“Mənim üçün Rusiyanın mövqeyi aydındır. Rusiya Cənubi Qafqazda öz nüfuzunu qoruyub saxlamaq, regionda prosesləri idarə etmək istəyir. Məncə, buna görə də çalışacaq. Məsələn, Brüsseldən əvvəl təcili Soçidə görüş keçirilməsi o deməkdir ki, özünü regionda nə qədər vacib mövqedə olduğunu Qərb ölkələrinə göstərsin. Həmçinin tərəflərdən birinə təhdidedici münasibət bildirəcək”.
Bunu Teleqraf.com-a Rusiyanın Cənubi Qafqaz siyasətinin indiki məqamlarını şərh edən politoloq Elçin Şıxlı deyib.
Onun fikrincə, Rusiya çalışacaq ki, Zəngəzur dəhlizi açılsın və işlək vəziyyətə gətirilsin: “Belə olduğu təqdirdə Rusiya Ermənistan sərhədinə nəzarət edəcək. Üstəlik həmin dəhlizdə Rusiya Federal təhlükəsizlik xidmətinin və Sərhəd Qoşunlarının hərbçiləri tərəfindən qorunacaq. Yəni Zəngəzur dəhlizinə nəzarət Rusiyanın əlində olacaq”.
Mütəxəssis qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan bütövlükdə Rusiyanın nəzarəti altında olacaq və ona nəzarət güclənəcək. Üstəlik Azərbaycan ərazisində olan sülhməramlılar vasitəsilə bizə hansısa təzyiqlər etməyə çalışacaq. Rusiyanın siyasətinin mahiyyətində bu durur. Amma aydındır ki, ruslar həm də dəyişən dünya ilə ayaqlaşaraq bəzi güzəştlərə getməyə məhkumdurlar. Hesab edirəm ki, ümumən Rusiynın siyasətində dəyişiklik yoxdur, maraq var”.