14 Sentyabr 2021 22:00
1 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Fransa və ABŞ səfirlərinin Ermənistanda “Qarabağ münaqişəsi” və “statusla” bağlı çıxışları sanki erməni cəmiyyəti üçün “ümid tunelinin” sonunda görünən işıq fonunda qarşılanıb...

- Onların əslində “ümid və təsəlli” verməsi müəyyən dərəcədə ermənilərin hələ də ağıllanmaması deməkdir. Elə “ümidə”, “təsəlliyə” arxayın olaraq da qalacaqlar. Təki ermənilər ancaq “ümid”, “təsəlli” verilsin. Terrorçuya silah, ərzaq, dəstək verilməsin. Bu çox önəmlidir. Bizdə çalışmalıyıq ki, qarşı tərəf daim “bu proseslərlə” məşğul olsun. Əlsində ABŞ və Fransa səfirləri ermənilərə “yaxşılıq” etməyib. Reallıqda onlara “ümid və təsəlli” verməklə bir arxayınlıq yaradırlar. Amma onların arxayınlaşması bizim xeyrimizədir. Düşünürlər ki, “ümid” var vəziyyət dəyişə bilər. Hələ də, anlamırlar Azərbaycanın bu məsələlərdə ermənilərə başqa surpirizləri də ola bilər. Əsas odur ki, biz o torpaqları azad etməklə onları bu istiqamətdə müəyyən dərəcədə ümidsizləşdirmişik. Əgər ermənilər ümidsizləşiblərsə, o “ümidi” onlara başqaları paylamaqla da heç nə olmayacaq. Bir türk şairinin dediyi kimi:

"Ümid kasıbın çörəyi,

ye, Məhmət,

ye, Məhmət..."

Yəni ümidi də çörək kimi yemək olmur. Kasıb da çox ümid bəsləyir ki, çörək olacaq. Amma türk şairi də onu ifadə edir ki, ümidlə çörək olmur.

- İndiki halda bölgədə gərginlik yaratmaq istəyənlərə qarşı Azərbaycan daha hansı formada sərt reaksiyalar verə bilər?

- Azərbaycan öz işi ilə məşğuldur. Yəni kim erməniyə nə vəd verir, versin. Bu, onun öz işidir. Azərbaycan “status” vermirsə, özləri bilərlər. Öz ərazilərində “ümid” dolu bir “status” verə bilərlər. Azərbaycanın birmənalı mövqeyi ifadə olunub. Bu mövqedə də dəyişiklik yoxdur. Ona görə də, bu prinsiplərə baxmaq lazımdır. Kim-kimə “ümid” verəcəksə, Azərbaycandan da rəy öyrənə bilər. Sözsüz ki, Azərbaycandan da rədd cavabı alacaqlar. Ona görə də, bu məsələdə heç bir narahatlıq ola bilməz.

- Laçın və Qaragöldə Azərbaycan-Türkiyə təlimləri fonunda, üç dövlətin Türkiyə, Azərbaycan və Pakistanın birgə xüsusi təyinatlılarının hərbi təlimi reallaşır. Təlimlər bölgədə maraqlı olan qüvvələr üçün hansı mesajları ifadə edə bilər?

- Bu, əslində Ermənistana bir çoxları tərəfindən verilən “ümid” üçün bir cavabdır. Ona görə də, Azərbaycan açıq şəkildə göstərir ki, heç bir ümidlə bu məsələ həll olunmur. Problem ağılla, məntiqlə həll edilir. Bu həll prosesini Azərbaycan real addımlarla nümayiş etdirir. Konkret olaraq keçirilən hərbi təlimlər onu göstərir ki, hər hansı bir şəkildə Azərbaycanla tək bir dövlət olaraq danışmaq və yaxud da ona bu cür baxmaq olmaz. Azərbaycan üç dövlətlə birlikdə tərtib etdiyi platformada yer alır. Bu platformada kifayət qədər də güclüdür. Biz dost olanlarla dost, düşmən olanlara da kifayət qədər ciddi cavab verə bilirik. Ona görə də, hansısa bir səfirin nə deməsi heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan öz yoluna davam edərək problemləri maraqları çərçivəsində həll edir.

- Bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzv dövlətlərlə birlikdə hərbi təlimləri keçirilib. Ermənistan da orada iştirak edib və bunu da qarşı tərəf özü üçün bir təsəlli hesab edir...

- Sözsüz ki, hansısa bir formada təlimlərin keçirilməsinin heç bir mənası yoxdur. Ermənilər müharibə dövründə də KTMT-a ümid bəsləyirdilər. Amma bu təşkilatda olan ölkələr Ermənistana reaksiya vermədi. Onlar ermənilərin bu çağırışlarına reaksiya vermiş olsalar gələcəkdə öz ərazilərinin də bütövlüyünü təhlükə altına almış ola bilərdilər. Nəticədə də heç bir dəstək qazana bilməzdilər. Ona görə də bu illuziyalar bitib. Azərbaycan ərazi bütövlüyünü hətta Ermənistana mütəffiq olan dövlətlər belə tanıyır. Adekvat olaraq isə Azərbaycan azad edilmiş torpaqlarda qardaş Türkiyə ilə birgə təlimləri icra etməklə müəyyən mesajlar da verdi. Bu eyni zamanda bir qardaşlıq hərbi təlimi idi. KTMT-da isə Ermənistanla qardaş olacaq ölkə yoxdur. Hətta Rusiya belə öz maraqlarına görə Ermənistanla müəyyən münasibətləri qoruyub saxlayıb. Müharibədə də Rusiya bölgə reallığına uyğun davrandı. Bunun da hansısa bir əksi olmayacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər