12 İyul 2021 15:59
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsinin ardınca işğaldan azad edilmiş tarixi Azərbaycan torpaqlarında erməni vandallarının törətdikləri barbarlığın bütün dünya ictimaiyyətinə çatdırılması üçün zəruri addımlar atılır. Bu məqsədlə yerli və xarici media, diplomatik korpus təmsilçilərinin vaxtaşırı azad edilmiş ərazilərə səfərləri təşkil olunur. Məhz bu səbəbdən də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri davamlı xarakter alıb. Növbəti belə səfər Şuşa şəhərinə təşkil olundu. Diplomatlar mövcud vəziyyətlə, eyni zamanda ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsinə dair faktlarla yerində tanış oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Azərbaycanda akkreditə olmuş xarici ölkələrin diplomatik korpusunun təmsilçilərinin bu vaxta qədər Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri reallaşıb:

“Bu günlərdə Şuşa şəhərinə təşkil edilən səfərdə 33 ölkənin səfiri 30 ilə yaxın erməni barbarlığını, vandalizmini öz gözləri ilə görmək imkanı qazanıb. Eyni zamanda bu səfərdə 13 ölkənin Azərbaycanda müvəqqəti işlər vəkili də iştirak edib. Şuşa səfərində həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri qatılıb. ATƏT təmsilçiləri olan ABŞ, Rusiya və Fransa nümayəndələrinin səfərdən imtina etməsi böyük təəccüb və təəssüf hissi doğurub. 30 ilə yaxın Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin bu səfərlərə maraq göstərməməsi bir sıra suallar yaradır. Çünki ATƏT təmsilçisi olan ölkələrin nümayəndələrinin bu səfərlərin əhəmiyyəti və orada qarşılaşacaqları mənzərə ilə bağlı ortaya qoyulacaq mövqe mühüm mətləblərə yol aça bilər. Amma təəssüf ki, ölkələrin ərazi bütövlüyünə beynəlxalq hüquqa hər zaman istinadla fikir yürüdən dövlətlər və onların təmsilçiləri əsl reallıqla barışmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər”.

Məlahət İbrahimqızı qeyd edib ki, işğal dövründə Ermənistanın bu ərazilərdə törətdikləri vandallıq aktlarından məhz vasitəçilər daha çox məlumatlıdır:

“Amma hər zaman beynəlxalq hüquqa əsaslanaraq mövqe sərgiləyən təşkilatlar və onların təmsilçiləri münaqişə dövründə olduğu kimi, post-münaqişə dövründə də ədalətli iradə ortaya qoymaqda çətinlik çəkir. Məhz bu reallığı Azərbaycan cəmiyyəti çox yaxşı bilir. Bu səbəbdən də həmsədrlərin Azərbaycanda heç bir nüfuzu və etimadı yoxdur. Onlar bu cür yanaşmaları öz fəaliyyətsizlikləri ilə qazanıblar. Buradan bir daha aydın olur ki, 30 ilə yaxın davam edən bir münaqişənin sıfır nöqtəsindən tərpənməməsinə məhz bu cür yanaşmalar əngəl törədib. Azərbaycan dövləti isə cənab Ali Baş Komandanın rəhbərliyi ilə BMT qətnamələrini və dünya birliyi tarəfindən tanınan ərazi bütüvlüyünü təmin edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər