“Minsk Qrupu həmsədrlərinin Azərbaycana təzyiqi bir qədər artıb. ABŞ və Fransa oyundankənar vəziyyətdə qalıblar və Rusiya qədər olmasa da, Qarabağla bağlı danışıqlarda iştirak etmək istəyirlər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Moskvanın Vaşinqton və Parislə münasibətlərində bəlli gərginlikləri olsa da, Kreml bölgədə Türkiyəni sıxışdırmaq məqsədilə həmsədrlik instutunun canlanmasına dəstək verir:
“Üstəgəl həmsədrlər öz aralarında tez-tez görüşür və yenidən oyuna kollektiv şəkildə qayıtmaq üçün müzakirələr aparırlar, o biri tərəfdən ABŞ-ın Ermənistandakı səfiri az qala hər həftə “Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb” tipli açıqlamalar verir, Konqresdə Azərbaycan əleyhinə sənəd üzərindən iş gedir və s.
Azərbaycan prezidenti həmsədrlərə bəlli mesajını dəfələrlə çatdırıb. Birincisi, Qarabağ münaqişəsi başa çatıb, demək müzakirə ediləsi mövzu yoxdur. İkincisi Azərbaycan “status” məsələsini müzakirə etməyəcək, bu mövzu da rəsmi Bakı üçün müharibədən sonra bitib.
Buna baxmayaraq, həmsədrlər dediklərindən dönmürlər və fəaliyyətlərini qaldıqları yerdən davam etmək istəyirlər. Həmsədrlər Bakıya gəlib nəyi müzakirə edəcəklər? Əgər prezident münaqişənin bitdiyini və statusu müzakirə etməyəcəyini vurğulayırsa, həmsədlərə müzakirə üçün hansı mövzu qalır? Həmsədrlər Azərbaycanla Ermənistan arasında süls sazişinin mətnini, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması mövzularını müzakirə etmək istəyərlərsə, bu Azərbaycan üçün optimal variant sayıla bilər. Ancaq onlar Qarabağ mövzusundan kənara çıxmaq istəmirlər”.
Elxan Şahinoğlu qeyd edib ki, belə olan halda bizim iki yolumuz qalır:
“Ya onların səfərləri zamanı təkliflərini dinləyib qeyri-müəyyən “dəyərləndirərik” cavabı ilə hər dəfə Bakıdan yola salmaq, ya da qəti addım ataraq Minsk qrupunun fəaliyyətindən imtinamızı rəsmən bəyan etməkdir. İkinci qərarı verməyə hazırıqsa, bizə qarşı bir müddət təzyiqlərə hazır olmalıyıq. Ancaq daha sonra bizdən əl çəkəcəklərini proqnozlaşdırmaq olar, necə ki, “Qarabağda muzdlular savaşır” saxta tezisini aylarla təkrarladıqdan sonra gerçəklikdən uzaq olduğunu anlayaraq unutdular.
Rusiya həmsədrlik institutu olmadan da keçinə bilər, onsuz da təkbaşına vasitəçidir. Vaşinqton və Paris narazı qalacaq, bir müddət əleyhimizə müxtəlif bəyanatlar yayımlayacaqlar. Ancaq bir müddət sonra duruma alışacaq və bölgənin əsas dövlət Azərbaycanla tərəfdaşlığı ikitərəfli əsasda davam etdirəcəklər. Bununla da beynəlxalq aləm anlayacaq ki, Qarabağ mövzusu bitib və Azərbaycan üçün azad olunmuş bölgələrdə minaların təmizlənməsi və quruculuq işləri əhəmiyyətlidir, kim qoşulmaq istəyirsə, buyursun”.