6 Avqust 2021 18:14
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan 6 ildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2015-ci il iyunun 16-da qəbul etdiyi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarı icra etmir. Ermənistan Laçından olan 6 nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyanı, təzminatı ödəmir. Eyni zamanda, cavabdeh dövlət azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün xüsusi mexanizm yaratmalı idi. Bu qərar da eyni qaydada Ermənistan tərəfindən icra olunmur. Presedent xarakteri daşıyan bu aparıcı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki yeganə sənədidir.

Bu barədə Teleqraf.com-a həmin iddiaçılardan biri olan Laçın rayon Kamallı kənd sakini Fəxrəddin Paşayev deyib.

O, 6 nəfər məcburi köçkünün Avropa İnsan Hüquqları Məhkəməsində tək maddi yox, hüquqlarının pozulması haqqında müraciət etdiyini söyləyib: “2005-ci ildə edilən bu müraciətin təşəbbüskarı mən olmuşam. İki dəfə Avropa İnsan hüquqları Məhkəməsinin Strasburqda keçirilən iclasında iddiaçıları mən və Akif Həsənov təmsil edib. Eyni zamanda 2010-ci ilin 10 sentyabrında və 2014-cü ilin yanvarın 20-də iddiaçıları təmsil etmişik“.

F.Paşayev Laçın şəhərinin işğaldan azad edildiyi və hələ oradakı evlərini görmək imkanlarının olmadığını vurğulayıb: "Kamallı və Çıraqlı kəndində bir dənə də olsun salamat ev yoxdur. Ağbulaq kəndində isə bir-iki uçuq-sökük ev qalıb. Füzulidən Laçına qədər ermənilər tərəfindən uçurulmuş, dağıdılmış, xaraba qoyulmuş yaşayış məntəqələrindən keçib Laçının ən ucqar kəndləri olan Camallı, Çıraqlı Ağbulağa qədər olan bütün yaşayış məntəqlərini ermənilər dağıdıb. Ancaq evlərimiz, obalarımız, dağıdılıb viran edilmiş olsa da biz ora qalib kimi qayıtdıq. Biz həm hüquqi müstəvidə qələbə qazanmışıq. Avropa İnsan hüquqlari kimi mötəbər bir Məhkəmə bizim xeyrimizə qərar verib. 44 günlük dünya tarixinə düşən Vətən müharibəsinin də qalibi bizik”.

O qeyd edib ki, bu gün Ermənistanın Avropa Məhkəməsinin kəsdiyi kompensasiyanı ödəməsi məsləsinə görə bu ölkəyə iki dəfə xəbərdarlıq edilib: “Amma Ermənistan hələ də bunu icra etməyib. Avropa İnsan Hüquqları Məhkəməsinin icraedici orqanı Avropa Şurası Nazirlər Komitəsidir. Artıq Avropa Məhkəməsi bir neçə dəfə Nazirlər Komitəsinə müraciət edib. Ermənistan isə bundan boyun qaçırır. Bu ölkə axıra kimi çalışacaq ki, bundan yayınsın. Amma prosedur qaydalarına görə, Ermənistan tərəfindən bizə ödəniləcək 5 min avro həcmində hər bir ailə üçün kompensasiya müəyyənləşib. Bu, simvolik bir rəqəmdir”.

İddiaçının sözlərinə görə, əslində bizə milyonlarla ziyan dəyib: “Ən azı hər bir ailəyə 2 milyon avrodan yuxarı ziyan dəyib. Qaydalara görə, qərar verilən gündən müəyyənləşmiş kompensiyanın üzərinə faizlər əlavə olunur. Son məlumata görə, sentyabr ayında Avropa Şurası Nazirlər Komitəsi bu işə yenidən baxacaq. Əgər bu kompensasiya ödənilməsə, Avropa Şurası özünün legitimliyini itirdiyini ortaya qoyacaq. Düşünülən odur ki, bu hal baş verməz. Ermənistan məcbur ediləcək ki, bu kompensasiyaları ödəsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər