19 Oktyabr 2021 17:51
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gərginlik qalır, eyni zamanda hər iki tərəf düşünmək üçün vaxt əldə edir. Bu gərginlik hansı həddə qədər inkişaf edə, nə ola və ya əks tərəfə-səngiməyə doğru hərəkət başlaya bilər. Nə Azərbaycana, nə İrana, nə Türkiyəyə, nə də Pakistana, bir sözlə heç bir tərəfə gərginlik lazım deyil. Hərçənd siyasətdən anlayışı olmayan insanlar gələcək münaqişədə bu ölkələrin adını çəkir. Əslində gərginlik Azərbaycan və İran arasındadır. Türkiyə və Pakistan bu prosesdə fəal iştirak etmir. Digər tərəfdən, nə Azərbaycan, nə də İran bu münaqişənin qaynar fazaya keçməsində və inkişafında maraqlı deyil”.

Bu fikirləri Teleqraf.com-a İran-Azərbaycan arasında yaranan gərginliyi şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

Siyasətşünasa görə, İranın təşəbbüsü öz üzərinə götürərək gərginliyin əsasını qoyması və Azərbaycanın qanuni hərəkətlərinə bu qədər əsəbi reaksiyası onlara görə qabaqlayıcı, önləyici və hədələyici səciyyə daşıyır:

“Nəyə görə? Onlar belə düşünür ki, indi İranla beşlik arasında nüvə danışıqlarında fasilə yaranıb, ABŞ öz qəti razılığını verməyib, İrandan müəyyən güzəştlər tələb edilsə də, Tehran buna hazır deyil, İrana təzyiqlər göstərmək istəyirlər və bunun tərkib hissəsi kimi İsrailin hədələyici çıxışları, guya İrana zərbə endirməyə hazırlaşması, İsrail Baş naziri Bennettin ABŞ-a səfəri və s. kimi hallar İrana psixoloji təzyiqdir. Bunların içərisində belə iddia da vardır k, İsrail təyyarələri İrana hücum üçün Azərbaycan ərazisindən istifadə edəcək. Bunun qarşısını almaq üçün İran hədələyici addımlar atdı, bir növ göstərmək istədi ki, qonşu dövlətsən, amma İranla zarafat etmə. Azərbaycan da öz tərəfindən bildirdi ki, sənə cavab verə bilərəm, müttəfiqlərim də var, otur yerində. Beləcə “razborka” İrana ona görə vacib idi ki, işini ehtiyatlı tutsun. Məncə, bu rəsmi-diplomatik məqsədə çatana qədər tərəflərin cəmiyyətində, mediasında, ekspert çevrəsində isterika yaşandı. Hər iki tərəf bir-birini hədələməyə, qorxutmağa çalışdı. Savadı və biliyi olan adamlar buna dözümlə yanaşır və fikir vermir. Sösüz ki, qara kütləni qızışdırmaq asandır. Çünki qara camaat ədalətə köklənir, amma sülhə çox çətinliklə dönür. Azərbaycanda sosial şəbəkələri açanda adama elə gəlir ki, ordumuz yarım saata Tehrana girəcək. Bu, o tərəfdə də var. Bəyəm İranda qaraguruh yoxdurmu? Orada bizə düşmən olan qaragüruh bu saat Bakıya hücum etməklə bizi hədələyir. Amma orada bizə dost olan qaragüruh da İranı hədələyir. Bunlar qaragüruhun xüsusiyyətidir”.

Politoloq ehtimal edir ki, hər iki tərəf öz mövqeyini sərgiləyib, hətta əzələ nümayişi göstərib, cəsarətli olduqlarını ifadə ediblər:

“İndisə ciddi siyasi danışıqlar başlayacaq. Məsələn, İran Xarici işlər naziri Abdullahiyan Moskvaya səfər etdi və orada işarə aldı ki, özünüzü əziyyətə salmayın Rusiya Azərbaycana qarşı olmayacaq. Ən yaxşı halda müşahidə edəcək ki, iki msəlman dövləti bir-birilə savaşır. İran tərəfi də bundan nəticə çıxardı. Nəticə olaraq Abdullahiyan bəyan etdi ki, Bakıya danışıqlara gəlir. Buyurub gəlsin, xoş gəlir. Oturub danışıqlar aparsın”.


Müəllif: Nemət