“Maraqlıdır ki, kommunikasiyaların açılmasından pozitiv əhvalda danışan Lavrov sərhəd məsələsinin uzun müddət davam edəcək danışıqlar yolu ilə həll edilməsinə eyham vurur. Çünki yeganə vasitəçi Rusiyadır. Üstəgəl, sərhədlər Rusiyada olan sovet xəritələri əsasında müəyyənləşəcək. Həmin xəritələrdə hər şey məlumdur. Əgər belədirsə, bunun uzanmasına nə ehtiyac var? Sərhədlər bəllidir. Onsuz da Azərbaycanın özü sərhədlərin böyük hissəsini müəyyənləşdirib və mövqelərini tutaraq gücləndirib”.
Politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son açıqlamaları haqda fikriniz nədir? Bir tərəfdən Bakıda mühakimə olunan diversantların Ermənistana verilməsini istəyən Lavrov digər yandan Rusiyanın üçtərfli anlaşmalara sadiq qaldığını bildirir...
- Lavrov çıxışında guya Azərbaycan və Ermənistan arasında balansı qoruduğunu göstərmək istəsə də, hesab edirəm ki, tərəf olduğunu ortaya qoydu. Həmin tərəf də Ermənistandır. Çünki özünün də dediyi kimi, erməni diversantların qaytarılması, 10 noyabr sənədi ilə əlaqəli deyil. Həmin diversantlar anlaşmanın əldə edilməsindən sonra təxribat törətdiklərinə görə həbs olunublar. Ayrıca, söhbət humanitar məsələlərdən gedirdisə, paralel olaraq, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi tələb olunmalıydı.
ABŞ və Gürcüstanın təşəbbüslərindən sonra ikinci dəfə bəzi ərazilərin xəritələri Rusiyanın vasitəçiliyi ilə müəyyən sayda əsirin İrəvana qaytarılması fonunda Azərbaycana verildi. İlk xəritələrin düzgünlüyü ən azı 50 faizdən yüksək idi. Azərbaycan balansı qorumaq üçün bu yöndə Rusiyaya da “yaşıl işıq” yandırdı. Yenə də diversantların bir hissəsi müqabilində müəyyən xəritələr Azərbaycana verildi. Həmin xəritələrin doğruluq payı isə cəmi 20 faiz idi. Bu, fırıldaq və yalan deməkdir. Rusiya da bu məsələdə birbaşa məsuliyyət daşıyır. Rusiya Ermənistandan soruşmalıydı ki, niyə bu xəritələrin düzgünlük payı çox aşağıdır?
“20 faiz” o deməkdir ki, ümumiyyətlə, bu, xəritə deyil. Azərbaycan öz gücünə o minaları taparaq zərərsizləşdirib. Üstəlik bu, qarşılıqlı etimadı sarsıdan məsələdir. Bu, Ermənistanla yanaşı, Rusiyaya da etimadı azaldır. Amma Lavrov nədənsə, bu məsələni vurğulamadı. Humanitar məsələlərdən söhbət düşəndə, “Azərbaycanın boynuna biçilmiş mövzular”dan danışırlar, öz öhdəliklərini isə unudurlar. Lavrov Ermənistanın yerinə yetirməkdən qaçdığı öhdəlikləri gözardı edir. Yəni balansı aşkar şəkildə pozur.
Lavrov eyni zamanda 10 noyabr və 11 yanvar bəyanatları əsasında bölgədəki kommunikasiyaların açılması ilə bağlı yaradılmış işçi qrupunun intensiv çalışdığını, Putinin onların fəaliyyətindən razılığını bildirdiyini dedi. Amma biz Azərbaycan adına ortada konkret nəticə görmürük. Ermənistan hələ də Naxçıvanı Azərbaycanın əsas hissəsinə birləşdirəcək dəhlizin mümkünsüzlüyündən danışır. Paşinyandan sonra Ermənistanın yeni Xarici İşlər naziri Ararat Mirzoyan bunu açıq şəkildə Lavrovun yanında dilə gətirdi.
Demək olar ki, 10 noyabr anlaşmasının bir bəndindən – Laçın, Kəlbəcər və Ağdamdakı qanunsuz silahlı birləşmələrin çıxarılmasından başqa qalan müddəalardan heç biri Rusiya və Ermənistan tərəfindən yerinə yetirilməyib. Halbuki bu bəyanatın altında Paşinyanla yanaşı Putinin də imzası var. Bu imza öhdəlik deməkdir. Amma Rusiya özünün maraqları çərçivəsində bu müddəaları reallaşdırmaq istəmir. Hesab edirəm ki, 10 noyabr anlaşmasının 4-cü bəndinin yerinə yetirilməsi ən yüksək səviyyədə və açıq şəkildə Ermənistan və Rusiyadan tələb olunmalıdır. 4-cü maddə Azərbaycan ərazilərindəki ermənilərin qanunsuz silahlı birləşmələrin çıxarılmasını ehtiva edir. Bu məsələ ilə çox ciddi şəkildə məşğul olmaq lazımdır.
Rusiya rəsmiləri, eləcə də Putin “status”dan danışır və onlar bildirirlər ki, bu məsələ gələcəkdə həllini tapmalıdır. Bu isə o anlama gəlir ki, Rusiya gərginliyin saxlanılması üçün Xankəndindəki separatçı rejim və qanunsuz birləşmələrin bölgədə qalmasında maraqlıdır. Cinayətkar Araik Arutyunyanın niyə həbs edilməməsinin cavabını burada axtarmaq lazımdır.
- Lavrov kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun işindən razı olduğunu dedi. Bəs onun bu pozitiv fikrinin arxasında hansı səbəblər var?
- Əlbəttə, kommunikasiyaların açılması Rusiya da marağındadır. Çünki Rusiya yeni bazarlar əldə edəcək, bölgəyə təsir imkanlarını artıracaq. Eyni zamanda, Naxçıvandan İrana çəkiləcək dəmir yolu vasitəsilə Yaxın Şərq və Hindistana qədər böyük bir coğrafiyaya birbaşa çıxış imkanı əldə edəcək. Bu gün Rusiya bu baxımdan Türkiyədən asılıdır. Bu dəhlizlər açılsa, Rusiya Yaxın Şərqdə alternativ yollar qazanacaq. Digər yandan, Rusiyanın Ermənistana birbaşa dəmir yolu xətti olacaq ki, bu da Moskva ilə yanaşı, İrəvanın da maraqlarına cavab verir. Buna görə də, Rusiya bu məsələnin həllində maraqlı tərəf kimi görünür. Amma Rusiya bu yöndə çox da irəli getmək istəmir. Təsadüfi deyil ki, bununla yanaşı, Lavrov Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşməsindən danışdı və bildirdi ki, bu məsələ siyasi və diplomatik yolla həllini tapmalıdır. O, bunun həllinin uzun çəkə biləcəyinə eyham vurdu. Bu o deməkdir ki, Rusiya bu məsələni acı bağırsaq kimi, istədiyi yerə qədər uzatmaq fikrindədir.
- Hansı səbəblərdən?
- Bu məsələ nə qədər uzanarsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması o qədər gecikəcək. Bu da o deməkdir ki, Rusiya tərəflər arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir. Çünki belə bir müqavilə imzalansa, bu, Rusiyanın regiondan çıxması anlamına gələcək, bölgədə qalması üçün heç bir hüquqi zəmin olmayacaq. Buna görə də, Qarabağdakı qanunsuz birləşmələrin saxlanılması və sərhəd məsələsinin həllinin uzanması Rusiyanın maraqlarına uyğundur.
Maraqlıdır ki, kommunikasiyaların açılmasından pozitiv əhvalda danışan Lavrov sərhəd məsələsinin uzun müddət davam edəcək danışıqlar yolu ilə həll edilməsinə eyham vurur. Çünki yeganə vasitəçi Rusiyadır. Üstəgəl, sərhədlər Rusiyada olan sovet xəritələri əsasında müəyyənləşəcək. Həmin xəritələrdə hər şey məlumdur. Əgər belədirsə, bunun uzanmasına nə ehtiyac var? Sərhədlər bəllidir. Onsuz da, Azərbaycanın özü sərhədlərin böyük hissəsini müəyyənləşdirib və mövqelərini tutaraq gücləndirib. İndi Ermənistan de-yure və de-fakto qəbul etməlidir. Bundan sonra sülh müqaviləsindən danışmaq olar ki, Rusiya bunda maraqlı deyil.
- Son bir həftədə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də müdafiə naziri Hulusi Akar Azərbaycanla bağlı açıqlama verdi. Ərdoğan Ermənistana sülh müqaviləsini imzalanmasının vacibliyini xatırlatdı, Akar isə prosesi yaxından izlədiklərini bildirdi. Üçtərəfli anlaşmaların yerinə yetirilməsi prosesinin tormozlandığı vaxtda Türkiyədən hansı həmlələri görə bilərik?
- Geosiyasi səhnədə aktiv görünməsə də, bölgədə “Altılıq” platformasının qurulması, Qarabağ və digər məsələlərlə bağlı Rusiya, hətta Ermənistanla fəal şəkildə işləyir. Məlumdur ki, Türkiyə prezidentinin yaxınlarda Rusiyaya səfəri gözlənilir. Düşünürəm ki, bu səfərdə Liviya və Suriya ilə yanaşı, Qarabağ və “Altılıq” platforması məsələləri ciddi müzakirə predmeti olacaq. Digər yandan, Türkiyənin Ermənistanla diplomatik danışıqlar aparması haqda məlumatlar var. Yəni kulisdə müəyyən proseslər gedir. Bunu dolayısı ilə Paşinyan da təsdiq etdi ki, Türkiyədən bəzi müsbət siqnallar alırlar. Təbii ki, bu siqnallar danışıqlar çərçivəsində ortaya çıxır.
İrəvan anlamalıdır ki, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırsa, o zaman Ermənistanı öz içində saxlayan blokada aradan qalxacaq. Bu halda yeni maliyyə imkanları əldə edən Ermənistan blokadadan çıxaraq, tranzit ölkəsinə çevrilə bilər. Bu da yeni qazanclar deməkdir. Ayrıca, indi İrandan başqa heç bir yerə çıxışı olmayan Ermənistan Türkiyə vasitəsilə Qərbə çıxa biləcək. Ermənistan bunun üçün Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtina etməlidir. Bu yöndə danışıqlar gedir və bu da müsbət məqamdır. Düşünürəm ki, Rusiyanı kənarda saxlayıb, danışıqları ikitərəfli formada apara bilsələr, prosesi daha sürətlə irəli aparmaq olar. Yəni sülh müqaviləsinə çatmaq daha asan olacaq. Ermənistan yenə də Rusiya vasitəsilə Ankara və Bakının şərtlərindən boyun qaçırsa, proses yenə də uzanacaq.
Kommunikasiyaların açılması zaman məsələsidir. Hesab edirəm ki, bir müddət sonra bu xətlər açılacaq. Bu yöndə müəyyən nəticələr əldə etmək mümkündür. Sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin imzalanmasının isə tezliklə baş verəcəyini düşünmürəm. Rusiya süni əngəllərlə buna maneələr yaradacaq. Buna görə də, ikitərəfli danışıqlar vasitəsilə Rusiyanı oyundankənar vəziyyətdə saxlamaq olar.