Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Hicran xanım, Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunu necə şərh etmək olar?
- Azərbaycan Ordusu ilk dəfə öz yaranma tarixini qalib formada qeyd edir. 103 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən Ordumuz öz Şanlı Qələbəsi ilə nəinki ölkəmizin, eləcə də dünyanın hərb tarixində xüsusi yer tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün zabit və əsgər heyətini bu gün münasibətilə təbrik edir, Azərbaycan dövlətçiliyinin inkişafına, müdafiəsinə yönəlmiş müqəddəs fəaliyyətlərində sonsuz uğurlar arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə tanınıb. Bu mənada xalqımız özünün tarixi hərbi uğurları ilə fəxr edə bilər. 1918-ci ilin iyun ayının 26-da Milli Ordunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan müstəqilliyimizin bəhrəsi idi. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, sovet hakimiyyəti dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Əlbəttə ki, burada əsas məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə mane olmaq idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən ulu öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.
- Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ordu quruculuğuna xüsusi diqqət ayrıldı...
- 1991-ci ildə yenidən müstəqilliyimiz bərpa olunsa da, ölkə daxilində hakimiyyətsizlik, xaos, siyasi çəkişmələr baş verirdi. Ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi nəticəsində ölkədə həyatın bütün sahələrində islahatlar aparılmağa başlanıldı, vəziyyət getdikcə stabilləşməyə başladı. O, ölkə rəhbərliyinə yenidən qayıdışından sonra Silahlı Qüvvələr quruculuğu istiqamətində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi. Ordumuzun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yarandı. Ali Baş Komandan, Prezident cənab İlham Əliyev bu siyasət daha da gücləndirilərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
- Müasir və güclü Azərbaycan Ordusunun formalaşması, indiki səviyyəyə çatması hansı amillərlə izah oluna bilər?
- Ötən müddət ərzində büdcə xərclərinin böyük bir hissəsi hərbi xərclər olub. Azərbaycan bir çox ölkələrdən hərbi silah və sursatlar, hərbi-texniki maşınlar alıb. Lakin biz təkcə bu silahları ixrac etmədik, eyni zamanda özümüz də istehsal etməyə başladıq. Ölkə başçısının Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinnin yaranması da strateji əhəmiyyət daşıyırdı. Ölkəmizdə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və əldə olunan nailiyyətlər dünya miqyasında da qəbul edilir. Azərbaycan bir çox ölkələrdən silah və hərbi texniki avadanlıqlar alır və eyni zamanda, özü də istehsal edir. Bu günlərdə imzalanmış Şuşa Bəyannaməsindən sonra hərbi sahədəki mövcud əməkdaşlıq daha da möhkəmlənəcək. Bu isə dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuzun daha da güclənməsinə təkan verəcək.
- 30 illik işğala 44 günə son qoyan Müzəffər Ordunun zəfərini necə xarakterizə etmək olar?
- 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün dünyaya nümayiş etdi. Ordumuz XXI əsrin müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında elm, peşəkarlıq, hərbi məharət göstərərək, erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azad etdi. Vətən müharibəsini zəfərlə başa çatdıran ordumuz uğurlarla yanaşı, çatımazlıqlar, qüsurlar da çevik şəkildə təhlil olunur və aradan qaldırılırdı.
- Ordumuzun bu uğurla adını dünya hərb tarixinə yazdı...
- 5-ci nəsil müharibəsini aparan Ordumuz tərəfindən hərbi əməliyyatlar zamanı silah və sursatların ehtiyaclılıq səviyyəsi bir daha təcrübədən keçirildi. Bu da gələcəkdə hərbi xərclərin və hərbi təyinatlı məhsulların istehsalında daha düzgün və real qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məsələyə xüsusi münasibət bildirən cənab İlham Əliyev qeyd edir ki, bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir.
Ancaq, bununla yanaşı, bu müharibənin Qalibi var. O da torpaqlarımızı işğalçılardan azad edən, sərhədlərimizi qoruyan, hər bir vətəndaşımızın əmin-amanlığının, sakit həyatının keşiyində dayanan bizim mərd, cəsarətli əsgərlər və zabitlərimizdir. Onlar bu Vətən üçün, üçrəngli Bayrağımız üçün canlarını, sağlamlıqlarını fəda edirlər. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman hərbiçilərin, müharibə veteranları və, qazilərinin, eyni zamanda, şəhid ailələrinin rifahı və sosial müdafiəsi üçün bütün imkanları yaradırlar. “YAŞAT” Fondu, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edirlər. Hər birimiz dərk edirik ki, biz Qarabağın azad edilməsi, torpaqlarımızın erməni faşizmindən təmizlənməsi və ərazi bütövlüyümüzün təmin olunmasına görə şəhidlərimizə, qazilərimizə, Azərbaycan əsgəri və zabitinə borcluyuq! Qalib xalqın vətəndaşı, qalib Ordunun əsgəri olmaq böyük şərəf və məsuliyyətdir. Bir daha Ali Baş Komanda, Prezident cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qüdrətli Ordusunun mərd zabit və əsgərlərini təbrik edirəm.