Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elşad müəllim, Rusiyada II Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı kitab nəşr olundu. Kitabla bağlı fikirləriniz?
- 44 günlük müharibə dövründə Azərbaycan Ordusunun sücaəti dünya dövlətlərinin, xalqlarının böyük marağına səbəb oldu. ABŞ-ın Quru Qoşunlarının komandanı II Qarabağ müharibəsində Azərbaycanın sərgilədiyi taktikanın öyrənilməsinin, bundan sonra ordu quruculuğunda müəyyən korrektələrin vacibliyini vurğuladı. Dünyanın aparıcı dövlətlərinin pilotsuz döyüş aparatlarına marağı artdı. Azərbaycan ilk dəfə müharibə şəraitində pilotsuz döyüş aparatlarından istifadə edib. Bu, Azərbaycanın müharibə taktikasının mühüm bir elementi idi. Sözsüz ki, bu yeni nəsil müharibə idi. Azərbaycan torpaqları 30 ilə yaxın idi ki, Ermənistanın işğalı altında qalmışdı. Erməni tərəfi bu ərazilərdə keçilməz “Ohanyan” xətti yaratmışdı. Amma Azərbaycan Ordusu bu sədləri yarıb keçdi. Bu mənada “Qafqazda fırtına” kitabında Azərbaycanın Ordusunun müharibə aparması təhlil edilib. Çünki Azərbaycan bu müharibədə hədəfinin nədən ibarət olduğunu dəqiq müəyyənləşdirmişdi. “Qafqazda fırtına” kitabının nəşri, həm də dünyanın aparıcı ölkələrində 44 günlük Vətən müharibəsi ətrafında aparılan müzakirələr müasir hərb tarixində Azərbaycanın çox ciddi bir iz qoyduğuna dəlalət edir. Bu onu göstərdi ki, Azərbaycan bu müharibəyə tam bir ciddiyyətlə hazırlaşıb. Məhz bu nəşrdə Azərbaycanın hərbi taktikasına diqqət ayrılıb, mühüm təhlil aparılıb. Bununla yanaşı yüksək tələblərə cavab verən texnika ilə təchiz olunmuş Azərbaycan Ordusunun şəxsi heyəti də olduqca hazırlıqlıdır. Bu, Azərbaycanuın gücünün göstəricisi və tərənnümüdür.
- Ermənistan 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Onlar hələ necə çıxılmaz vəziyyətdə olduqlarını anlamayıblar yoxsa vaxt qazanmağa çalışırlar?
- Ermənistanın və ermənilərin bu cür davranışları heç də təəccüb doğurmur. Dünyada onlar kimi ikiüzlü, mənəviyyatsız bir toplum yoxdur. Çünki onlar üçün heç bir dəyər mövcud deyil. İndi onlar üçün nəsə bir maraqlı bir şey varsa, o da marginal prinsiplərə xidmət edir. Çünki bu xalq başqalarına olduğu kimi heç özünə də hörmət etmir. Bununla bağlı tarixdə çoxsaylı faktlar var. 1988-ci ilin fervralında Sumqayıtda olan hadisələr də göstərdi ki, ermənilər elə öz vətəndaşlarını qətlə yetirdilər. Ona görə özlərinə qarşı belə çirkin planları müqabilində terror həyata keçirən bir xalqdan nə gözləmək olar? Çünki nə erməni xalqı, nə də dövləti kimlərinsə aləti olmaq prinsipindən kənara çıxa bilmir. Onların oyuncaq dövləti bir layihədir. Bu oyuncaq dövlət regionda ona görə yaradılıb ki, ondan gərginlik, qarşıdurmalar yaratmaq üçün istifadə olunsun. Erməni baş nazir Nikol Paşinyan dövlət rəhbərinə yaraşmayan bütün məsələləri nümayiş etdirir. O heç bir məsuliyyət hissi duymadan mövqelərini anındaca dəyişir. Ona görə də Ermənistana və ermənilərə heç vaxt etibar etmək olmaz. Yüz il keçsə də, onlarla hər zaman məsafəli davranmaq lazımdır. Bu dövlətin rəhbəri 10 noyabrda imza atmış olduğu sənəddən irəli gələn məsələlərin icrasından boyun qaçırır. Bu ona dəlalət edir ki, Ermənistan kənar dairələrin əlində oyuncaq dövlətdir. Minalanmış ərazilərin xəritəsi ilə bağlı məsələ də Ermənistanın iç üzünü açıb göstərdi. Eyni zamanda ərazilərin bu dərəcədə minalanması onların vəhşiliyini göstərir. Bu mənada erməni vətəndaşlarının qaytarılması müqabilində təqdim olunan mina xəritələrin dəqiqliyi 25 faiz təşkil edirdi. Bu da onu göstərir ki, bu xalqla, dövlətlə hüquqi, sivil dildə danışmaq çox çətindir.
- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik dövrünü özü üçün sanki bir “təsəlli”, “ümid” hesab edir...
- KTMT Rusiyanın təşəbbüsü və liderliyi ilə yaranan bir təşkilatdır. Təşkilatın nizamnaməsinə uyğun olaraq növbəli şəkildə üzv ölkələr sədrlik edir bu təşkilata. Amma bir ölkənin mövqeyi təşkilatın hər hansı bir qərar verməsi üçün əsas yaratmır. Digər tərəfdən təşkilatın hansı formada addım atacağı olduqca dəqiqliklə reqlamentləşdirilib. Ermənistanın xəyallarına uyğun formada KTMT-nin davranması üçün heç bir əsas yoxdur. Nizamnamədə göstərilir ki, üzv ölkələrin hər hansı birinə hərbi müdaxilə baş verərsə o zaman digər üzv ölkələr ona dəstək olmaq öhdəliyinə malikdir. Amma Ermənistanın ərazisinə heç bir ölkə müdaxilə etməyib. Bu ölkənin bununla bağlı müraciətlərinə və gözləntilərinə Rusiya Prezidenti Vladimir Putin olduqca aydın şəkildə cavab verdi. O qeyd etdi ki, KTMT heç bir halda proseslərə qoşulmayacaq. Çünki müharibə Azərbaycan ərazisində gedir. Ora Ermənistan ərazisi deyil. Bu baxımdan KTMT-də ilk növbədə Ermənistanın hazırkı iqtidarının bu təşkilata münasibəti haqqında aydın təsəvvür var. Paşinyanı hakimiyyətə gətirən dairələr ona Ermənistanın Avrasiya İqtisadi Təşkilatından və KTMT-dən uzaqlaşdırması şərtini qoymuşdu. Yəni bütövlükdə Paşinyanın hakimiyyətə gətirilməsi missiyası Ermənistanın Rusiyanın təsirindən uzaqlaşmasından ibarət idi. Ona görə də Ermənistanın KTMT-də sədrliyi hər hansı bir təsir yaratmayacaq. Təşkilatın digər hər bir üzvü ilə Azərbaycanın olduqca yaxın münasibəti, yaxın əməkdaşlığı mövcuddur. Azərbaycanın KTMT-yə üzv olan dövlətlərlə olan nüfuzu Ermənistandan qat-qat üstündür. Bu da hər bir məqama aydınlıq gətirir.