məhz parlament seçkilərində Köçəryan-Sərkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir. Erməni cəmiyyəti revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Cənab Ali Baş Komandan İlham Əliyev Köçəryan və Sərkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi”.

Məlahət İbrahimqızına görə, seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyllərə "yox" deyir:

“Erməni cəmiyyəti məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. 2016-cı ilin aprelində Azərbaycan Ordusuna məğlubiyyət Sərkisyan rejiminin sonu oldu. 2020-ci il müharibəsində məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Revanşistlər Ermənistanın siyasi arenasında tam küncə sıxışdırıldı. Artıq onların heç bir siyasi perspektivi yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı