3 Avqust 2021 12:00
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır. Amma yayılan xəbərlərdə bu mövqeni gücləndirən və ya isbat edən arqumentlər göstərilmir. Sadəcə ümumi fikirlərə üstünlük verilir. Halbuki, son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Eyni zamanda, VI çağırış Milli Məclis idarəedilməsində dəyişikliklər və parlament stukturunun yeniləşməsi ilə yadda qalıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Milli Məclisin mövcud say tərkibi və stukturu səmərəli idarəetmə üçün məqbuldur: “Digər tərəfdən, xüsusən son çağırışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının da yüksəlməsi qeydə alınıb. Eləcə də son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artıb. Fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır. İdarəetmədə səmərəliliyin daha da yüksəlməsi müşahidə olunur. Bu baxımdan, konstitusiyaya dəyişiklik edilməsi üçün referendumun keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır”.

Deputat vurğulayıb ki, o zaman sual olunur, referendum və Milli Məclisin buraxılması məsələsi nə üçün və kimlər tərəfindən gündəmə gətirilir: “Şübhə yoxdur ki, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir.

Məqsəd isə Azərbaycan ictimaiyyətində Milli Məclisə olan etimadı zədələmək, ictimai rəydə çaşqınlıq yaratmaqdır. Əlbəttə, Azərbaycan hakimiyyətini, dövlətini hədəfə alanlar yaxşı bilirlər ki, bu gün ölkəmiz tarixdə heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Bu günün Azərbaycanı işğal altında olan torpaqlarını azad etdi, pandemiyanın, müharibənin iqtisadi-maliyyə təsirlərinə baxmayaraq, Qarabağ, Şərqi Zəngəzur bərpa edilir, yenidən qurulur. Xüsusilə də, ölkə daxilində xalqla iqtidar arasında sıx birlik var. Bu gün əhalinin böyük əksəriyyəti hakimiyyətə inanır, güvənir, taleyini etibar edir”.

Aydın Mirzəzadəyə görə, Azərbaycana nifrət, kinlə yanaşan, ölkəmizi Suriya, Liviya vəziyyətində görmək istəyən anti-Azərbaycan qüvvələr var: “Onların içimizdəki “piyadaları”, “5-ci kolon”u referendumun keçiriləcəyi, Milli Məclisin buraxılacağı barədə şayiələr yayır, sosial şəbəkələr vasitəsilə gündəm yaratmağa çalışırlar. Aydındır ki, referendum və Milli Məclisin buraxılması barədə aparılan anti-təbliğat düşmən qüvvələrin yalan üzərində qurulmuş təxribatıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər