Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Bu yaxınlarda 70 illik yubileyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə dövlət başçısı tərəfindən “Şərəf” ordeni ilə təltif edilən professor Eldar Quliyev Maştağa və İçərişəhərdəki babalarından, Bakı kəndlərinin ab-havasından, nənəsinin xatirələrindən danışıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, bu yaxınlarda 70 illiyinizi qeyd etdiniz. Yeddi on illiyin xronologiyası şərh etsəniz, ömür karvanınıza hansı pəncərədən baxardınız?
- Anadan olduğum gündən bu günə qədər olan dövrü şərh etsəm, bizə çox zaman lazım olacaq. Ziyalı bir ailədə doğulmuşam. Atam 17 yaşında II Dünya müharibəsinə gedib, 4 ildən sonra qayıdıb. Ondan sonra atam texnikumda təhsil alıb. Babam Məmmədyar maştağalı, nənəm Həcər xanım içərişəhərlidir. Babam tanınmış nəsil olan Hacinskilərin doğma bacısı oğludur. Hacı Ağa və İsa Hacinskilərin böyük bacılarının adı Bilqeyisxanım olub. Hacinskilər də imkanlı bir nəsil idi. Həm neft çıxarılması, həm də ticarətlə məşğul olublar. Onların böyük bacıları Maştağada sahibkar olan Hüseynqulu adlı bir şəxsə ərə gedib. Bu adam da mənim babamın atasıdır. Babamın atasıgil Maştağada böyük bir nəsildir.
- Hacinskilərlə bağlı tarixi ədəbiyyatlarda da bəhs olunur...
- Tarixi ədəbiyyatlarda Hacinskilərlə bağlı bir çox məlumatlar mövcuddur. Amma onların ailələri haqqında yazılanlarda ancaq qardaşları haqqında informasiyalara rast gəlmək olur. Hacinskilər haqqında bir çox kitablar yazılıb. Həmin Hacinskilərdir ki, onların Qız Qalasının yanındakı evində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa qalıb. Böyük bacıları haqqında heç bir məlumat tapmaq olmur. Nənəm də xatirələrindən bəhs edəndə deyərdi ki, onlar, yəni Hacinski qardaşları böyük bacıları olduğu üçün Bilqeyisxanıma böyük hörmət və izzətlə yanaşırdılar. Mənim babamın anası belə bir ziyalı ailənin qızı olub. Babam Məmmədyar isə bağçılıqla, təsərrüfatla məşğul olub. Eyni zamanda babamgil 9 qardaş olublar, bacıları olmayıb. Bilqeyisxanım 9 oğul anası olub. İki qardaşları xəstəlikdən vəfat edib. Onların da yeddisinin sağlığında ataları mülkiyyət bölgüsünü edib. O vaxt torpaq sahələri və bağları övladları arasında bölünüb. Bunu da ataları rəsmi qaydada edib. Bununla bağlı mənim arxivimdə sənədlər var. Babam Məmmədyarın o zaman 19 yaşı olub. Amma buna baxmayaraq ataları hamısına mal-mülk bölgüsü edib.
- Deməli, babanız da Maştağanın sayılıb-seçilən nəslinin nümayəndəsi olub...
- Bəli, babamgilin Maştağada hörmət edilən bir şəcərəsi var. Babamın anası o vaxt hələ Bakı şəhərində yeganə qadın olub ki, çarşabsız gəzib. Bunları mənə nənəm danışıb. Mənim 21 yaşım olanda nənəm rəhmətə gedib. Babamı görməmişəm. O, tez dünyasının dəyişib. Babamla nənəmin ailə qurması da çox maraqlı bir tarixlə bağlıdır. Hacinskilər 3 qardaş olub. Hacı Ağa onların böyük qardaşı idi, babamın anası onların yeganə bacısı olub. 3 qardaşdan Hacı Ağa Hacinskinin övladı olmayıb. Hacı Ağa Hacinski də nənəmin xalası ilə evli idi. Onların da övladları olmadığına görə belə qərara gəlinir ki, o, öz bacısının oğlunu, xanımı da bacısının qızını evləndirib onları öz yanlarında saxlasınlar. İndiki "Beşmərtəbə"nin yanında keçmiş Basin 27 ünvanındakı evi yaxın illərdəki təmir zamanı geriyə sürüşdürdülər, həmin o ev əvvəl İsa Hacinskinin olub. İsa Hacinski bulvarda özünə ev tikdirdikdən sonra o evi Hacı Ağa Hacinskiyə verib. Həmin binanın 3-cü mərtəbəsində onlar yaşayıblar, ikinci mərtəbədə isə o gənc ailəni yerləşdiriblər. Mənim babamla nənəm həmin evdə yaşayıblar.
- Nəsil şəcərənizin bir hissəsi içərişəhərlidir?..
- Bəli, nənəmgil İçərişəhərin tanınmış ağ şalvarlılarından idi. O dövrdə Bakıda baş verən proseslərə görə, kimin Maştağa ilə əlaqəsi vardı, onlar məhz bu qəsəbəyə köçməli olub. 1918-ci ildə məlum tarixi hadisələr baş verəndə demək olar ki, bütöv şəhər camaatı Maştağaya köçüb. Bakıya daşnakların hücumu zaman kişilər ailələrini məhz Maştağada saxlayıb bolşeviklərə-daşnaklara qarşı vuruşmağa qayıdıblar. Maştağa həndəvərində daşnakların hücumunu dəf edərkən babamın iki qardaşı şəhid olub.
- 1918-ci ildə Bakıda törədilən mart qırğınlarından böyükləriniz nələr danışırdı?
- Nənəm o dövrlərlə bağlı çox hadisələri danışardı. Deyirdi ki, Qafqaz İslam Ordusu gələnə qədər çox böyük çətinliklər yaşayıblar. 1918-ci ilin mart hadisələri zamanı Şaumyan daşnaklara deyib ki, Maştağanı almasanız, Bakını işğal edilmiş saymayın. Mart qırğınları zamanı Bakıda insanlara qarşı çox amansızlıqla divan tutulub. Hətta nənəm deyirdi ki, insanları divara mismarlayıb öldürüblər. Türk ordusu gələnə qədər belə müsibətlər davam edib.
- Maştağada o zaman türk ordusunun gələcəyini bilirmişlər?
- Qafqaz İslam Ordusunun bir hissəsi Nardaran, Bilgəh tərəfdən gəlib. Hətta türk paşası Maştağanın mərkəzinə gəlib çatanda deyib ki, niyə gavurları qovmursuz?. Bolşevik-daşnaklara qarşı mübarizədə Qafqaz İslam Ordusuna Bakı, xüsusən Maştağada toplaşan qoçular, ayrı-ayrı adamlar böyük köməkliklər göstərib. Bizimkilər gecələr gedib düşmən toplarının lüləsinə qətran basarmışlar. Topların lüləsinə qətran basdıqda ondan atış etmək olmurmuş. Hətta bir daşnak zabitini un kisəsində əsir götürüb gətiriblər. Çünki Qafqaz İslam Ordusunun komandalığına bu əsirlərdən alınacaq məlumatlar vacib idi. Türklər ərazini tanımadıqlarına görə, bu işləri yerli insanlar həyata keçirirdilər. Buna baxmayaraq, düşmənlə mübarizədə itkilərimiz az olmayıb. Tanınmış Bakı qoçularından olan qoçu Əziz də orada şəhid olub.
- Deməli, Bakı qoçuları haqqında danışılanlar reallığa əsaslanırmış?
- Bəli, qoçu Nəcəfqulunu bolşeviklər məhkəməsiz güllələyib. Sovet hökuməti qurulduqdan sonra da Bakı qoçularına qarşı xüsusi amansızlıqla divan tutmağa başladılar. Çünki bu adamlar camaat arasında böyük nüfuza malik idilər.
- Sizə danışılan xatirələrdə Xalq Cümhuriyyəti dönəmini necə xatırlanırdı?
- Bu barədə də nənəmin xatirələri zəngin idi. Nənəm Xalq Cümhuriyyəti dönəmindən bəhs edərkən deyirdi ki, o dövrdə tez-tez dəyişikliklər baş verirdi. Çar Rusiyasında olan inqilab, Ermənistan tərəfindəki hadisələr o dövrdə yeni yaranmış ölkədə təlatümlərə yol açıb. Nənəm babamızın gündə bir təzə xəbərlə evə gəldiyini, narahat bir həyat tərzi yaşadıqları söyləyirdi. O deyirdi ki, Xalq Cümhuriyyəti dövründə vəziyyət çox ağır idi. Bolşeviklərlə Xalq Cümhuriyyəti arasında ciddi qarşıdurmalar baş verirdi. Babam bu haqda nənəmə danışarmış.
- Böyükləriniz sovet hakimiyyətinin qurulmasını və ondan sonrakı dövrü necə xatırlayırdı?
- Nənəm deyirdi ki, biz evimizi sovet hökumətinə təhvil verib çıxmışıq. Gəlib dedilər ki, bu evləri tərk edin.
- Atanız ailəsi barədə də məlumat vermənizi istərdik.
- Atamgil beş qardaş, üç bacı olublar. Əmimin biri həkim, digəri hərbçi olub. Ata nəslimdən II Dünya müharibəsinə 7 nəfər gedib. Onlardan yalnız ikisi sağ qayıdıb. Atamla, bibimin həyat yoldaşı sağ salamat geri dönüb. Atam 1944-cü ilin dekabr ayında müharibədən yaralı vəziyətdə geri dönüb. Müharibədə atam dabanından və əlindən yara alıb. Ona görə də sonralar ayağının birini bir az çəkirdi. Atam deyirdi ki, orada yeganə sağ qalan mən oldum. Digərlərinin taleyi çox acınacaqlı olub.
- Bakı mühitində təhsilə maraq birmənalı olub. Sizin ailədə bununla bağlı vəziyyət necə idi?
- Sovet dönəmində təhsilə fikir verirdilər. Amma müharibənin yaratdığı çətinliklər, imkansızlıq insanların bir qisminin təhsil almasına maneə yaradırdı. Əmilərimdən ikisi ali savadlı olub. Babam Məmmədyar müharibədən öncə rəhmətə gedib. Atam da müharibədən qayıtdıqdan sonra təhsil alıb və o, müharibədən qayıtmayan yaxınlarımızn övladlarına dəstək olub.
- Ailənizin qazanc mənbəyi əsasən hansı sahələrdən təmin olunurdu?
- Bayaq xatırlatdım ki, babamın anası Hacınskilərin qızı olub. Hətta şəhərdə olanda bolşeviklər bir gün onların evlərinə də qarət üçün basqın ediblər. O vaxt Bakıda olan varlı ailələrə basqınlar edərək qızıl və dəyərli əşyaları qarət edirlərmiş. Nənəm danışardı ki, bir dəfə də onların evlərinə belə bir basqın edilib. Amma quldurlar cəmi bir cüt sırğa apara biliblər. Basqın zamanı babam pəncərədən kömək çağırıb, polis işçiləri ilə quldurlar arasında atışma olub. Məlum olub ki, babamgilin evində qızıl-zinət olmasını onların evlərinin damlarını qırlayan bir şəxs işarə verib. Həmin atışma zamanı o qırçı da yaralanıb. Sonradan bəlli olub ki, o qırçı bolşeviklərə Bakıda olan varlı evlərin ünvanını verirmiş.
- Atanız hansı sahədə çalışıb?
- Atam çörək sexinə rəhbərlik edirdi. O dövrdə çörək talonla olsa belə ədalətli bölgü ilə ad çıxarmışdı. Hətta imkanı olmayanlara çatdırarmış. Amma atam heç vaxt bu cür hallardan pul qazanmayıb. O, həmişə ehtiyacı olanlara, talon ala bilməyənlərə yardım edib. Atam etdiklərini heç vaxt danışmazdı. Bunları biz başqalarından eşidərdik. Qış aylarında artıq qalan çörəkləri kağız kisələrə yığıb ehtiyacı olan ailələrə verirmişlər. O zaman deyərmişlər ki, “Allahyarın çörəyi gəldi”. Atam əsasən ailə başçıları müharibədən qayıtmayan ailələrə yardımlar edib. Hər gün bu qayda təkrar olunarmış. Nardaran ağsaqqaları indi də mənə deyirlər ki, Allahyar kişi hər zaman öz qabiliyyəti ilə ad qazanıb. Atam rəhmətə gedəndə mən məclisdə bildirdim ki, ay camaat, atamın kimə nə borcu varsa, mən oğlu olaraq onu ödəməyə hazıram. Hamı dedi ki, Allah rəhmət etsin.
Amma bu hadisənin üstündən bir neçə gün keçəndən sonra bir nəfər mənə xəbər göndərdi ki, bəs atanızın mənə borcu var. Maraqlandıq, 70 yaşında bir kişi idi. Axtardıq, tapdıq soruşduq ki, atamızın sizə necə, nə qədər borcu olub? Dedi ki, “o vaxt atanız çörək verəndə, yəni 1945-ci ildə mənim 10 yaşım olardı… çörəyin pulunu öna ötürdüm, amma o çərəyin pulunu mənə qaytaranda iki manat əskik vermişdi” (gülür). Deyirik ki, ağsaqqal bəlkə arada o qalığı sənə qaytaranlar pulu əskik veriblər?.. Dedi ki, yox, mənim iki manatımı qaytarın, çünki sən demisən ki, atamın kimə ki borcu var qaytaracam. Soruşduq ki, indi nə istəyirsən? Ded evimiz uçub-tökülür onu təmir etdir. Onun oğlanlarını da çağırdım dedim ki, atanıza o iki manata görə yox, halallığa görə pul verirəm, gedin atanızın evini təmir etdirin. Bu hadisə 2015-ci ildə baş verib. Atam da 30 dekabr 2015-ci ildə 92 yaşında rəhmətə gedib. O vaxt mən artıq Sabunçu rayonunun 15 il idi ki, millət vəkili idim. Onu da xatırladım ki, 1966-cı ildə atam Azərbaycan ali sovetin rəyasət heyətin qərarı ilə əməkdar ticarət işçisi adı ilə təltif olunmuşdur. Onun necə ola bilərdi ki, kiməsə iki manat borcu qalardı (gülür).
Ardı var...