2 Avqust 2021 14:28
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Konstitusiyası ümumimilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-cı ildə qəbul olunub. Bu ana qanunumuz müstəqil dövlətimizin hüquqi, demokratik əsasları üzərində möhkəmlənməsinə xidmət edir. Konstitusiyamız bu illər ərzində ölkəmizin inkişafı ilə əlaqədar yaranmış yeni tələblərə və daha çox vətəndaşların maraqlarına uyğunlaşdırılması məqsədilə 3 dəfə ümumxalq səsverməyə çıxarılıb və dəyişikliklər edilib. Sonuncu referendum 2016-cı ildə keçirilmiş və konstitusiyamızın 29 maddəsi üzrə dəyişikliklərə xalqımız səs verib. Bu gün dəyişikliklərdən sonra Konstitusiya daha mükəmməlləşmiş, dövlətin hakimiyyəti qolları arasında ahəngdar fəaliyyəti təmin etməklə xalqımızın maraqlarına tam cavab verir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bütün bunlara baxmayaraq son günlər KİV-də bu ilin payızında referendum keçiriləcəyi və sonra da yenidən Milli Məclisə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı yazılar tirajlanmaqdadır: “Konstitusiyada dəyişikliklərin ediləcəyi ilə bağlı dərc olunan fikirlər tamamilə əsassızdır, yanlışdır. Çünki ölkə konstitusiyası bu günün tələblərinə uyğundur və dövlətimizin möhkəmlənməsinə, xalqımızın hüquq və azadlıqlarının müdafiəsinə cavab verir. Dəyişiklilkərin olacağı ilə bağlı səsləndirilən fikirləri əsassız və radikal müxalifətin arzularının işıqlandırılması kimi başa düşürəm. O cümlədən, referendumla əlaqədar mətbuatda son vaxtlar səsləndirilən fikirlərdən biri də proporsional seçki sisteminin tətbiq olunacağı ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan majoritar seçki sistemi bu günün maraqlarına tam cavab verir. Majoritar seçki sitemi cəmiyyətdə daha çox etibar və inam qazanmış şəxslərin seçilməsinə yol açır. Məhz tətbiq olunan majoritar seçki sisteminə uyğun parlamentə 11 siyasi partiyasının nümayəndələri seçilərək təmsil olunurlar. Məqsəd o olmalıdır ki, ölkədəki bütün partiyalar parlamentdə təmsil olunsun. Bu mənada majoritar seçki sistemi zamanın sınağından uğurla çıxıb və hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac duyulmur”.

Millət vəkili Milli Məclisə yenidən növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı səsləndirilən iddialar da tamamilə yanlış və əssasız adlandırıb: “VI çağırış Milli Məclisi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatların ruhuna uyğun şəkildə fəaliyyətini qurub. Müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq parlamentdə də islahatlar aparıldı. Parlamentin say tərkibi bu günün tələblərinə tam uyğundur. Deputataların sayının artırılmasının vacibliyi ilə bağlı fikirlər də tam məntiqsiz və lazımsızdır. Millət vəkillərinin sayı ölkə ərazisindəki bütün seçki dairələrdəki vətəndaşları əhatə edir. Əsas hədəf Milli Məclisin say tərkibinin artırılması deyil, keyfiyyətli fəaliyyətin orta qoyulması olmalıdır. Sözsüz ki, ilk dəfə olaraq parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələri parlamentin rəhbərliyində təmsil olunmağa başladı. İcra hakimiyyəti ilə Qanunverici hakimiyyətin ahəngdar işinin təşkili məqsədilə Milli Məclisdə İcra hakimiyyətlərlə iş şöbəsi yaradıldı. O cümlədən Prezident Administrasiyasında da parlamentlə iş şöbəsi yaradıldı ki, bu da dövlət hakimiyyəti qollarının koordinasiyalı şəkildə daha effektiv fəaliyyətinə yol açdı”.

Azər Badamov VI çağırış Milli Məclis formalaşdıqdan sonra COVID-19 pandemiyası ilə bağlı fəaliyyətin göstərilməsində müəyyən qaydaların gözlənilməsindən bəhs edib: “Məhdudiyyətlərə və çətinliklərə rəğmən ölkədə tətbiq olunmuş karantin rejiminin tələblərini gözləməklə Milli Məclisin komitə iclasları onlayn, plenar iclasları açıq zalda keçirməklə təşkil olunub. Ötən dövr ərazində Milli Məclis yüzlərlə qanunlarda dəyişikliklər etməklə yeni qanunlar qəbul etdi. Qanunların qəbul edilməsində kəmiyyətdən keyfiyyətə keçid olundu. Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyi regionda davamlı sülh, təhlükəsiz və əməkdaşlıqdan ibarət olduğunu bütün beynəlxalq görüşlərdə və məktub mübadilələri ilə həmkarlarımızın diqqətinə çatdırılıb. Bu mənada VI çağırış parlamentin fəaliyyəti uğurludur. Xalqın və dövlətin maraqlarına cavab verir. Milli Məclisin buraxılaraq yenidən növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər