23 İyun 2021 21:12
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticəsində məğlub komanda yenidən seçildi. Bu, bir paradoksdur, yoxsa cəmiyyətin başqa seçim imkanı yox idi?

- Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsi elə gözlənilən kimi oldu. Erməni cəmiyyəti o qədər dərin, siyasi, mənəvi depressiyada idi ki, ümumiyyətlə seçim alternativlərinə malik deyildi. Vurğulanırdı ki, ermənilər pis və daha pis arasında seçim etmək məcburiyyətində qalacaq. Həqiqətən də məhz bu cür seçim oldu. Çünki, Nikol Paşinyan olduqca yarıtmaz bir siyasətçidir. O, Ermənistan üçün heç nə edə bilmədi. Hakimiyyətə gəldiyi ilk gündən yenə “Qarabağ məsələsi” üzərində siyasi karyera qurmağa çalışdı. Bununla da sələflərindən heç də fərqlənmədiyini göstərdi.

- Paşinyan ilk dəfə seçiləndə niyə sələflərindən nəticə çıxarmadı və onlar kimi davrandı?

- O, hakimiyyətinin ilk vaxtlarında Azərbaycana qarşı təxribatlarla yeni bir “qələbə” qazanaraq siyasi hakimiyyətinin ömrünü daha da uzatmaq istəyirdi. Təsadüfi deyil ki, 2019-cu ildə həmin dövrdə Ermənistanın müdafiə naziri olmuş David Tonoyan ABŞ-da çıxışlarının birində “yeni ərazilər üçün, yeni müharibəyə başlamaq lazımdır” fikrini bildirmişdi. Çünki Paşinyan komandası belə bir xülya ilə yaşayırdı. Düşünürdülər ki, təxribatlar törədəcəklər və müharibə başlayacaq. Bundan sonra Azərbaycanın yeni ərazilərini işğal edə biləcəklər. Bununla da siyasi ölümsüzlük qazanacaqlar. Amma düşündüklərinin tam əksi baş verdi. Biabırçı şəkildə məğlub oldular.

- İlk vaxtlardan uğursuzluqları görən Paşinyan və komandası niyə vaxtında bundan nəticə çıxarmadı, ya da buna nə mane oldu?

- Paşinyan və onun komandası reallığı dərk edib nəticə çıxarmaq qabiliyyətindən uzaqdır. Onlar reallığı qiymətləndirmiş olsaydı, elə danışıqlar vasitəsi ilə münaqişənin tənzimlənməsinə nail olmağa çalışardılar. Çünki azdan-çoxdan siyasi reallıq hissi olan adam dərk edər ki, Azərbaycan Ermənistandan qat-qat güclüdür. Təbii ki müharibə başlayacağı təqdirdə ağır məğlubiyyət qaçılmaz olacaqdı. Amma Paşinyan bu siyasi avantüraya üstünlük verdi. Beləliklə də Azərbaycana qarşı təxribatlara başlanıldı, bunun nəticəsində Ermənistan ordusu darmadağın oldu. Azərbaycan Ordusu öz gücünü təkcə təcavüzkar Ermənistana deyil, bütün dünyaya göstərmiş oldu. Ermənistanın isə məhz Paşinyanın ucbatından itkiləri miqyassız oldu. Çünki ATƏT-in Minsk qrupu ən azından münaqişənin tənzimlənməsi prosesində uğursuz fəaliyyət göstərsə də, yenə “status” məsələsini gündəmdə saxlayırdı. Amma Azərbaycan Ordusu Ermənistan üzərində möhtəşəm qələbə qazandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev status məsələsini tarixin arxivinə göndərdi. Qarabağın “statusu” ilə bağlı Ermənistanın ümidləri qalmadı.

- Bu uğursuzluqlara baxmayaraq erməni cəmiyyəti yenidən Paşinyanı seçdi. Onların bu dəfə Paşinyandan gözləntiləri nələrdir?

- Ermənilər Paşinyan kimi avantürist, bacarıqsız, dövlət başçısına yenidən etimad göstərdilər. Buradan bir neçə nəticə çıxarmaq olar. İlk növbədə onu vurğulamaq lazımdır ki, erməni cəmiyyətinin seçim imkanları yox idi. Siyasi qüvvələr özləri-özlərini o dərəcədə dönməz deqredasiyaya uğradıb ki, artıq erməni cəmiyyəti onlardan heç nə gözləmir. Sadəcə olaraq pis də, yaxşı da olsa Paşinyana dəstək olmağı məqbul hesab ediblər. Digər zəruri amil isə nəhayət erməni cəmiyyəti öz xəstə təfəkkürünün onlara nə dərəcədə ağır başa gəldiyinin fərqində oldu. Çünki Azərbaycanın möhtəşəm qələbəsindən sonra həm Ermənistan cəmiyyəti, həm də dünya erməniliyi boylanıb bir tarixə baxmağı məqbul saydılar. Tarixə də baxanda görüblər ki, bu avantüralarının, utopik xəyallarının nəticələri hər zaman ağır, ölümcül olub. Yəni, “dənizdən-dənizə Ermənıstan” ideyası ermənilərin artıq axırına çıxıb. Bu reallıqdır. Tarixə diqqət etsək görərik ki, bu saxta ideyalar uğrunda özlərini hər zaman məhv ediblər.

- Ermənilərin son seçimini revanşizmə cavab kimi dəyərləndirmək mümkündür?

- Ermənilər indi o dərəcədə acınacaqlı vəziyyətdədir ki, artıq öz saxta və xəstə xəyallarının qurbanı olduqlarını etiraf edirlər. Bu həqiqəti dərk etməyə çalışan ermənilər Qarabağ avantürasının onlara baha başa gəldiyini yəqin ediblər. Ona görə də erməni cəmiyyəti artıq “Qarabağ klanına” meyl göstərmir. Bu da Azərbaycan üçün məqbul sosial-psixoloji durumdur. Ermənistan cəmiyyətinin Azərbaycan üçün sosial-psixoloji durumu məhz odur ki, nəhayət Azərbaycana ərazi iddialarının onlar üçün ölümcül olduğunu dərk edirlər.

Ancaq unutmaq olmaz ki, ermənilərin canında, qanındadır ki, hər zaman qonşularının əlinə baxsın və əsassız iddialarla çıxış etsin. Amma Azərbaycandan nəsə almaq ümidlərini artıq itiriblər. Ona görə də Paşinyanın qələbə qazanmasında bu amil rol oynadı.

- Hərbi cani Köçəryanın da komandası artıq parlamentdə təmsil olunacaq. Revanşist Köçəryanın bu dəstəkdən sonrakı addımları necə olacaq?

- R.Köçəryan kimi canilərin son seçkilərdə 21 faiz səs toplaması Emənistan üçün hər şeyin artıq sabitləşməsi anlamına gəlmədiyini göstərir. Müəyyən zaman keçdikdən, R.Köçəryanın elektoral bazası parlamentə düşdükdən sonra o, imkanlarını genişləndirə bilər. Təbii ki, bu, Azərbaycana qarşı münasibətdə hər hansı bir rol oynamayacaq. Sadəcə olaraq Ermənistan daxilində siyasi gərginlik özünün daha sərt müstəvisinə keçə bilər. Çünki bu günə qədər R.Köçəryanın heç bir statusu yox idi. Bundan sonra o status qazanaraq Paşinyana münasibətdə daha da aqressivləşəcək. Onun ətrafında ciddi maliyyə imkanlarına malik qruplar mövcuddur. Həm də aqressiv bir toplum R.Köçəryanın ətrafındadır. Seçkilərdən öncə Paşinyan qələbə qazansa belə onun fiziki məhvi ilə bağlı da fikirlər səslənirdi. Bu baxımdan Ermənistanda gərginlik nisbətən səngisə də, siyasi qüvvələr arasında qanlı çəkişmələr qabaqdadır.

- Ermənistanda olan və olacaq siyasi kataklizmlərin Azərbaycana və sərhəddəki duruma təsiri necə mümkün görünür?

- Ermənistanda olan və olacaqlar Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin möhtəşəmliyinin bir daha təzahürü kimi dəyərləndirilir. Azərbaycanın Vətən müharibəsində qazanmış olduğu qələbə uzun illər Ermənistanı siyasi gərginlik, qarşıdurma içərisində saxlayacaq. Ermənistan cəmiyyəti də Azərbaycanın gücünü davamlı olaraq görməlidir. Ermənistanda nə qədərə siyasi qarşıdurma, gərginlik olacaqsa, bu həm dünya üçün, həm də erməni cəmiyyəti üçün Azərbaycanın qüdrətinin, qələbəsinin göstəricisi olacaq.


Müəllif: Tapdıq Qurbanlı