“Şuşa bəyannaməsinin imzalanmasından sonra artıq bölgədə Türkiyə-Azərbaycan tandemi mövcuddur. Bu tandemin yüksək səviyyədə bəyan olunmuş öhdəlikləri var. Bu, çox vacib bir bəyannamədir. Hesab edirəm ki, praktiki istiqamətdə işlər görülür. Gözə görünməyən praktiki işlər çoxdur. Azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilir. Həm xarici siyasət, həm də xarici təbliğatda koordinasiya var. Artıq biz Türkiyə-Azərbaycan münasibətlərində bu koordinasiyanın elementlərini görürük”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşib. Düşmən tərəf mövqelərimizi intensiv atəşə məruz qoyur. Bölgədə suyu yenidən bulandıran Ermənistanın məqsədi nədir?
- Burada əsas versiya, yaxud mümkün olan siyasət ondan ibarətdir ki, Ermənistan indiki mərhələdə bu və ya digər şəkildə sərhəddə gərginliyi artırmaqla proseslərə geniş formada beynəlxalq müdaxiləyə yol açmağa çalışır. Beynəlxalq müdaxilə dedikdə, ermənilərin hərbi cəhətdən o qədər imkanları yoxdur ki, bu əraziləri müdafiə etsin. Ermənilər yeni şəraitdə də Qarabağ məsələsinə davam etmək niyyətindədirlər. Bunun əsas dəlili ondan ibarətdir ki, onlar sülh sazişindən imtina edirlər. Bu məqamda da öz təhlükəsizliyinin müdafiəsi adı altında hansısa xarici qüvvəni sərhədə cəlb etmək istəyirlər.
Bu cür təxribatlarla o vəziyyəti yaratmaq istəyirlər ki, proseslərdə bu və ya digər şəkildə iştirak edən hansısa xarici dövlətlərin nümayəndələri onlara siyasi təminat versinlər ki, “sərhəd” pozulmayıb. “Sərhəd” dedikdə, indiki təmas xəttini nəzərdə tuturlar. Bu baxımdan, onların taktikası bəllidir.
Vəziyyət ona görə mürəkkəbləşib ki, artıq onların Rusiyaya etibarı yoxdur. Çünki Rusiya Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Bu baxımdan, onların diqqət mərkəzində olan əsas qüvvə Fransadır. Çalışırlar ki, Fransanı hansısa formada bu prosesə cəlb etsinlər. İstisna etmirəm ki, artıq bu istiqamətdə təmaslar var. Məsələn, Fransanın Ermənistandakı səfirinin dediklərinə diqqət çəkmək istərdim. O deyib ki, Fransa Ermənistana hərbi yardım etməyə hazırdır, əgər İrəvan KTMT-dən çıxsa... Yəni, Ermənistan bu ittifaqdakı üzvlüyünə xitam verəcəksə, Fransa KTMT-nin öhdəliklərini üzərinə götürmək istəyir.
Bu, maraqlı açıqlamadır, özü də səfir səviyyəsində dilə gətirilib. Qənaətimə görə, bu, elə bir istəkdir ki, buna veriləcək reaksiyanı gözləyib, sonra arxasınca hansısa addımı atsınlar. Əgər mənfi reaksiya olsa, o zaman deyəcəklər ki, Fransa səfirinin bu yöndə heç bir səlahiyyəti yoxdur, onu yanlış başa düşüblər və s. Yəni, ermənilər bu istiqamətdə hərəkətə keçiblər. Paşinyanın əsas ümidi Qərbi bura cəlb etməkdir.
- Bəs Ermənistanın KTMT-dən çıxması və bölgədə gedən proseslərə beynəlxalq müdaxilə ehtimalı nə qədərdir?
- Çox mürəkkəb mövzudur. Bu, birbaşa Ermənistanın daxilindəki vəziyyətlə əlaqədardır. Seçki vaxtı və ondan qabaq Ermənistanda əsas mövzu bundan ibarət idi ki, siyasət hansı istiqamətdə olacaq: qərbyönülmlü, yoxsa Rusiya istiqamətində? İndi onlar bu istiqamətlər üzrə dəstək gözləyirlər. Artıq Avropa Birliyi Ermənistana maddi dəstək vəd edib, Fransadan müəyyən bəyanatlar səsləndirilib və s. Bu baxımdan, artıq mənzərə bəllidir. Yəni, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində deyillər, yeni situasiyada Qarabağ məsələsini davam etdirmək fikrindədirlər, eyni zamanda öz təhlükəsizliklərinin hansısa xarici qüvvə tərəfindən təmin olunmasını istəyirlər.
Bəllidir ki, Rusiya-Ermənistan əlaqələri böhran içindədir. Buna görə də yeni təminatçı axtarışındadırlar. Hesab edirəm ki, Paşinyanın seçdiyi siyasət çox təhlükəlidir. Çünki ona xüsusən də Rusiya tərəfindən müxtəif zərbələr endirilə bilər. Ermənistan bir çox region ölkəsinin maraqlarına zidd olan siyasət seçib. Bu, bir yandan populist, digər yandan da çox təhlükəli məqamdır.
Azərbaycana gəldikdə, biz öz maraqlarımızı tam şəkildə təmin etməyə hazır olmalıyıq.
- Rusiyanın Ermənistana zərbə vura biləcəyinə diqqət çəkdiniz, maraqlıdır ki, Moskva İrəvana qarşı hansı tədbirləri görə bilər?
- Rusiyanın Ermənistandakı imkanları çox genişdir. Orada rusiyapərəst siyasi qüvvələr, hərbçilər və sair var. Yəni, dairələr çoxdur, ssenari baxımından müxtəlif addımlar atıla bilər. Düşünürəm ki, Rusiya bu məsələdə hansısa çəkildə çox da israrlı olmayacaq. Ermənistan bir faktor kimi artıq yükdür. Rusiya bu yükü daşımaq istəmir. Rusiyada bunu yaxşı başa düşürlər ki, Ermənistan istənilən halda Qərbə tərəf keçəcək. Çünki ermənilərin ayrı yolu yoxdur. Ya Ermənistanı kimsə himayəyə götürməlidir, ya da bir dövlət kimi dəfn olunacaq.
Dediyim kimi, Rusiya artıq bu yükü daşımaq istəmir, çünki özünün də problemlər çoxdur. Ermənistan bir müttəfiq kimi – nə siyasi, nə də hərbi cəhətdən onlara lazımdır.
İndi keçid dövrüdür. Qeyd etdiyim kimi, təhlükələr müxtəlif ola bilər. Rusiya rəhbərliyinin özündə də bu məsələyə dair müxtəlif mövqelər mövcuddur: ermənipərəst, realist, bölgədə yeni siyasət həyata keçirmək baxışları (Türkiyə və İranla əməkdaşlıq) var və sair. Məsələ tam bəlli deyil.
- Yaranmış bu mürəkkəb situasiyada üçtərəfli anlaşmaların taleyi necə olacaq - Azərbaycan hədəflərinə çata biləcəkmi?
- Hesab edirəm ki, indiki mərhələdə təzyiqlər davam edəcək. Azərbaycanın tələb etdiyi Zəngəzur dəhlizinin açılması məsələsi eksteriotal xarakter daşımalıdır. Eksteriotal, yəni, Ermənistan qanuni çərçivədən çıxmalıdır. Necə ki, bizdə - Laçında müvəqqəti, 5 illik eksteriotal şərait mövcuddur, amma bu eksteriotal Zəngəzur dəhlizi üçün müddətsizdir. Orada səlahiyyətləri həyata keçirən Rusiya Federl Sərhəd Xidmətinin hərbçiləri olmalıdır. Bu tələb də Azərbaycanın maraqlarına uyğundur. Çünki biz bununla Naxçıvanla Azərbaycan arasında Ermənistandan asılı olmayan əlaqə əldə edəcəyik.
Digər yandan, bu, Rusiyanın da maraqlarına uyğundur, eləcə də İranın marağı var. Çünki İran bu halda Azərbaycan və Rusiya dəmir yolları şəbəkəsinə qoşulmaq imkanı qazanacaq. Əminəm ki, bu plan həyata keçəcək.
- Bəs İkinci Qarabağ müharibəsində siyasi baxımdan kifayət qədər fəal olan regionun digər ölkəsi - Türkiyənin hazırkı situasiyada yeri haradadır?
- Şuşa bəyannaməsinin imzalanmasından sonra artıq bölgədə Türkiyə-Azərbaycan tandemi mövcuddur. Bu tandemin yüksək səviyyədə bəyan olunmuş öhdəlikləri var. Bu, çox vacib bir bəyannamədir. Hesab edirəm ki, praktiki istiqamətdə işlər görülür. Gözə görünməyən praktiki işlər çoxdur.
Azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilir. Həm xarici siyasət, həm də xarici təbliğatda koordinasiya var. Artıq biz Türkiyə-Azərbaycan münasibətlərində bu koordinasiyanın elementlərini görürük. Ən əsası budur ki, artıq dünyanın bir çox oyunçuları bu tandemi qəbul edib. Bu həm Qərbə, həm də Rusiyaya aiddir. Bu çox vacib bir məsələdir. Hesab edirəm ki, bu mərhələni keçdikdən sonra bizim əməkdaşlığımız daha yüksək səviyyəyə çatacaq.
Yeni element ortaya çıxıb, söhbət Pakistanın bu əməkdaşlığa qoşulmasıdır. Bu da çox vacib bir mövzudur. Pakistan-Türkiyə-Azərbaycan üçlüyü artıq bir reallıqdır.