27 Sentyabr 2021 19:20
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr Azərbaycan xalqı üçün Anım Günü olmaqla yanaşı, həm də milli qürur günüdür. Xalqımız şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir. Preizdent İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə möhtəşəm “Anım yürüşü”nün təşkili, eyni zamanda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə göstərilən ən yüksək ehtiramın göstəricisidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, əldə olunan tarixi Zəfərə görə qəhrəmanlarımıza borcluyuq:

“Azərbaycan xalqının öz liderinə və ordusunun gücünə inamı onu qələbəyə apardı. 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu tarixi Qələbə təkcə torpaqların geri qayratılması deyil, ilk növbədə milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət deməkdir”.

Millət vəkili hesab edir ki, Qarabağ münaqişəsinin həlli ilə bu gün yaranan əsas reallıqlardan biri müharibənin tarixdə qalması, ərazi bütövlüyü probleminin olmamasıdır:

“Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Ali Baş Komandan İlham Əliyevin anım günündə də bəyan etdiyi kimi, əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Məhz bu amil Prezident İlham Əliyevinin mövqeyi ilə hər kəsi hesablaşmağa məcbur edəcək”.

Könül Nurullayeva söyləyib ki, bu gün beynəlxalq aləm Azərbaycanın Qələbəsini qəbul edir:

“Əsas reallıqlardan biri də budur ki, bu gün Azərbaycan bölgədə yeni bir reallıq yaradıb. Bu gün mövcud reallığa uyğun olaraq gündəliyi formalaşdıran tərəf Azərbaycandır. Bütün bu prinsiplər onu deməyə əsas verir ki, Azərbaycan xalqı bundan sonra əbədi olaraq qalib ölkə, müzəffər xalq kimi yaşayacaq”.


Müəllif: Tapdıq Qurbanlı