Son vaxtlar ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə əldə olunmuş möhtəşəm nailiyyətləri gözü götürməyən həm xaricdən, həm də daxildən olan bir qrup qüvvələr ictimaiyyətdə pozucu şayiələr yaymaqla məşğuldurlar. Hətta ölkəmizdə keçən il Müzəffər Ali Baş Kamandanın rəhbərliyi ilə qəhrəman Milli Ordumuzun 30 il işğal altında olan Qarabağ torpaqlarının azad olunması, ölkəmizdə aparılan çoxşaxəli, uğurlu və əsaslı islahatlar bu qüvvələri qane etmir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, xüsusilə də "beşinci kolon" hətta üç mindən çox şəhidinin qanı ilə və qazilərimizin sağlamlığı ilə yazılan möhtəşəm və müqəddəs Zəfərimizə belə kölgə salmaqdan utanmır: “Bu qüvvələr çox gözəl dərk edirlər ki, onlar dünya birliyində böyük nüfuz və imic qazanmış möhtərəm Prezidentimizə heç vaxt - nə bu gün, nə də gələcəkdə alternativ və ya rəqib ola bilməzlər. Çox təəssüf ki, xaricdəki ermənipərəst qüvvələrin köləsi olan "5-ci kolon" “müqəddəs missiyalarını” hələ də davam etdirirlər”.
Deputat Milli Məclisin vaxtından qabaq buraxılması barədə yayılan xəbərləri əsassız adlandırıb: "Bu cür fikirlər sözsüz ki, cəmiyyətdə çaşqınlıq salmağa hesablanıb və müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq, maliyyə-bank sahəsində aparılan islahatlarla bərabər ölkəmizdə siyasi institutların də təkmilləşdirilməsi sahəsində uğurlu islahatlar aparılıb. Bu istiqamətdə hələ də işlər davam edir. Prezident Administrasiyasında xüsusi şöbənin yaradılması, vaxtından qabaq parlament seçkiləri, ölkəmizin siyasi istablişmentinin daha da təkmilləşdirilməsi, plüralizm və demokratiya sahəsində qazanılan nailiyyətlər ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Məhz Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin günün tələbinə uyğun fəaliyyətinin nəticəsidir ki, ölkəmizin ictimai-siyasi həyatının yeni siyasi konfiqurasiyası formalaşıb. Bu gün Milli qanunvericilik hakimiyyətinin fəaliyyəti Prezidentin müdrik və titanik fəaliyyəti nəticəsində həyata keçirdiyi dövlət siyasəti ilə tamamilə harmoniya təşkil edir. Son parlament seçkilərindən sonra Milli Məclis aparatının strukturunda və fəaliyyətində aparılan islahatlar qanunverici hakimiyyətin çevik və səmərəli fəaliyyətinə böyük dəstək oldu”.
Millət vəkili söyləyib ki, içimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflas olacaq: “Bu gün Milli Məclisin istər dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin əhali arasında təbliğində, istər qanunvaricilikdəki və istərsə də beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində fəal iştirak edir. Qeyd etmək lazımdır ki, bu gün seçici-millət vəkili əlaqəsi daha təkmil və əlçatandır. Əminəm ki, Vətən müharibəsində qazandığımız ölkəmizdə və bölgədə yaranmış yeni reallıqlar mühitində qanunverici hakimiyyət dövlətçiliyimizin və milli qanunvericiliyimizin güclənməsində daha böyük töhfə verəcək”.