10 Avqust 2021 14:57
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa, ABŞ və Avropa Birliyinin son zamanlarəallaşması Rusiyanın qıcıqlandırır. Rusiya hazırda Qarabağda sayı 22 mindən artıq olmayan erməniləri öz himayəsinə alaraq, burada möhkəmlənmək niyyətindədir. Rusiya bu səbəbdən anlayır ki, əgər qarabağlı ermənilərin sayı az olarsa, Rusiya sülhməramlılarının fəaliyyət müddətinin artırılmasının bir məntiqi əsası qalmır. Buna görə də Rusiya sülhməramlıları bu və digər məsələlərə görə qarabağlı ermənilər və Ermənistanın fəaliyyətinə göz yumur”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Dünəndən etibarən Ermənistanın Laçın dəhlizindən Qarabağa canlı qüvvə və silah daşıması barədə məlumatlar yayılır. Bu məlumatlar doğrudursa, bunda məqsəd nə ola bilər?

- Ermənistan Müdafiə Nazirliyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silahlı qüvvə və silah daşımağı davam etdirir. Bu proses əvvəllər də var, amma son günlər daha da intensivləşib. Bizdə olan məlumata görə, 12 “Kamaz”, 3 “Ural”, habelə iri-xırda nəqliyyat vasitələri ilə Ermənistandan Qarabağa hərbi qulluqçular daşınır.

Eyni zamanda, erməni hərbçiləri mülki paltarlar geyinərək, Qarabağa sızmaqda davam edirlər.

Ermənistanın məqsədi situasiyanı mümkün qədər gərginləşdirmək, məsələnin müzakirə predmetini Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası müstəvisindən çıxararaq, yenidən Qarabağa qaytarmaqdır. Daha orta perspektivdə isə ATƏT-in Minsk qrupunun həmsədrlərini yenidən danışıqlar prosesinə cəlb etməkdir.

Beləliklə, Qarabağın olmayan statusunu gündəmə gətirmək və müzakirələri bunun üstündə qurmaqdır.

- Bəs Rusiya sülhməramlıları Qarabağdakı qanunsuz silahlı birləşmələri çıxarmaq əvəzinə, yeni qüvvələrin bölgəyə gəlişinə niyə imkan verir?

- Əfsuslar olsun ki, Rusiya sülhməramlılarının fəaliyyəti əksər hallarda o qədər də qənaətbəxş deyil. Rusiyanın başlıca məqsədi Cənubi Qafqazda möhkəmlənməkdir və bu, anlaşılan məsələdir. Ümumiyyətlə, bu gün böyük dövlətlər arasında Qafqazda möhkəmlənmək uğrunda geosiyasi qarşıdurma və mübarizə gedir. Rusiyaya gəldikdə, o, Vətən müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında bəyanatın imzalanmasında vasitəçi rolunu oynayıb. Rusiyanın bu rolu Fransa və ABŞ-ın xoşuna gəlmədi və gələ də bilməzdi.

Fransa, ABŞ və Avropa Birliyinin son zamanlar fəallaşması Rusiyanın qıcıqlandırır. Rusiya hazırda Qarabağda sayı 22 mindən artıq olmayan erməniləri öz himayəsinə alaraq, burada möhkəmlənmək niyyətindədir. Rusiya bu səbəbdən anlayır ki, əgər qarabağlı ermənilərin sayı az olarsa, Rusiya sülhməramlılarının fəaliyyət müddətinin artırılmasının bir məntiqi əsası qalmır. Buna görə də Rusiya sülhməramlıları bu və digər məsələlərə görə qarabağlı ermənilər və Ermənistanın fəaliyyətinə göz yumur.

- Dünən KTMT-nin baş katibi Stanislav Zas İrəvana gəldi. O, Ermənistanda səfərdə olarkən, Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng etdi. Moskva Bakıdan nə istəyir?

- Zas Rusiya yox, Belarus nümayəndəsidir. Ermənistan müdafiə naziri Arşak Karapetyan Zasla görüşündə etiket qaydalarını pozaraq ona, “Sizi may ayında gözləyirdik, təəssüf ki, gəlmədiniz”, - deyərək eyham vurması, siyasi ədəbsizlik və tərbiyəsizlik nümunəsidir.

İkincisi, o, həmin şəxsdir ki, Aprel döyüşləri vaxtı Baş Qərargahın operativ idarəetmə idarəsinin rəisi idi və həmin döyüşlərin Ermənistanın məğlubiyyəti ilə başa çatmasına görə vəzifəsindən qovulmuşdu. İndi isə bu adam Azərbaycanı hədələyir bildirir ki, “Əgər Azərbaycan geri çəkilməsə, gücə əl atacağıq”. Hansı gücdən, hərbi vasitədən söhbət gedir? Bunlar mənim üçün bir qədər qaranlıqdır. Çünki Ermənistan ordusunun indiki vəziyyəti hamımıza məlumdur.

Karapetyan indi Moskvada danışıqlar aparır. Məqsəd Rusiyanı bu prosesə cəlb etmək, rusiyalı hərbçilərin sərhədboyu ərazilərdə mövqe tutaraq postlar qurmasına və uzaq perspektivdə KTMT-nin prosesin iştirakçısına çevrilməsinə nail olmaqdır. Ermənistan bu minvalla sərhəd məsələsinə Rusiya KTMT-ni cəlb etmək istəyir. Təbii ki, bu baş tutan plan deyil.

Lavrov-Bayramov danışıqlarına gəldikdə, bu telefon danışığında təkcə sərhəd məsələsi müzakirə olunmayıb. Bu görüşdə həm də Zəngəzur dəhlizi, yaranmış problemlərin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu məsələlər haqda rəsmi açıqlama verilməyib və verilə də bilməz. Amma görünən budur ki, Ermənistan yenidən vəziyyəti gərginləşdirib müharibəyə hazırlıq görüntüsü yaratmaq istəyir. Nə belə bir görüntü var, nə də yeni müharibə olacaq. Ermənistanın bunun üçün maliyyə, hərbi, iqtisadi və humanitar potensialı yoxdur.

Sadəcə olaraq, Ermənistan maksimum şəkildə vəziyyəti gərginləşdirməklə başqalarının əlləri ilə oddan şabalıdları çıxarmağa çalışır. Yəni başqalarından faydalanaraq, öz məqsədlərinə nail olmağa cəhd edir. Burada “başqaları rolunda” Fransa, ABŞ və Rusiya oynayır.

- Son günlərdə fəallıq artıb. Bütün bu baş verənlər nə ilə nəticələnə bilər?

- Ermənistan tez-tez Naxçıvan, Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimizi atəşə tutur. Məqsədi də yuxarıda dediyim məsələlərə görədir. Eləcə də Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan layihənin təxirə salınmasına nail olmaq, sonra da Rusiyaya güvənərək qeyri-adekvat addımlarını legitimləşdirməkdir. Amma onun bu niyyəti baş tutmayacaq.

Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi istifadəyə veriləcək. Bu qaçılmazdır, bunun alternativi yoxdur və buna paralel hansısa hərəkətlilik heç bir məna daşımır və daşıya da bilməz. Sadəcə olaraq, Ermənistan öz vəziyyətini özü daha da ağırlaşdırır. Ermənistan aşkar formada Fransaya güvənir. Fransa da Ermənistanı körükləyir. Fransanın məqsədi aydındır: Ermənistanı Rusiyanın nəzarətindən tam çıxarmaq.

Sosial şəbəkənin Ermənistan seqmentində hökm sürən ab-havaya görə, bu ölkədə anti-Rusiya meylləri gücləndirilir. Buna misal olaraq ABŞ-ın Ermənistandakı səfirinin ikinci dəfə Zəngəzur bölgəsinə səfərini və Fransa səfirinin açıqlamalarını göstərmək olar.

Proses Ermənistan tərəfindən süni olaraq gərginləşdirilir ki, o da hansısa nəticələr əldə etsin. Amma heç bir nəticəsi də olmayacaq. Çünki Ermənistan nə yeni müharibəyə hazırdır, nə də müharibə aparmaq imkanındadır. Ermənistan qarşısına qoyulan şərtləri yerinə yetirməlidir. Ermənistan prosesləri nə qədər ləngidirsə, sonda onun üçün bunun nəticələri o qədər ağır olacaq.

- Bəs Rusiyanın fikri nədir?

- Rusiya mümkün qədər vəziyyətdən faydalanmağa çalışır. Rusiyanın öz maraqları var və bunu təmin etmək üçün səy göstərir. Rusiyanın vecinə deyil ki, Ermənistanın milli maraqları və istəkləri var. Ermənistan həmişə Rusiyaya sadiq köpək olub. İndi sadiq köpəyin ona ət verən əli dişləməsi, sahibini sinirləndirir.

Rusiya da bu vəziyyəti qaydasına qoymaq üçün sürətli olaraq müzakirə və məsləhətləşmələr aparır. Rusiya Cənubi Qafqazdan getmək istəmir və gedən də deyil. Rusiya bölgədəki mövqelərini daha da gücləndirməyə çalışır, amma bu, Azərbaycanın hesabına olmayacaq, indiyə kimi də olmayıb. Həmişəki kimi, yenə də zərərçəkən Ermənistan olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər