16 Sentyabr 2021 21:14
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq məsələsi var. Bu hərbi əməkdaşlığın təchizat və təminatını Baş Qərargah rəisi həyata keçirir. Amma Azərbaycan dövləti adından müdafiə naziri çıxış edir. Əgər nazir məzuniyyətdə və ezamiyyətdə olsaydı, bu halda onu Baş Qərargah rəisi əvəz edə bilərdi. Amma ezamiyyətdə və məzuniyyətdə olmadığı üçün nazirin özü səfər etməli idi. Odur ki, həm müdafiə nazirinin, həm də Baş qərargah rəisinin eyni anda Ankarada olması çox gözəl hadisədir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Azərbaycan Müdafiə naziri Zakir Həsənov və Baş qərargah rəisi Kərim Vəliyevin eyni anda Ankaraya səfərini şərh edərkən deyib.

O vurğulayıb ki, Ankara səfərində Azərbaycan hava hücumundan müdafiə qoşunlarının komandanı da iştirak edib: “Nəzərə almaq lazımdır ki, belə xoş səfərlər zamanı dövlət adından səlahiyyətləndirilmiş şəxs məsələsi var. Deməli, həmin səlahiyyətli şəxs Azərbaycan adından və həm də konstitusiyaya uyğun olaraq müdafiə naziridir. Buna da Ali Baş Komandan icazə verməlidir”.

C.Nuriyev qeyd edib ki, Türkiyə Azərbaycana yaxın qardaş ölkədir: “Bundan əvvəl səhv etmirəmsə, hərbi əməkdaşlıqla bağlı iki saziş olub. Amma bunlara baxmayaraq Şuşa Bəyannaməsi ən üstün sənəddir. Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi də Azərbaycanda səfərdə olub. Bizim nazir və Baş qərargah rəisinin də Ankaraya səfər etməsi tam qanuna uyğundur. Buna ancaq sevinmək lazımdır”.

Politoloqun fikrincə, bəzi qüvvələr arzu edirlər ki, Azərbaycan və Türkiyə arasında olan bu əməkdaşlıq və müttəfiqlik pozulsun: “Bunu istəyənlərin də kimlər olduğu prinsipcə məlumdur. Onlara belə imkan vermək olmaz”.


Müəllif: Nemət