Azərbaycan Ermənistan dövlət sərhədində yeni təxribatın törədilməsində İrəvanın məqsədi nədir, nə üçün bu təxribatları törədir? Münaqişə başa çatıb, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası lazımdır. Dövlət sərhədləri dəqiqləşdirilməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professor bildirib ki, Ermənistan isə bunun əvəzində Kəlbəcər və Laçın rayonları istiqamətində dövlət sərhədində təxribat törətdi: “Əgər delimitasiya və demarkasiya baş verərsə, bu o deməkdir ki, Ermənistan Azərbaycanın dövlət sərhədlərini tanıyır. Deməli, bu təxribatın törədilməsində məqsəd delimitasiya və demarkasiya məsələlərini yubatmaq, Azərbaycanın sərhədlərini tanımamaqdır. Eyni zamanda bu, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının olması anlamına gəlir”.
Millət vəkili hesab edir ki, Ermənistanın belə yanaşması yeni müharibə təhlükəsi deməkdir: “Ermənistan bu təxribatlarda da layiqli cavabını aldı, başa düşdü ki, güclü Azərbaycan qarşısında tab gətirməyəcək. Amma bu insidenti yaratmaqla erməni tərəfi delimitasiya və demarkasiya məsələlərinə dair danışıqları uzatmaq istəyir. Qarşı tərəf gələcəkdə hansısa əlverişli məqamın yaranacağına ümid bəsləyir”.
Musa Qasımlıya görə, Ermənistanın həm Rusiyadan, həm də digər ölkələrdən belə təxribatlarda dəstək almaması bir daha göstərdi ki, bu ölkə masa arxasında oturmalı, yerlərdə sərhədlər delimitasiya olunmalı, daha sonra isə xəritəyə köçürülməlidir”.
Deputatın firkincə, Ermənistan Azərbaycanla mehriban qonşu kimi yaşamasa, onun heç bir gələcəyi yoxdur: “Bu ölkədə düşünürlərsə ki, Rusiya onun əvəzinə gəlib vuruşacaq, çox səhv edirlər. Çünki ermənilər həmişə Rusiyadan yardımlar alıb, əvəzində bu dövlətə xəyanət edib, onu gözdən düşürüblər. Ümimiyyətlə, ermənilər ruslara nifrət edirlər”.