Azəraycanın 44 günlük Vətən müharibəsində tarixi qələbəsindən sonra yaranmış yeni reallıq artıq bölgədə və qlobal müstəvidə özünü göstərir. Bu reallıq əməkdaşlığı, sülhü, qarşılıqlı əlaqələrin inkişafını özündə ehtiva edir. 10 noyabr 2020-ci ildə imzalanmış bəyanat məhz kommunikasiyaların açılması müqabilində türk dünyası ilə yeni bir əməkdaşlıq platformasının açılmasını hədəfləyib. Bu mənada İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə verilmiş mesajların əhəmiyyətinə xüsusilə toxunmaq vacibdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat qeyd edib ki, türk dövlətlərinin yeni bir formatda öz imkanlarını daha geniş platformada ortaya qoyması üçün Azərbaycan tərəfindən mühüm addımlar atılıb: “Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Bu yüksək qiymət Azərbaycan liderinə, xalqımıza, onun tarixi mübarizədə əldə etdiyi mühüm qələbəyə verilən qiymətdir. Bu gün Azərbaycan və Türkiyənin, eyni zamanda digər türk dövlətlərinin iştirakı ilə mümkün olan əməkdaşlıq və dostluq əlaqələri tarixi dəyərlər üzərində daha da inkişaf edir”.
Millət vəkili hesab edir ki, Azərbaycan bölgədə yeni bir situasiyanı formalaşdırması fonunda bu reallığı özlərinə maneə kimi qəbul edənlər də mövcuddur: “Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra delimitasiya və demarkasiya məsələlərinin gündəmə gəldiyi bu günlərdə sərhəd xəttində və Laçın istiqamətində olan təxribatlar prosesi sabotaj etməyə hesablanıb. Görünən odur ki, Ermənistan daxilində hələ də mövcud reallıqla barışmaq istəməyən qüvvələr var. Amma bütün bunlara baxmayaraq Azərbaycanın siyasi, hərbi iradəsi ortadadır. Qarşı tərəfin atacağı hər bir təxribatçı hərəkətə ciddi şəkildə cavab verilib və bundan sonra da belə hallara qarşı daha qətiyyətli addımlar atılacaq. Ona görə də, Ermənistan hərbi, siyasi rəhbərliyi mümkün qədər qısa zamanda sərhəd və digər məsələlərdə proseslərin məntiqi sonluğa çatmasında maraqlı olmalıdır”.