MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən Sahibə Qafarova deyib ki, münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolu olmuşdur. İki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. Spiker hazırda Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da genişləndirilməsi üçün müvafiq hüquqi bazanın mövcud olduğunu vurğulayıb.
Görüşdə Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, qeyd edib ki, Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Sahibə Qafarova həmçinin ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında da məlumat verib.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da dost ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirərək qeyd edib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir. O, Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında parlamentlərin rolunu da qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.