2 Sentyabr 2021 17:28
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri göstərdi ki, Əfqanıstanda olduğu kimi, Qərbin bu ölkədə də Rusiyanın təsir və nüfuz imkanlarının məhdudlaşdırılması siyasəti fiaskoya uğrayır. Zelenskinin NATO-ya üzvlük istəyi, “Şimal axını 2” layihəsinin qarşısını almaq çağırışları, Kremlə sanksiyaların gücləndirilməsi xahişləri Ağ Ev tərəfindən qulaqardına vurulur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Zelenskinin bu səfərdən gözləntiləri özünü doğrultmadı: “ABŞ-ın Əfqanıstanda başlatdığı dövr Amerika hərbi qüvvələrinin uğursuzluğa düçar olmasından sonra geri çəkilməsiylə başa çatdı. SSRİ-nin çökməsindən sonra ABŞ-ın formalaşdırmağa başladığı “Birqütblü dünya” geosiyasi layihəsi ciddi çatlar verib. Bu da təsadüfi deyil.

Putinin Rusiyada hakimiyyətə gəlməsi ilə həyata keçirilən siyasətlə yanaşı, Çinin dünyada iqtisadi hökmranlığı ələ keçirməsi, Qərb koalisiyasının Liviyadan sonra Suriyada üzləşdiyi uğursuzluq çoxqütblü dünyanın genişlənməsi anlamında qəbul edilməlidir. Üstəgəl, Ukraynanın ardınca MDB-nin digər ölkəsində - Belarusda “rəngli inqilab” həyata keçirmək və beləliklə Rusiyanın təsir dairəsini daha da daraltmaq ABŞ-a qismət olmadı.

Rusiya özünün enerji resurslarını Avropa bazarlarına çıxarması hesabına nəinki duruş gətirdi, üstəgəl, əldə edilən yüz milyardlarla vəsait inflyasiyanın dərinləşməsinin qarşısını aldı. Bu da tətbiq edilən sanksiyaların dağıdıcı gücünü heçə endirdi. Bu vəsaitlərin böyük hissəsi hərbi sahə üçün xərcləndi.

MDB məkanında cərəyan edən hadisələrin müqayisəli təhlili göstərir ki, Azərbaycan hakimiyyəti xarici siyasətdə doğru istiqaməti seçib. Bakı Qərbin istəyinə baxmayaraq, Rusiya ilə münasibətlərini onların istədiyi ştrixlərə gətirmədi. Bu da milli təhlükəsizlik maraqlarımıza adekvatdır. Eyni zamanda, bu, yaxın perspektivdə Ermənistanla münasibətlərdəki mövcud problemlərin həllində təminatçı rolunu oynaya bilər”.

Elşən Manafov Qərbin Rusiyanın Cənubi Qafqazdakı nüfuz dairəsini daraltmağa çalışdığını, amma bunun ən azı yaxın perspektivdə səmərə verməyəcəyini söyləyib:

“ABŞ-ın bu missiyanı Türkiyə vasitəsilə gerçəkləşdirmək cəhdləri də əbəsdir. Çünki Türkiyə özünün NATO-dakı müttəfiqlərinə etibar etmir. Yunanıstan, Fransa və digər bir sıra müttəfiqlər Türkiyə ilə “mehriban düşmən” münasibətlərinə malikdir. Türkiyənin ABŞ-la münasibətləri də rəvan deyil. Belə olmasaydı, Ərdoğan Türkiyənin təhlükəsizliyi naminə Rusiyadan “S-400” sistemləri almazdı. İki ölkə arasındakı münasibətlərdə müəyyən problemlər olsa da, Rusiya və Türkiyə əlaqələri qorumaqda maraqlıdır.

ABŞ-a gəldikdə, onun dünya nəhənginə çevrilmək istəkləri baş tutmadı. ABŞ ordusu NATO-dan kənardakı əsas müttəfiqi sayılan Əfqanıstanı Talibanın ixtiyarına verərək, bu ölkədən rüsvayçı şəkildə qaçdı. Əlbəttə elə bir zaman gələ bilər ki, ABŞ öz müttəfiqi saydığı Ukraynanın da başına bu oyunu aça bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər