24 Sentyabr 2021 14:05
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il icra olunmamış qaldığını xatırlatmaqla ikili standartların və selektiv yanaşmanın yolverilməz olduğunu bir daha diqqətə çatdırdı. Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, regionda başlıca həllini gözləyən məsələ münaqişə başa çatdıqdan sonra Azərbaycanın Ermənistan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyasıdır:

“Sözsüz ki, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi imzalanmalıdır. Dünya birliyi də anlayır ki, əslində belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin Ermənistanın bu təklifə müsbət reaksıyasının olmaması bölgədə sülh və təhlükəsizliyin qorunmasına çalışan bütün tərəfləri düşündürməlidir”.

Millət vəkili söyləyib ki, bu gün Azərbaycan öz maliyyə vəsaiti hesabına azad olunmuş ərazilərdə irimiqyaslı bərpa işlərinə start verib:

“Azərbaycan dövləti bərpa prosesinə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Ölkəmiz bununla bağlı heç kimdən maliyyə yardımı istəmir. Hazırda azad olunmuş ərazilərdə ən böyük çətinlik Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minalarla bağlıdır. Üstəlik, mina xəritələrinin verilməməsi səbəbindən 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olub, 130 nəfər isə yaralanıb. Eyni zamanda bu gün Azərbaycan dünyada əraziləri ən çox minalanan ölkələr sırasındadır. Sözsüz ki, mina təhlükəsi azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistan isə dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Onun üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir. Məhz bu amil beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı hərəkətverici güc kimi roluna ehtiyac yaradır. Çünki Ermənistan azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim etməyə məcbur edilməlidir”.

Könül Nurullayeva hesab edir ki, bölgədə sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər:

“Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq. Məhz bu konteksdə Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz, əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər