“Ermənistandan xüsusi bəyanat gözləməyimizə ehtiyac yoxdur. Orda parlament seçkiləri keçirilib və çoxluq Qarabağda revanşizmə deyil, prosesin sülh yolu ilə irəliləməsinə səs verib. Erməni siyasətçilər bu mesajı aldılar və çox güman ki,bu istiqamətdə hərəkət edəcəklər”.
Bu fikirləri Ermənistan haqqında danışan deputat Fazil Mustafa Teleqraf.com-a deyib.
O əlavə edib ki, erməni siyasətçilərin hansı yolu izləməsinin lazım olduğunu seçkilərin nəticəsi ortaya qoyub:
“Bu səbəbdən mən narahatedici hər hansı bir məqam görmürəm”.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana sülh sazişi ilə bağlı fikirlər dediyini, habelə Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ikitərəfli danışıqlara başlamaq mesajını verdiyini xatırladan Fazil Mustafa hesab edir ki, Ermənistan bu çağırışlara müsbət cavab verəcək:
“Bəli, erməni siyasətçilər daxili rəyi nəzərə alaraq ehtiyatla danışırlar. Ermənistan prezidenti və başqaları "soyqırımı" məsələsini gündəmə gətirirlər və s. Amma bunlar daxili rəy üçündür. Aydındır ki, birdən-birə hansısa bir situasiyanı diktə etmələri də çətindir. Amma hesab edirəm ki, orada hökumət formalaşdıqdan sonra belə addımlar atılacaq”.