28 İyul 2021 09:14
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Vətən müharibəsindən 8 ay müddət keçir. Post-müharibə dövrünün gözlənilən siyasi reallıqlarını necə dəyərləndirirsiniz?

- Cənab Prezident Dövlət Televiziyasına verdiyi müsahibədə post-müharibə dövrü ilə bağlı bütün məsələləri detallı şəkildə geniş ictimaiyyətə çatdırdı. Dövlət başçısının verdiyi mesajlardan biri o idi ki, biz sülh müqaviləsinin bağlanmasının tərəfdarıyıq. Çünki bu konfilikt, müharibə Azərbaycanın qələbəsi ilə bitib. Ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Hazırda Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri böyük uğur və əzmlə yerinə yetirir. Ona görə də, ölkəmiz birmənalı şəkildə daimi sülhün olmasına tərəfdardır. Amma bütün bunlara rəğmən Ermənistan tərəfi yenidən revanşist, təxribat xarakterli addımlar atacaqsa, ona qarşı adekvat cavab olacaq.

Çünki Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zərbəsini erməni cəmiyyəti, onun siyasi rəhbərliyi unutmayıb. "Dəmir yumruq" öz yerindədir. Hesab edirəm ki, Ermənistanda olan mövcud siyasi rəhbərlik bunu dərk etməlidir.

- ATƏT-in Minsk Qrupunun və “status”la bağlı fikirləri yenidən gündəmə gətirənlərin məqsədi necə izah oluna bilər?

- Minsk Qrupu və “status”la bağlı məsələləri gündəmə gətirənlərə cənab Prezident tərəfindən birdəfəlik tutarlı cavab verilib. Dövlət başçısı bir daha vurğuladı ki, indi nə Dağlıq Qarabağ,nə də “status” var. Çünki bu məsələlərin hamısı artıq tarixə qovuşub. Ermənistanda ağlı başında olan siyasi rəhbərlik varsa, bu reallıqları qəbul etməlidir. Onlar prosesləri nəhayət düzgün dəyərləndirib Azərbaycanla sülh müqaviləsi imzalamalıdır.

- Sülh müqaviləsinin imzalanması iki dövlət üçün vacib amil olmaqla yanaşı region üçün hansı imkanlar yaradacaq?

- Bu sülh müqaviləsi ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki 2020-ci 10 noyabr bəyanatında öz əksini tapan logistik, kommunikasiya xəttlərinin açılması kimi məsələlər Ermənistan üçün faydalı olacaq. Bununla da 10 illiklərdir məhz işğal siyasətinə görə, blokada vəziyyətinə düşmüş Ermənistan yeni iqtisadi imkanlar əldə edə bilər. Amma bunun əksinə olan bütün addımlar, sərhəd xətti boyunca təxribatlara davam etmək isə Ermənistana heç də yaxşı sonluq vəd etmir. Ermənistandakı siyasi rəhbərlik bir daha düşünməlidir ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki vəziyyətdə deyil. Ölkəmiz bu gün dünyanın iqtisadi və hərbi cəhətdən inkişaf etmiş bir dövlətidir. Ona görə də, Azərbaycanla təxribat dili ilə danışmaq olmaz. "Dəmir yumruq", sarsılmaz iradə yerindədir. Ermənistan siyasi rəhbərliyi də bunu dərk etməlidir.

- Yeni iqtisadi rayon olan Şərqi Zəngəzur termini Ermənistanda böyük təşviş yaratdı...

- Ermənistan tərəfi anlamalıdır ki, Zəngəzur tarixi Azərbaycan torpağıdır. Bu, birmənalıdır. Tarix də bunu təsdiqləyir. Bu gün isə yeni yaradılan iqtisadi rayonların bölgüsündə Şərqi Zəngəzur məsələsi gündəmə gəlib. Şərqi Zəngəzur Azərbaycanın hüquqi nəzarətindədir. Ermənistan isə narahatdır ki, Azərbaycan tərəfi bu gün Şərqi Zəngəzur deyirsə, demək sabah Qərbi Zəngəzur da olacaq. Bəli, Qərbi Zəngəzur var. Amma bu, o demək deyil ki, Azərbaycan Ermənistana qarşı ərazi iddiasındadır. Sadəcə tarixi nöqteyi-nəzərdən cənab Prezident bunu vurğuladı ki, Şərqi Zəngəzurun qərb tərəfi də var. Tarixən bu torpaqlar da Azərbaycana məxsus olub. Dövlət başçısı o mesajı verdi ki, tarixi unutmaq olmaz.

Ermənistanda da bilməlidirlər ki, onların yaşadıqları tarixi Azərbaycan əraziləridir. Sadəcə bu, o anlama gəlmir ki, Ermənistana qarşı ərazi iddiası var. Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir. Məhz bundan sonra Ermənistan üçün hansısa bir inkişaf üçün yollar açıla bilər. Amma bunun əksinə olan proseslər Ermənistanın sonunu gətirə bilər.

- Azərbaycan Ermənistan sərhəd xəttində baş verən təxribatlar hansı məqsədə hesablanıb?

- Bu gün hələ də Ermənistan tərəfi 44 günlük müharibədəki acı məğlubiyyətlərini həzm edə bilmir. Ona görə də, Azərbaycanla sərhəd xətti boyu təxribat, diversiya hərəkətlərinə yol verirlər. Çalışırlar ki, sülhlə bağlı məsələlər uzansın. Amma bu məsələlərin uzanması da qeyri-mümkündür. Çünki Ermənistanın siyasi rəhbərliyi 10 noyabrda üçtərəfli bəyanata imza atıb. Məhz bu bəyanatda əksini tapan bəndlərə də əməl edilməlidir. Bəyanatda isə bütün məsələlər əks olunub. Sözsüz ki, sərhəddə bu cür təxribatlar davam edəcəyi təqdirdə Ermənistan buna görə çox ciddi şəkildə cavab almalı olacaq.

- Sizcə, Ermənistan 10 noyabrda imzaladığı və götürdüyü öhdəliklərə nə dərəcədə adekvatdır?

- Rusiya prezidenti Vladimir Putin də vurğulamışdı ki, Ermənistanın razılaşmadan imtinası onun intiharı deməkdir. Bu gün sərhəd xəttində Ermənistan təxribatlara nə qədər əl atsa da bütün nəzarət mexanizmləri Azərbaycanın əlindədir. Azərbaycan Silahlı Qüvvələri hər bir məsələyə ciddi nəzarət edir. 44 günlük müharibə dövründə erməni tərəfi çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə cəlb etsin. İndiki halda da buna cəhdlər var. Eyni zamanda ATƏT-in Minsk Qrupunu proseslərə cəlb etməklə məsələləri bir qədər də uzatmağa çalışılrlar. Amma burada Minsk Qrupunun görəcəyi bir iş yoxdur. Məsələ həll olunub. 30 il ərzində ATƏT-in Minsk Qrupu problemin həlli ilə bağlı heç bir addım atmadı. İndi məsələ həll olunub, müharibə bitib, Ermənistan və onun havadarları yenidən Minsk Qrupunu dirçəltmək istəyir. Bu, heç bir məntiqlə uzlaşmır. Düşündürücüdür ki, bu məntiq kimə lazımdır? Çünki problemi Azərbaycan özü təkbaşına həll edib. KTMT-də isə söz sahibi Rusiyadır. Rusiya prezidenti də açıq şəkildə bəyan etdi ki, Ermənistanın razılaşmadan imtina etmək kimi bir imkanları yoxdur. Bundan sonra isə Ermənistanın nə istəməsi və arzulaması yersizdir.

- Ermənistanın indiki halda bu cür arzuolunmaz bəyanatlar səsləndirməsinə, təxribatlarına kimlər rəvac verir?

- Ermənistan ATƏT-in Minsk qrupunda təmsil olunan bir sıra dövlətlərin fitvalarına gedir. Eyni zamanda erməni diasporu kənardan erməniləri təhrik edir. Amma diaspor oturub kənarda, bu ölkədə insanlar rəzil vəziyətdə yaşayır. Ona görə də, erməni cəmiyyətində artıq başa düşülməlidir ki, Azərbaycanla, Türkiyə ilə normal əlaqələr qurulmasa, ərazi iddialarından əl çəkməsələr, perspektivləri sıfıra bərabərdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər