44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan eyni zamanda regionda yeni reallıqlar yaradıb. Zəngəzur dəhlizinin açılması məsələsi bu reallıqlardan irəli gəlir. Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində bəyan etdiyi kimi yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, bu dəhlizin açılması Ermənistanın da maraqlarına cavab verir: “Dövlət başçısı da vurğulayıb ki, Ermənistan dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün yeni fürsətlər ortaya çıxacaq. Əgər Ermənistan bundan sonra normal şəkildə inkişaf etmək istəyirsə, reallıqla barışmalı, 10 noyabr üçtərəfli Bəyanatında öz əksinin tapmış öhdəlikləri yerinə yetirməlidir”.
Deputatın sözlərinə görə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir: “Cənab Prezidentin müsahibəsində vurğulandığı kimi bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Məlum olduğu kimi, dörd il əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu. Azərbaycan bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdi.
Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, ölkəmiz üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla dəmir yolu ilə birləşəcək”.
Vüqar İskəndərov görə, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin: “Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Avropa İttifaqının da müsbət yanaşdığı Zəngəzur dəhlizininin açılması region ölkələri üçün yeni fürsət yaradacaq. Ortada bir realılıq var və Ermənistanın o reallığa uyğun addım atmaqdan başqa çarəsi yoxdur”.