“Ermənistanda müsbət gəlişmələr var. Son parlament seçkiləri də göstərdi ki, erməni cəmiyyəti iqtisadi məsələləri Qarabağdan daha vacib hesab edir. Buna görə Paşinyana səs verdilər. Əks halda, insanlar niyə müharibədə uduzmuş şəxsə səs versinlər? Təbii ki, onların ictimai şüurunda ciddi dəyişiklik baş verir. Biz də bundan istifadə etməliyik. Hansısa formada Ermənistanla elə münasibətlər qurmalıyıq ki, qalan məsələləri öz aramızda həll edə bilək. İndi Ermənistanın Qarabağla bağlı edə biləcəyi heç nə yoxdur. Hazırda orada Rusiyanın hərbi kontingenti var, bir azdan Ermənistan buradakı hərbi qüvvələrini çıxaracaq”.
Politoloq Azər Qasımlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan, Ermənistan və Rusiya arasında sərhədlərin delimitasiyası və bölgədəki kommunikasiyaların açılması ilə bağlı növbəti üçtərəfli bəyanat imzalandı. Bu yeni anlaşmadan gözləntiniz nədir: bu yöndə hansı gəlişmələr ola bilər?
- Bu sənəddən ciddi gözləntim yoxdur. Çünki bu, əslində keçən il imzalanmış 10 noyabr bəyanatının təsdiqi idi. Bu, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı bəndin təsdiqlənməsidir. Delimitasiyaya gəldikdə, bu, iki dövlət arasında gedən prosesdir. Yəni Azərbaycan və Ermənistan bu məsələni öz aralarında həll etməlidir. Bunun üçün Rusiya və qeyrisinə ehtiyac yoxdur. Düşünürəm ki, bu sənəd imzalanmasaydı belə, delimitasiya prosesi hansısa formada davam edəcəkdi. Bunun özü də asan proses deyil. Məsələ onda deyil ki, bizim aramızda münaqişə var, əlbəttə bu prosesə təsir edir, amma indi elə dövlətlər var ki, aralarında münaqişə olmamasına baxmayaraq, delimitasiya ilə bağlı problemləri var. Buna görə də düşünürəm ki, bu proses uzun zaman aparacaq – bir-iki ilə həll edilən iş deyil. Amma sözsüz ki, proses olaraq davam edəcək.
Yaxşı olardı ki, bu məsələni Azərbaycan və Ermənistan – ikisi oturub danışsın. Hansısa başqa bir ölkə buna müdaxilə edəcəksə, nəsə əldə etmək mümkün olmayacaq. Məsələn, Paşinyan Soçidə nəyəsə razı ola bilər, amma Ermənistana döndükdən sonra fikrini dəyişə bilər.
Hesab edirəm ki, indi Azərbaycan üçün ən önəmli məsələ 10 noyabr anlaşmasının dördüncü bəndidir. Bu bəndə görə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Amma bu indiyədək həyata keçirilməyib. Yəni bu məsələlərin həlli çox vaxt aparacaq.
- Rusiya ilə yanaşı Qərbin – Avropa Birliyi və ABŞ-ın da fəallığı nəzərdən qaçmır. Bəs bu aktivlik nə vəd edir?
- Açığını deyim ki, ciddi bir aktivlik görmürəm. Düzdür, Brüsseldə İlham Əliyev və Nikol Paşinyanın görüşü olacaq, bu müsbətdir, amma yenə də deyirəm ki, iki dövlət və hökumət başçısı kənar iştirakçı olmadan oturub danışsa, bu, daha məqsədəuyğun olardı. Nə Minsk qrupu, nə ABŞ, nə Rusiya, nə də Avropa Birliyinin və ya hansısa kənar oyunçuların iştirakı olmadan anlaşmağa çalışmalıyıq. Aydındır ki, buna imkan verməyəcəklər. Hansısa bir ölkə tapılacaq ki, “gəlin sizi biz barışdıraq, bu prosesdə iştirak edək” deyəcək. İlk növbədə, Rusiyanın prosesə müdaxilə edəcəyini düşünürəm. Rusiya həqiqətən bölgədə sülh istəyirsə, imkan verməlidir ki, bu iki ölkə aralarındakı problemləri özü həll etsin.
Rusiyanın bu aktivliyi fonunda ABŞ və ya Avropa Birliyinin fəallıq nümayiş etdirməsi, müəyyən mənada məqsədəuyğun ola bilər. Sadəcə olaraq, Azərbaycan onları öz tərəfinə çəkməyi bacarmalıdır. Elə oynamalıdır ki, Qərb də Azərbaycanın yanında olsun. Qərbə də o sərf etsin ki, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi, ona qaytarılsın, Fransa da daxil olmaqla heç bir dövlət Ermənistana dəstək verməsin. Hesab edirəm ki, oyunu bu şəkildə qurmalıyıq. Rusiya ilə nəsə əldə etmək çətindir.
Düşünmürəm ki, hazırkı situasiyada Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və Qarabağın bizim olduğunu qəbul edəcək. İndi bunu nə Paşinyan, nə də başqasının çıxıb deyəcəyini zənn etmirəm. Amma biz elə etməliyik ki, onlar irəlidə bunu desinlər. İndi elə bir vəziyyət yaranıb ki, biz ermənilərin üstünə nə qədər getsək də, bunu etməyəcəklər. Heç Rusiyanın özü də bunda maraqlı deyil. Hətta ermənilər desələr ki, “Qarabağ sizindir, götürün”, heç Rusiya buna imkan verməyəcək. Yenə də oradakı erməniləri öz tərəfinə çəkməyə başlayacaq və ya başqa addımlar atacaq ki, proseslər başqa bir yön alacaq. Yəni məsələlərin içində belə həssas məqamlar həddindən artıq çoxdur. Yürüdülən siyasətdə bunlar nəzərə alınmalıdır.
Aktivliyin olması yaxşıdır, amma biz bu fəallığı göstərən ölkələri öz tərəfimizə çəkməliyik. Xarici siyasətimiz bu yöndə çalışmalıdır.
- Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı da gündəmin əsas mövzularından biridir. Hətta Ukrayna kəşfiyyatı açıq şəkildə Rusiyanın işğal hazırlığında olduğunu bildirib. Sizcə, Rusiya belə bir addım ata bilərmi?
- Hər şey mümkündür, amma bu ehtimalı aşağı hesab edirəm. Düşünmürəm ki, Rusiya belə avantüraya gedəcək. Bunun iki səbəbi var. Birincisi, bundan nə qazanacaq? Yəni müdaxilə edib tanklarını Kiyevə qədər aparacaq? Bu elə də asan deyil. Ukrayna 10-20 il əvvəlki Ukrayna deyil. Həm Qərb ona hərbi-texniki dəstək verir, həm də bu illər ərzində öz ordusunu kifayət qədər gücləndirib. Belə bir addımın Ukrayna ilə yanaşı, Rusiya və Putin üçün də böyük fəsadları olacaq.
İkincisi, Rusiyaya qarşı daha böyük sanksiyalar ola bilər. Bu baş versə, Qərb kənarda qalmayacaq. Qərb Ukraynaya elə bir hərbi dəstək verəcək ki, Rusiyanın irəliləmək imkanlarının qarşısı alınacaq. Bunun da Rusiyanın indiki siyasi elitası üçün çox böyük və ciddi fəsadları olacaq. Yəni Rusiyanın öz daxilində buna dirəniş olacaq. Amma belə bir şey olsa, düşünürəm ki, Azərbaycan üçün də müəyyən pəncərələr açıla bilər. Məsələn, indidən hansısa formada anlaşıb Qarabağdakı Rusiya “sülhməramlı”larının çıxarılması kimi. Biz bilirik ki, Rusiya bu bölgədə nə qədər zəif olacaqsa, Qarabağla bağlı məsələləri həll etmək imkanımız daha çox olacaq. Bunun üçün Qərblə işləməliyik.
Ermənistanın özündə də müsbət gəlişmələr var. Son parlament seçkiləri də göstərdi ki, erməni cəmiyyəti iqtisadi məsələləri Qarabağdan daha vacib hesab edir. Buna görə Paşinyana səs verdilər. Əks halda, insanlar niyə müharibədə uduzmuş şəxsə səs versinlər? Təbii ki, onların ictimai şüurunda ciddi dəyişiklik baş verir. Biz də bundan istifadə etməliyik. Hansısa formada Ermənistanla elə münasibətlər qurmalıyıq ki, qalan məsələləri öz aramızda həll edə bilək. İndi Ermənistanın Qarabağla bağlı edə biləcəyi heç nə yoxdur. Hazırda orada Rusiyanın hərbi kontingenti var, bir azdan Ermənistan buradakı hərbi qüvvələrini çıxaracaq.
Təbii ki, Rusiyanın da bölgədəki mövqeyi zəifləyəcək, bu da bizim üçün yeni fürsətlər yaradacaq. Bu baxımdan da, gedən hər bi prosesin müsbət və mənfi tərəfləri var. Amma Rusiyanın Ukraynaya irimiqyaslı müdaxilə ehtimalını aşağı hesab edirəm.
- Gürcüstanda da maraqlı gəlişmələr var. Sabiq prezident Mixail Saakaşvili ölkəyə qayıdan kimi, dərhal həbs olundu və məhkəmədə mühakimə olunur. Hələ də bu sual qaranlıq qalır ki, Saakaşvili niyə həbs olunacağını bilə-bilə Gürcüstana qayıtdı? Bu məsələ ətrafında nələr baş verə bilər?
- Saakaşvili “post-sovet məkanının Çe Gevarası”dır. O, bu məkanın yeganə inqilabçı siyasətçisidir. Bu və digər baxımdan digər siyasətçilərdən fərqlənir. Onun atdığı bir sıra addımları var ki, orta statistik bir siyasətçi bunu etməz. Saakaşvilinin siyasətçi və şəxsiyyət olaraq da gücü bundadır.
Təbii ki, Saakaşvili hər şeyi hesablayıb. O gözləyirdi ki, onun gəlişi Gürcüstan müxalifətini aktivləşdirəcək, insanları onun partiyası ətrafında toplayacaq və bələdiyyə seçkilərində qalib gələcək. Amma bu hesablaması baş tutmadı. Bununla belə, bələdiyyə seçkiləri onu göstərdi ki, Gürcüstan cəmiyyəti iki yerə bölünüb. Ən böyük şəhərlərdə - Tiflis, Kutaisi, Zuqtiti və digərlərində ikinci turda səs fərqi 55-45 faiz arasında oldu. Hətta Kutaisi kimi yerlərdə 49-51 idi. Bu o deməkdir ki, Gürcüstan cəmiyyəti iki yerə bölünüb. Bir hissəsi İvanişvilinin “Gürcü Arzusu” partiyasına, digər hissəsi Saakaşviliyə dəstək verir. Bu seçkilər onu göstərdi ki, Saakaşvili hələ də Gürcüstan siyasi və cəmiyyətində faktordur. Həbsi bunu daha da gücləndirdi.
Son proseslər göstərir ki, Saakaşvili Gürcüstandakı mövqelərini daha da gücləndirəcək. Hər halda o, strateji olaraq düşünüb bu qərarı verib. Onu həbsdə uzun müddət saxlaya bilməyəcəklər. Görünən budur ki, öz istəyinin əlli faizinə nail olub. Qalan faiz müsbətə, mənfiyə doğru da çoxala bilər. Yəqin ki, mənfi yox, müsbətə doğru artacaq.