1 Noyabr 2021 09:14
2 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, müasir Azərbaycan tarixinə nəzər saldıqda əldə edilən qələbənin yaratdığı reallığı necə qiymətləndirmək olar?

- Son iki yüz ildə Azərbaycan ilk dəfə olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal edilmiş torpaqlarını geri qaytarıb. Azərbaycan dövlətçiliyi mövcud olduğu dövrdə heç bir qonşu ölkənin ərazisinə iddia etməyib. Səfəvilər hökmdarı Şah İsmayıl Xətaidən, Nadir Şahdan üzü bəri biz torpaqlarımızı itirmişdik. Amma XXI əsrdə Azərbaycan ilk dəfə itirdiyi torpaqlara sahib çıxdı.

Sovetlər qurulduğu dövrdə də Azərbaycan ərazilərinin bir qismi qonşu ölkələrə birləşdirilib. Tarixi Azərbaycan torpaqları ayrı-ayrı dövrlərdə işğala, təcavüzə məruz qalıb. Azərbaycanın ən böyük xanlıqlarından olan İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalı və onun ərazisin də sonradan mənimsənilməsinə dair faktlar var. Zəngəzur mahalının ermənilərə güzəştə gedilməsi da tarixin acı səhifələrindən biridir. Bütün bunları da onunla əsaslandırıblar ki, Ermənistan ərazisi olduqca kiçikdir və ona görə də onlara əlavə ərazilər verilməlidir. Amma tarixdən də məlumdur ki, bu bölgədə Ermənistan adlı dövlət olmayıb. Ermənilər bu əraziyə gəlmədir. Burada ermənilərə aid heç bir tarixi, dini, mədəni toponomiyaya rast gəlinməyib. Eyni zamanda sözsüz ki, o dövr üçün Zəngəzurun Ermənistan ərazisinə birləşdirilməsi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla, türk dünyası ilə münasibətləri mümkün qədər kəsmək niyyəti idi. SSRİ daxilində dövlətlərarası sərhəd xətti yox idi. Amma dövlətlərin əraziləri, sərhəd xətləri və konkret hərbi topoqrafik xəritələr mövcud olub. Bu da keçmiş sovet məkanında hər bir dövlətin hansı ərazilərə sahib olmasını sərhəd xəttini göstərirdi. Amma buna baxmayaraq Stalindən, Xruşovdan, Brejnevin dövründən ermənilər hər zaman Azərbaycan torpaqlarına iddia irəli sürüb. Onlar Azərbaycan torpaqlarına qarşı iddialarından əl çəkməyiblər. 1988-ci ildən ermənilərin azğınlığı daha da artdı. Hətta baş katib Xruşşovun dövründə belə Azərbaycan ərazilərinə erməni tərəfi iddia qaldırmışdı. O vaxt Mikoyanın başçılığı ilə böyük bir mafiya bu işləri icra edirdi. Amma SSRİ-nin heç bir baş katibi ermənilərin bu iddialarını təmin etməyib və Azərbaycan torpaqlarını ermənilərə güzəştə getməyə razı olmadı.

- Az qala bütün dünyaya meydan oxuyan imperiyanın tərkibində azərbaycançılıq məfkurəsinin qorunub saxlanmasını, güclənməsini təmin edən amillər hansılar idi?

- Millət hər zaman özünün milli hissini, mənliyini, şəxsiyyətini qoruyub saxlayır. İmperiyalar həmişə dağılıb. Nəticədə imperiyaların tərkibində olan dövlətçilik ənənələri mövcud olan xalqlar yenidən öz müstəqilliyini bərpa edib. Dünyada bununla bağlı çoxlu faktlar, misallar var. Lenin siyasəti ilə qurulmuş bir imperiya nəticədə dağılacaqdı. Bunu hər kəs bilirdi. 80-ci illərdən sonra artıq hər kəsdə belə bir təsəvvür yaranmışdı ki, bu imperiya dağılacaq. Nəticədə 88-90-cı illərdə Gürcüstanda, Qazaxıstanda, Baltikyanı ölkələrdə, Azərbaycanda xalqın oyanışını əks etdirən hadisələr baş verdi. Amma Azərbaycanda proseslər bir qədər fərqli məcrada cərəyan etməyə başladı. Müstəqilliyimizin bərpası ermənilərin bizə qarşı torpaq iddiası ilə müşahidə edilirdi. 1988-ci ildə Xankəndində o hadisələri ermənilərlə bərabər törədən şəxslərin əksəriyyəti xaricdən, xüsusən də Suriyadan, Livandan gəlmişdilər. Onları “saqqallılar” adlandırırdılar. O “saqqalılardan” bilinirdi ki, onların hamısı kənardan gəlib. 1988-ci il hadisələrinə qədər orada belə adamlar yox idi. Məhz həmin dövrdən Livandan xüsusi belə qruplar Xankəndində bu cür təxribatları həyata keçirmək üçün gətirilmişdilər. Onu da qeyd edim ki, sovet dövründə İrəvandan Beyruta birbaşa hava reysi vardı. Bu da İrəvana xaricdən təxribat qruplarının gəlməsinə imkan yaradırdı. Həmçinin rerror təşkiları olan “ASALA”nın mərkəzi Livanda yerləşirdi. Ermənilər də bu cür vasitələrdən yararlanaraq uydurma təbliğatlarla məşğul olmağa başladılar. “Böyük Ermənistan” yaratmaq iddiasını ortaya atmağa başladılar. Bunun haqqında da şeirlər, mahnılar yazırdılar. Silva Kaputyan, Zori Balayan bu uydurma məsələlərin təbliğatçıları idi. Ermənistanın olmayan tarixini yazmağa çalışırdılar.

- Ermənilər bu cür təxribatları nə vaxtdan açıq şəkildə etməyə başladılar?

- Ulu öndər Heydər Əliyev Kommunist partiyasının siyasi bürosundan uzaqlaşan kimi ermənilər Xankəndində təxribatlara, təbliğatlara başladılar. 1987-ci ilin sonunda ulu öndər Heydər Əliyev vəzifəsindən ayrıldı. 1988-ci ilin fevralında artıq ermənilər təxribatlara, mitinqlərə başlamışdılar. Amma çox təəssüf ki, sovet hakimiyyətindən ermənilərin bu cür təxribatlarına dəstək vardı. Sözsüz ki, Xankəndində olan bu hadisələrə dövlət öz reaksiyasını verə bilər, qanunsuz aksiyalarıı dağıda bilərdi.

- Sovet hökumətinin Xankəndində ermənilərin təxribat mitinqlərinə göz yumması nə ilə əlaqəli idi?

- O vaxt Aqambekyan gedib Parisdə çıxış etmişdi ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Aqambekyan həmin dövr Qorbaçovun müşaviri idi. Sözsüz ki, bu məsələ ilə bağlı çox böyük söz-söhbət oldu. Amma dövlət rəhbərliyi bununla bağlı konkret mövqe ortaya qoymadı. Çünki Qorbaçov və onun arvadı Raisa Parisdə ermənilərə söz vermişdi ki, Qarabağı ermənilərə verəcəyik”. Amma sonradan bu məsələlərə daha açıq reaksiyalar verilməyə başlandı. Sözsüz ki, bu hadisələr olan vaxt mən də bəlli bir yaşda idim. Artıq hər kəs SSRİ yox müstəqil Azərbaycan haqqında düşünürdü.

- 1991-1993-cü illərdə baş vermiş hadisələrin xronologiyasını necə qiymətləndirmək olar?

- SSRİ-nin dağılması, Rusiyanın yaranması, baş verən çaxnaşmalar fonunda Azərbaycan ikinci dəfə özünün müstəqilliyini bərpa etdi. SSRİ-nin dağılmasında Qərbin də müəyyən rolu vardı. Amma SSRİ tərkibində olmuş xalqlar əsərətin bitməsini arzulayırdı. Böyük qardaşlıq bizə lazım deyildi, bərabarlik tələb olunurdu. Azərbaycanın sərvətləri daşınır, talan edilirdi. Ölkəmizin bütün qazancı ümumi SSRİ büdcəsinə aid idi. 1991-ci ildə SSRİ-nin dağılması fonunda dövlətlər özlərinin müstəqilliyini bərpa etdi. 18 oktyabr 1991-ci ilə qədər Azərbaycana bir sıra təzyiqlər də vardı. Ən böyük təhlükə isə ərazilərin Ermənistan tərəfindən işğalı idi. Ölkəmizin müstəqiliyinin ilk illəri çox çətin bir dövrə təsadüf edirdi. Hakimiyyətə can atan AXC-Musavat cütlüyünü vətən, torpaq o qədər də maraqlandırmırdı. Əsas niyyətləri hakimiyyətə gəlmək idi. Həmin qüvvələr hakimiyyətə gəldikdə isə dövlət idarə edə bilmədilər. Çünki dövlət idarəçiliyində onların heç bir təcrübəsi yox idi. Təsadüf adamlar hakimiyyətdə təmsil olunurdu. Belə olan halda isə Azərbaycan düşmən qarşısında aciz duruma salınmışdı. O dövr hər gün eşidilən xəbər o idi ki, ermənilər torpaqlarımız işğal edir. Belə olan halda xalqımız, dövlətimizin düşdüyü ağır və çıxılmaz durumda güclü liderə ehtiyac vardı Belə lider isə Ulu öndər Heydər Əliyev idi. Azərbaycanın üçrəngli bayrağını ilk dəfə o vaxt Naxçıvandan Ulu öndər Heydər Əliyev ucaltmışdı. Məhz xalqın təkidi ilə hakimiyyət qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanmadan, daxili xaosdan, işğaldan xilas etdi. Onun müdrik siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitlik təmin edildi. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə Azərbaycan torpaqlarının işğalı dayandırıldı. Ermənistanla atəşkəs haqqında razılıq əldə edildi. Bundan sonra Azərbaycanın iqtisadi əsaslarının formalaşması, hərbi sahədə olan məsələləri həll etmək üçün mühüm addımlar atıldı. Əsrin kontraktı imzalandı. Bundan sonra Azərbabaycanın iqtisadi əsasları formalaşmağa başladı. Əldə edilən nailiyyətlər Azərbaycanda bütün sahələrdə inkişafa yol açdı.

- Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Ermənistanın işğalçı dövlət kimi tanınması üçün hansı addımlar atıldı?

- Azərbaycanın milli maraqlarının təminatı üçün Ulu öndər Heydər Əliyev tərəfindən hər zaman konkret addımlar atılıb, hədəflər müəyyənləşib. Lissabonda əldə edilən tarixi uğur bu gün də Ermənistan siyasi rəhbərliyi tərəfindən etiraf edilir. Məhz ulu öndərin diplomatik məharəti ilə bütün dünya Ermənistanı işğalçı, qəsbkar kimi tanıdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasınının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını özündə əsk etdirən 4 məlum qətnamə qəbul edib. Məhz bunlar Azərbaycanın o dövr diplomatik siyasi müstəvidə qazanmış olduğu mühüm və əhəmiyyətli nailiyyətləri idi.

- 30 illik müstəqillik tariximizi ilk dəfə qalib dövlət kimi qeyd etdik. Bu tarixin əhəmiyyətini necə şərh edirsiniz?

- 1918-ci ilin 28 Mayın Azərbaycan müsəlman Şərqində ilk dəfə müstəqil dövlət olub. 38 dövlət tərəfindən tanınıb. 23 ay yaşamasına baxmayaraq dövlətin bütün atributları mövcud olub. Məhz bu qısa zamanda parlament formalaşıb, xarici əlaqələr qurulub. Azərbaycan Xalq Cumhuriyyəti özünün demokratik təsisatları ilə də tarixə düşüb. Azərbaycan tarixində qadınlara da ilk dəfə səsvermə hüququ məhz Xalq Cumhuriyyəti dövründə olub. O dövrdə İngiltərədə, Fransada qadınlara seçim hüququ verilmədiyi halda Azərbaycanda qadınlara səsvermə hüququ verilmişdi. Təəsüf ki, bolşevik işğalından sonra Azərbaycan özünün müstəqilliyni itirdi. 70 illik sovet əsarəti xalqımızın milli mübarizə əzmini, öz dövlətçilik tarixinə olan münasibətini sındıra bilmədi. Nəhayət, 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqillyini yenidən bərpa etdi. Bu günlərdə parlamentdə də bu tarixi hadisələrlə bağlı mühüm qərar verildi. Milli Məclisə təqdim edilmiş qanun layihəsində 28 May Respublika günü, 18 oktyabar isə müstəqilliyin bərpası tarixi kimi qeyd təsdiq edildi. Bu müasir Azərbaycana tarixinə olan ən doğru yanaşmanın məntiqi nəticəsi idi. Azərbaycan öz ərazilərinin 30 illik işğalına son qoyub. Qalib dövlət kimi müstəqilliyimizin bərpası tarixini də böyük ruh yüksəkliyi ilə qeyd edir. Azərbaycan öz müstəqillik tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi uğura imza atmaqla regionda sülhə təhlükəsizliyə böyük töhvə verir. Azərbaycan xalq müstəqillik tarixində öz ərazi bütövlüyünü tarix ədaləti bərpa eməklə bütün dünyaya özünün milli kimliyini bir daha nümayiş etdirdi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər