İyulun 6-da Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə Çin Kommunist Partiyası və Dünya Siyasi Partiyalarının videokonfrans formatında sammiti keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, “Xalqın xoşbəxtliyi naminə: siyasi partiyaların məsuliyyəti” mövzusunda keçirilən sammitdə xalqların rifahının və ölkələrin inkişafının təmin olunmasında siyasi partiyaların rolundan bəhs olunub.
Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin tədbirdə iştirak edib və nitq söyləyib. Sammitdə, həmçinin müxtəlif ölkələrin aparıcı siyasi partiyalarının rəhbər şəxsləri çıxış ediblər.
YAP Sədrinin müavini Əli Əhmədovun mövzu ilə əlaqədar videoçıxışı da Sammitin onlayn platformasında yerləşdirilib.
Onlayn sammitdə YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası və Gənclər Birliyinin 80-dən artıq nümayəndəsi iştirak edib.
Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min də Sammitə qoşulub.
Sammit müddətində fəaliyyət göstərən onlayn platformada siyasi partiya liderlərinin mövzuya dair video və yazılı şərhləri yerləşdirilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında səmərəli, qarşılıqlı faydalı və çoxşaxəli əlaqələr mövcuddur. Yüksək səviyyəli əlaqələr fonunda hakim partiyalar arasında qarşılıqlı səfərlərin təşkil olunması və təcrübə mübadilələrinin aparılması münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıyır. 2019-cu ildə Çinin paytaxtı Pekində YAP və Çin Kommunist Partiyası arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə konfrans keçirilib. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın dərinləşdirilməsi iki ölkə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Tədbir çərçivəsində YAP Mərkəzi Aparatının foyesində Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə sərgi keçirilib.