Avqustun 5-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Davamlı İnkişaf Məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib.
Əvvəlcə UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov gəncləri ali təhsil ocağında yaradılan şəraitlə yaxından tanış edib. Layihə iştirakçıları universitetin həyətində yaradılan “UNEC şəhidləri” yeni memorial kompleksini ziyarət ediblər. UNEC Ekstern Mərkəzi, oxu zalı, kitabxana və muzeylə tanışlıqdan sonra görüş akt zalında davam etdirilib.
Teleqraf.com-un məlumatına görə, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov gənclər qarşısında “Təhsilin inkişafının cəmiyyətdə olan problemlərin həllində rolu” mövzusunda çıxış edib. Rektor əvvəlcə universitetdəki yeniliklərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, qarşıya qoyulan planlardan, həyata keçirilən tədbirlərdən bəhs edib.
“Azərbaycanda təhsilə verilən önəm olduqca yüksəkdir” deyən Ə.Muradov vurğulayıb ki, ölkəmizdə cəmiyyətin bütün təbəqələri təhsilə xüsusi dəyər verirlər: “Təhsil vasitəsi ilə həlli mümkün olmayan problem yoxdur. Empirik tədqiqatların nəticələrinə görə, bütün dünyada ortalama göstərici ondan ibarətdir ki, cəmiyyətin minimum 25-30 faizi təhsillə maraqlanır. Bu, o deməkdir ki, onların maraqları ilə üst-üstə düşməyən tədbirlər həyata keçirildiyi zaman təhsil cəmiyyətdə təhlükə mənbəyinə çevrilə bilər. Maraqlar nəzərə alınan zaman isə təhsil cəmiyyətin ən azı 30 faizinin rəğbətini qazanmaqla dəstək əldə etmiş olar. Bu, maraqların da təmin edilməsi olduqca mürəkkəbdir. Təhsil alanla təhsil verən arasında maraqların uzlaşdırılması çox çətindir. Təhsil alan bir qayda olaraq təhsilin nəticələrini əks etdirən qiymətlərin yüksək olmasını və bunu asan yolla əldə etməsi üçün hər bir varianta əl atır. Təhsil verənlər isə buna bir qədər fərqli yanaşırlar. Cəmiyyətdə bir çox hallarda təhsildə baş verənlərə, övladına bunun təsiri baxımından qiymətləndirərək baxırlar. Bu maraqların təmin edilməsi şübhəsiz ki, vacibdir. Amma bu, çox ciddi səylər tələb edir”.
“Bir qayda olaraq ali təhsil mərkəzləri yerləşən məkanlar ölkələrin innovativ inkişaf mərkəzləridir” söyləyən UNEC rektoru ABŞ-da Stanford, Böyük Britaniyanın Kembric, Çinin Şanxay universitetlərini də misal göstərərək qeyd edib ki, bu ali təhsil müəssisələri innovasiyanın mərkəzi olmaqla yanaşı, həmin ölkələrin, regionların innovativ inkişafına da ciddi təkan verirlər.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova dəyərli fikirləri üçün öz təşəkkürünü bildirib. Natiq iştirakçılar arasında həm YAP üzvləri, həm də bitərəf gənclərin olduğunu vurğulayaraq bu təşəbbüsün cəmiyyətdə ictimai-siyasi düşüncəsindən asılı olmayaraq bütün gənclər arasında sağlam və dayanıqlı kommunikasiyanın formalaşamasına töhfə verəcəyini deyib.
Daha sonra diskussiya şəklində keçirilən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.