23 Sentyabr 2021 09:14
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçtərəfli anlaşmaların yerinə yetirilməməsi üçün heç bir maneə yoxdur. Bu anlaşmaların müddəalarının yerinə yetirilməsi, o cümlədən bölgədəki kommunikasiyaların açılması Rusiyanın da marağındadır. İndiki şəraitdə Rusiyanın buna daha çox ehtiyacı var. Bu səbəbdən, müəyyən irəliləyişlərin baş verəcəyinə ümid bəsləyirəm”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyana göndərdiyi məktubda iki ölkə arasındakı dostluq münasibətlərinin daha da gücləndirilməli olduğunu bildirdi. Üstəgəl, İran ordusu Azərbaycanla sərhəd bölgələrində hərbi təlim keçir. Maraqlıdır, İran niyə Azərbaycanla münasibətləri qaydasına salmaq əvəzinə, daha da gərginləşdirir?

- Məsələ budur ki, bölgədə sülh və əmin-amanlığın əsasını qoyan Azərbaycanın qələbəsi İranı narahat edir. Çünki Azərbaycan bu qələbə ilə münaqişədən istifadə yoluyla özünə qarşı bütün təzyiqləri neytrallaşdırıb və regionun ən güclü dövləti olduğunu ortaya qoyub. Eyni zamanda, öz şərtlərini diktə etməkdədir.

Bu baxımdan, İran Azərbaycanın bölgədə aparıcı aktor funksiyasını yerinə yetirməsindən, eyni zamanda həm ölkəmizin, həm də bölgəmizin inkişaf perspektivlərindən narahatdır. Çünki bölgənin inkişaf perspektivləri İranın klassik, ənənəvi maraqları ilə üst-üstə düşmür. Başqa bir önəmli səbəb budur ki, İran heç vaxt qonşuluğunda dünyəvi və demokratik inkişaf yolunu seçən, eyni zamanda, bölgənin digər xalqları üçün model olaraq formalaşan Azərbaycan adlı dövlətin mövcudluğunu həzm edə bilmir.

Uzun illərdən bəri müxtəlif vasitələrlə ölkəmizə transfer etmək istədiyi dini-siyasi və ideoloji faktorların da, eləcə də bölgədə problemli vəziyyətin aradan qaldırılmasına xidmət etməyən digər amillərin İran tərəfindən necə həyata keçirildiyinin şahidi olmuşuq. Bu, gözlərimizin önündə baş verən prosesdir. Bu proses Xəzərin enerji resurslarının istismar edilməsi, həmçinin müvafiq konvensiyanın imzalanması və bölgədə həyata keçirilən enerji layihələrinə İranın münasibəti də hər kəsin yaddaşındadır. Azərbaycan üçün həlledici məqamlarda İranın atdığı addımları hər kəs bilir.

Baş verənlər indiyədək verilmiş bəyanatlarda, bəlağətli nitqlərdə, “qardaşlıq və dostluq”dan dəm vurulan çıxışlarında iranlı siyasətçilərin nə qədər riyakar olduqlarını ortaya qoyur. Onlar hətta öz xalqlarının maraqlarına belə xidmət etmirlər. İranda – öz tarixi torpaqlarında yaşayan 30-35 milyonluq Azərbaycan türkünün, eyni zamanda bu ölkədə yaşayıb bizimlə dost-qardaş olmaq istəyən digər xalqların maraqlarını və xalqların dinc yaşamaq prinsiplərini nəzərə almadan atılan addımlar dost olmayan niyyətlərdən xəbər verir. İranın atdığı addımları əsaslandıran heç bir amil yoxdur.

İran vaxtilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, işğal faktorunun başa çatdığını vurğulayırdı. Bununla yanaşı, Ermənistana dəstək verir. İndi qafaları yarımçıq olan mollaların dillərindən səsləndirilən, əllərinə kağız verilərək oxutdurulan fikirlər tamamilə cəfəngdən ibarətdir. İran bu müharibədə öz haqq işini görən Azərbaycana heç bir dəstək verməyib. Əksinə, yalnız maneə yaradıb. Guya Birinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyini bəyan edirdi, amma digər yandan, Ermənistanı hərtərəfli formada təmin edirdi.

Dəfələrlə Levon Ter-Petrosyan və Robert Köçəryanın dilindən səsləndirilib ki, İran Azərbaycan torpaqlarının işğalı prosesində onlar üçün “həyat yolu” funksiyasını yerinə yetirib. Düşmən üçün “həyat yolu” olmaq, bizim üçün “ölüm mələyi” olmaq deməkdir, bu anlama gəlir. İran bu baxımdan heç vaxt əks bəyanatlar verməyib, həmişə erməniləri “qardaş xalq” adlandırıb. Bəlkə bunun üçün əsasları var, varsa, açıb desinlər. Yəni eyni anda həm erməni ilə, həm də bizimlə “qardaş” olmaq mümkün deyil.

- İranın bu üzü artıq aşkar formada görünür...

- Bu, klassik fars və Şərq hiyləgərliyidir. Adətən bu hiyləgərlik Azərbaycan hökmdarlarının yanlarına soxulmuş fars rəzillərinin timsalında özünü göstərib. Azərbaycan xalqı riyakarlıqla müşayiət olunan bu hiyləgərliyi aydın şəkildə görür. Beş-on nəfər hansısa başıboşun sosial şəbəkələrdə yazdıqları “statuslar”dan ruhlanmasınlar, çünki Azərbaycan xalqının mütləq əksəriyyəti İranın yürütdüyü siyasətin mahiyyətini çox gözəl anlayır.

Başa düşürük ki, bu riyakar siyasət iki qonşu dövlət arasında münasibətlərin normallaşmasına və inkişafına xidmət etmir, əksinə, düşmənçilik toxumu səpir və arzuolunmayan müstəviyə yönəldir. Bunlardan itirən İranın özü olacaq. Bu təhrikedici addımlar hansısa formada effektli nəticəyə gətirib çıxarmayacaq. Sadəcə olaraq, İran bu addımlarla özünün iflas və süqutunu tezləşdirə bilər, başqa bir perspektivi yoxdur. Bu baxımdan, nə qədər gec deyil, yaranmış vəziyyətdən nəticə çıxarmalı və normal, yaxın qonşuluq münasibətlərinin formalaşması istiqamətində addımlar atılmalıdır.

Azərbaycanın regionda atdığı bütün addımlar beynəlxalq hüquq prinsiplərinə əsaslanır. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə həm BMT qətnamələrini icra edib, həm də beynəlxalq hüquq nizamnaməsinin müvafiq müddəalarının tələblərini yerinə yetirib. Eyni zamanda, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində həyata keçirdiyimiz prosedurlar beynəlxalq konvensiyaların və Azərbaycan qanunvericiliyinin tələbləridir. İranın bundan narahat olması və absurd iddialar irəli sürməsinin heç bir əsası yoxdur. Bu, birbaşa İrana aid olmayan məsələdir.

İran Azərbaycan, Türkiyə və Pakistanın birgə təlimlərindən narahatdırsa, bunun hədəfi və məramı hər kəsə bəllidir. İrandan fərqli olaraq, Pakistan və Türkiyə müharibədə Azərbaycana mənəvi və siyasi dəstək verib. İran isə bu prosesdən kənarda qalıb. İran bu iki ölkədən örnək götürərək, ədalət naminə əsl müsəlman həmrəyliyinin necə qavramaq əvəzinə, müxtəlif iddialarla ortaya çıxır. “Üç qardaş” ifadəsi onları qıcıqlandırır. Gəlin, siz də dördüncü qardaş olun. Əgər ola bilmizrsinizsə və özünüzü bizə doğma saymırsınızsa, düşməndən artıq hərəkətlər edirsinizsə, biz sizə dördüncü qardaş gözüylə baxa bilmərik.

Təbii ki, orada bizim qardaş və bacılarımız yaşayır. Onlar İran adlanan dövlətin qurucu xalqının təmsilçiləridir. Amma İranın indiki rejimi bu cür siyasətlə heç vaxt bizə qardaş ola bilməz. İran ən azı müsəlman həmrəyliyi nümayiş etdirən ölkələrdən örnək götürməli, müxtəlif siyasi, dini və ideoloji konspektlər zəminində aravurmaçılıqdan, müsəlman dünyasına nifaq toxumları səpmək niyyətindən əl çəkməli, normal və sivil dövlət olduğunu nümayiş etdirməlidir.

- Yaxın günlərdə Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq. Bu görüşdən gözləntiniz nədir: bölgəmizlə bağlı hansı anlaşmalar əldə oluna bilər?

- Bu görüş önəmli bir mərhələyə təsadüf edir, bir sıra məsələlər var ki, həll edilməli və ortaq məxrəcə gəlinməlidir. Bunlar təkcə Cənubi Qafqazla bağlı deyil, digər regionlarla da əlaqəli məsələlərdir. Hər halda həm cənab Ərdoğan, həm də cənab Putin tərəfindən səsləndirilən fikirlərdən uzlaşma üçün kifayət qədər normal şəraitin olduğunu düşünürəm. Soçi görüşü haqda qənaətim qismən də olsa müsbətdir.

Türkiyənin siyasəti açıqdır, göz önündədir. Eyni zamanda, Rusiya 10 noyabr bəyanatının zəmanətçi tərəfidir, bu prosesdə aktiv şəkildə iştirak edən dövlətdir. Düşünürəm ki, bu görüş ən azı bir sıra məqamların koordinasiya olunmasına, bəzilərinə isə aydınlıq gətirilməsinə zəmin yaradacaq.

- Rusiya sülhməramlılarının, eləcə də bu ölkənin hərbi-siyasi dairələrinin davranışları da Azərbaycan cəmiyyətində suallar yaradır.

- Təbii ki, bəzi məsələrlə bağlı təhrikedici məqamlar həm Azərbaycan, həm də Türkiyə tərəfindən nəzərə alınır. Ola bilsin ki, bu təhrikedici vəziyyət bu görüşün keçirilməsi üçün məyyən rol oynayıb. Əlbəttə, belə bir görüşün keçirilməsində və uzalaşmanın əldə edilməsində maraqlı olmayan dairələr də var. Bu dairələr Rusiyanın öz daxilindədir, ermənilər bu yöndə aktiv şəkildə iştirak edirlər. Rusiya müəyyən qərarların verilməsində iştirak edən müəyyən dairələr var ki, ermənilərin onlara təsir etdiyi məlumdur.

Təbii ki, Rusiya sülhməramlılarının atdığı bir sıra addımlar həm 10 noyabr anlaşmasına, həm də beynəlxalq hüquq normalarına ziddir. Azərbaycanın da bu addımların qarşısını almaq və adekbat tədbirlər görmək üçün imkanları var.

- Ümumən, üçtərəfli anlaşmaların taleyi necə olacaq? Hələ də bir sıra bəndlər yerinə yetirilməyib.

- Üçtərəfli anlaşmaların yerinə yetirilməməsi üçün heç bir maneə yoxdur. Bu anlaşmaların müddəalarının yerinə yetirilməsi, o cümlədən bölgədəki kommunikasiyaların açılması Rusiyanın da marağındadır. İndiki şəraitdə Rusiyanın buna daha çox ehtiyacı var. Bu səbəbdən, müəyyən irəliləyişlərin baş verəcəyinə ümid bəsləyirəm.

Nəzərə almaq lazımdır ki, alt qatda yatan, Rusiyanı narahat edən məqamlar da ola bilər, olsun, bu barədə aşkar danışılmasa da, belə amillərin mövcudluğu hər kəsə bəllidir. Düşünürəm ki, bu məqamlara da yaxın vaxtlarda aydınlıq gətiriləcək. Amma 10 noyabr bəyanatının yerinə yetirilməsi vacib faktor və şərtdir. Bu, yerinə yetirilməsə, Rusiya regionda olan-qalan nüfuzunu da itirəcək. Azərbaycan isə müttəfiqləri ilə başladığı prosesin sonuna qədər gedəcək, öz maraqlarının müdafiəsi istiqamətində müvafiq addımlar atacaq.

İndi XVII əsr deyil ki, imperialist ideyalarla dünyaya öz mövqelərini diktə etməyi bacarasan. Dünya və regiondakı geosiyasi reallıqlar da açıq şəkildə dəyişir, yeni siyasi konfiqurasiyalar formalaşır ki, bunların qarşılığında Rusiyanın öz qonşuları ilə normal münasibət qurması və təhlükəsizlik zolağını təmin etməsi ilk növbədə onun maraqlarına xidmət edəcək.

Qənaətimə görə, münaqişələrin yenidən alovaldırılması çoxmillətli bir ölkə olan Rusiyanın maraqları çərçivəsində olmalı deyil. Bu baxımdan, proseslərin davamında soyuqqanlı davranışların sərgilənəcəyinə, proseslərin hüquqi müstəvidə həyata keçiriləcəyinə ümid bəsləyirəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər