17 Noyabr 2021 08:05
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı əmindir ki, İrəvanla münasibətlərin normallaşdırılmasının alternativi yoxdur və sülh sazişi imzalamağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu çərşənbə axşamı Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

"Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən davamlı sülhü, inkişafı, tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirir", - diplomat bildirib.

Yaşar Əliyev eyni zamanda sərhəddəki vəziyyəti Ermənistanın təhlükəli revanşist ideyalarının nəticəsi kimi qiymətləndirib.

“Azərbaycan əmindir ki, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”, - o deyib.

Daimi nümayəndənin sözlərinə görə, belə normallaşmanın məqsədi Azərbaycan və Ermənistanın barışıq və dinc yanaşı yaşamasıdır.

Qeyd edək ki, Ermənistan ötən gün növbəti dəfə dövlət sərhədində genişmiqyaslı təxribat törədib.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər