2020-ci il 10 noyabr tarixli Bəyanatın imzalanmasından 1 il ötür. Azərbaycan, Rusiya Prezidentləri və erməni baş nazirin imzaladıqları Bəyanatla müharibə başa çatıb. Bundan sonra artıq bölgədə yeni bir reallıq yaranıb. Bu Bəyanat ilk növbədə Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirən sənəddir. Mahiyyət etibarilə bu, Ermənistanın kapitulyasiya sənədidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, 44 günə Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü:
"8 noyabr tarixində Şuşanın işğaldan azad olunmasından sonra Ermənistanın təslim olması an məsələsi idi: Suşanın düşmən tapdağından təmizlənməsinin ardınca Azərbaycan Ordusunun noyabrın 9-da 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edilməsi barədə məlumatı yayıldı. Bundan bir neçə saat sonra Ermənistan təslim olduğunu bəyan etdi”.
Millət vəkili hesab edirdi ki, 44 günlük müharibənin nəticələri ilə Azərbaycan yeni reallıq yaratdı: “2020-ci ilin sentyabrın 27-dən Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanan Bəyanata əsasən, inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın Azərbaycana təhvil verildi. Ermənistanla sərhəd bölgələr Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bəyanatda yer alan vacib məqam Naxçıvanın blokadadan azad olunmasını şərtləndirən Zəngəzur dəhlizinin açılmasıdır. Dəhlizin açılması üçün davamlı siyasi proses yürüdülüb. 27 oktyabrda Azərbaycan və Türkiyə prezidentlərinin iştırakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub”.
Azər Badamova görə, regionda son bir ildə Azərbaycanın maraqlarına cavab verən tamamilə yeni reallıq yaranıb:
“Azərbaycan bütövlükdə şərtləri diktə edən tərəfdir. Ölkəmiz ərazi bütövlüyünə xələl gətirə biləcək hər hansı məsələ gündəmdə deyil. Ötən bir ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Azərbaycanın yeni iqtisadi rayonlarının bölgüsü yaranıb. Süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” ərazi bölgüsü ləğv edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkilib. “Dağlıq Qarabağ” adı altında “status” məsələsinə nöqtə qoyulub”.