Serj Sərkisyanın BBC kanalında səsləndirdiyi fikirlər bir daha onu təsdiq edir ki, bu gün erməni cəmiyyətində bir apatiya var. İnsanlar bir-birilərini üzləşdikləri bütün məğlubiyyətlərə görə ittiham edirlər. İş o yerə çatıb ki, özlərinin başlarına gələn fəlakətlərdə, günahlarını bu və ya digər dərəcədə etiraf etmək məcburiyyətində qalıblar.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, əlahəzrət faktın qaşısında şlyapanı da çıxarırlar:
“Sabiq Ermənistan prezidentləri Paşiyanı itiham edirdilər. Amma həqiqət ondan ibarətdir ki, Müzəffər Azərbaycan Ordusu cənab Prezidentin söylədiyi kimi Köçəryan və Sərkisyanın “yenilməz” adlandırdıqları ordunu darmadağın edib. Çünki Paşinyan son iki-üç ilin məhsuludur. Onun bu böyük məğlubiyyətə görə məsuliyyəti Köçəryan-Sərkisyanla müqayisədə qat-qat aşağıdır. Məhz bu reallığı da Ermənistan ictimaiyyəti daha çox dərk edir. Dərk etdikcə də Köçəryan və Sərkisyandan hesabat istəyir. Həmin bu tələbin nəticəsidir ki, 20 iyun növbədənkənar parlament seçkilərində də hər ikisinin biabırçı məğlubiyyəti labüd oldu”.
Deputat xatırladıb ki, S.Sərkisyan BBC-yə müsahibəsində artıq əvvəlki kimi sərt ifadələrlə Paşinyanı ittiham edə bilmir:
“Onu üçtərəfli sənədi imzalamağa görə də günahlandırmır. Sabiq prezident deyir ki, Paşinyan yaranmış şəraitə görə məsuliyyət daşıyır. Bu da onun əvvəlki ittihamlarından çox yumşaqdır. O eyni zamanda bir çox etiraflar etmək məcburiyyətində qalıb. İlk dəfə açıq şəkildə Sərkisyan etiraf edir ki, süni şəkildə danışıqları uzatmayıblar: "Hətta satqın belə adlandırsalar, güzəştlərə getməyin fərqində idim. Reytinqə işləmirdim. Açıq şəkildə söyləmişdim ki, Ağdam mənim vətənim deyil”. Bu ifadəni də Sərkisyan ilk dəfə səsləndirib”.
Elman Nəsirova görə, Sərıisyanın bu cür etirafları əslində Cəbrayıl, Füzuli, Qubadlı, Kəlbəcər, Laçın Zəngilan, Şuşanın da vətəni olmadığını təsdiqləyir:
"Ağdam vətənim deyil - ifadəsi bütün işğalda olmuş torpaqlara aid edilir. Bu gün o torpaqların hər qarışı Müzəffər Ordumuzun gücü ilə azad olunub”.
Millət vəkili hesab edir ki, Ermənistanda sular azca da olsa durulmağa başladıqca, bir qədər sonra R.Köçəryanın da etiraflarının eşidilməsi mümkün olacaq"
"Çünki 20 iyun seçkilərindən sonra Ermənistanda yeni bir şərait formalaşır. Paşinyanın da isə istəsə də, istəməsə də yeni şəraitin diqtəsi altında məhz əməkdaşlıq yolunu seçəcək. Əməkdaşlıq yolu isə həm də Ermənistanın nicat yoludur”.