“Brüssel görüşündə yəqin ki, iki dövlət arasında gərginliyin azaldılması, sülh sazişinin bağlanması, sərhədlərin dəqiqləşdirilməsi kimi məsələlər müzakirə ediləcək. Hər bir tərəf öz tələblərini səsləndirəcək. Amma aydındır ki, burada şərt qoyan tərəf Azərbaycandır. Qalib tərəf bizik. Bizim də şərtlərimiz aşağı-yuxarı məlumdur. Biz özümüzün sülhsevər mövqeyimizi ifadə edəcəyik. Cənab prezident də dəfələrlə bildirib ki, artıq müharibə geridə qalıb, indi tərəflər sülhdən danışmalıdır”.
Bu sözləri Teleqraf.con-a Milli Məclisin deputatı Elman Məmmədov gələn ay Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı görüş haqqında danışarkən bildirib.
Deputat deyib ki, Brüssel görüşündə Zəngəzur dəhlizi məsələsi Azərbaycan tərəfindən irəli sürüləcək: “Həmçinin müharibədən sonra Ermənistan dövlətinə aid silahlı qüvvələrin tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması, separatçıların təmizlənməsi məsələsi qaldırılacaq. Çünki reallıq odur ki, separatçılar rus sülhməramlıların nəzarəti altında fəaliyyətini davam etdirir. Sərhəd təxribatlarına son qoyulmalı, Zəngəzur dəhlizi açılmalıdır. Yəqin ki, bütün bu məsələlər Azərbaycan tərəfindən Brüsseldə qaldırılacaq. Bu, Azərbaycanın xahişi də deyil, ölkəmizin süveren dövlət kimi tələbidir. Bu tələblər yerinə yetirilməsə, bunu həyata keçirmək üçün addımlar atmağa məcbur olacaq. Avropa da anlamalıdır ki, Azərbaycanı güc tətbiq etməyə məcbur etməmək üçün Ermənistanı başa salmaq lazımdır. 30 il ərzində həmin beynəlxalq qurumlar bunu etmədi, Ermənistanı qudurtdu və son nəticənin də necə olduğu ortadadır. Yəqin ki, cənab prezidentimiz bu tələbləri qoyacaq”.
Elman Məmmədov ehtimal edir ki, Brüsseldə Ermənistan tərəfi də hər zaman olduğu kimi əsassız və şər-böhtan xarakterli məsələləri qaldıra bilər: “Bunu da təxmin etmək mümkündür. Azərbaycan tərəfi də belə axmaq fikirləri son 30 ildə qəbul etməyib və bundan sonra da etməyəcək. Cənab prezident elan edib ki, status məsələsi tarixin zibilliyinə gedib. Güman edirəm ki, bu məsələlər ətrafında danışıqlar ola bilər”.